Borçalı mahalı Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazidi və bu gün heç kimə sirr deyil ki, əslən həmin bölgədən olan soydaşlarımız iş, təhsil və digər səbəblərdən daim Azərbaycanla əlaqəli olmuş, necə deyərlər "bir ayaqları burda olublar".

Eyni zamanda, Bakıda yaşayan əslən Borçalıdan olan azərbaycanlılar istər sosial-mədəni, istərsə də idman tədbirlərinin təşkilində fəallıq göstərir, bununla da birlik və bərabərliyin, həmrəyliyin təmin olunmasına çalışırlar.

Bu il üçüncü dəfə təşkil olunan Borçalı Kəndləri Arasında mini-futbol çempionatı da bu qəbildən olan tədbirlərdəndi. Bir qrup gəncin şəxsi təşəbbüsü və əməyi nəticəsində ortaya çıxan idman tədbirində Borçalı gəncləri boş vaxtlarının səmərəli istifadə olunması və sağlam yaşamaq devizi altında həftədə bir dəfə bir yerə toplaşır, həm əylənir, həm də yarışırlar.

Olduqca geniş arealı əhatə edən futbol birinciliyində soydaşlarımızın kompakt yaşadığı Marneuli, Bolnisi, Qaraçöp, Dmanisi rayonlarını təmsil edən komandalar çempionluq uğrunda mübarizə aparırlar.

çempionatın ilk iki mövsümü ictimaiyyət arasında xoş reaksiya ilə qarşılanıb, zaman-zaman ölkə mətbuatında da özünə yer tapıb.

Bu gün iştirakçı komandaların heyətində istər həvəskar oyunçular, istərsə də karyerasını bitirmiş, hazırda peşəkar səviyyədə çıxış etməyən keçmiş futbolçular çıxış edərək həm gənclərə nümunə olur, onlara istiqamət verir, həm də formadan düşməməyə çalışırlar.

Belə oyunçulardan futbol üzrə milli komandamızın keçmiş üzvləri Elşən Məmmədov, Eşqin Quliyev, Arif İsayev, Paşa Əliyev, Samir Musayevi, futzal millimizin keçmiş qapıçısı Ramil Həsən-Zadəni və digərlərini misal göstərə bilərik.

Yuxarıda qeyd etdiyim kimi, yarış mətbuatın da diqqətindən kənarda deyil və zaman-zaman işıqlandırılır. Amma təəssüf ki, bəzən yanlış anlamalar nəticəsində ortaya neqativ hallar da çıxır.

ötən gün əməkdaşı olduğum saytda yayımlanan, hədəfi tamamilə başqa olan bir məqalədə zarafat və ironiya şəklində yer almış bir cümlə borçalıların və yarış iştirakçılarının etirazı ilə qarşılanıb. Azərbaycan futbolunu müntəzəm izləyən və hadisələrin gedişatından xəbərdar olan oxucularımız asanlıqla sözügedən yazıda çatdırılan mətləbin fərqli olduğunu, məqsədin bu mütərəqqi və xeyirxah işi ləkələmək olmadığını anlayacaqlar.

Borçalı kəndləri arasında çempionatının ilk günündən bu tədbirin içində olan və kəndimizin komandasının yaranmasında fəal iştirak edən, hətta bu çempionatda futbolçu kimi doğma kəndim Faxralının şərəfini qorumuş biri, eyni zamanda hazırda fəal jurnalistika ilə məşğul olan, matc.az saytının əməkdaşı kimi yaranmış anlaşmazlığa aydınlıq gətirmək istədim.

Sizi əmin edə bilərəm ki, həmkarımın yazısında sözügedən çempionata və yarışa aid heç bir qeyri-etik və aşağılayıcı münasibət əks olunmayıb. Yazının hədəfi də, məqsədi də tamam başqadı. İroniya və zarafatla işlədilmiş məlum cümləni isə anlayışla qarşılayacağınıza ümid edirəm.

 

Zaur XUDİYEV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest