"Qələbəyə görə çox şadam. Bura bir neçə gün əvvəl gəlmişəm. Komandaya tədricən uyğunlaşıram. Burada çox yaxşı kollektiv tapmışam. Buna görə də ümidlərimin doğrulduğunu deyə bilərəm. özümü çox yaxşı hiss edirəm və ilk matçımdan sevindiyimi bildirməliyəm".

Matc.az saytı xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Canluka Sansone deyib. İtaliyalı futbolçu Azərbaycan Premyer Liqasının XVI turunda "Keşlə" ilə qarşılaşmada debüt edib. Sansone "flaqman"ın 2:0 hesabı ilə qalib gəldiyi görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Sanki meydana girən kimi komandaya uyğunlaşdınız. Bu, təcrübənizdən irəli gəlirdi, yoxsa...?

- Komanda ilə birgə məşq edərkən oyunçularımızın hansı xarakterə malik olduqlarını tədricən öyrənirdim. Onlarla oynaya-oynaya adaptasiya keçdim və daha çox şey öyrənməyə başladım. Zaman keçdikcə qarşılıqlı anlaşmamız daha yüksək səviyyədə olacaq.

- Əsas heyətdə yerinizi artıq görürsünüz?

- Fikrimcə, bu sual baş məşqçimizə ünvanlanmalıdı. Futbolçuların öz öhdəlikləri var və bunun üçün çalışırlar. Hər şey tapşırıqları necə yerinə yetirməyimdən asılıdı. Qərarı verən şəxs isə baş məşqçidi. Start heyətində yer alıb-almamaq önəmli deyil. Əsas odu ki, hər an hazır olum və komandama kömək edə bilim.

- "Boloniya", "Sampdoriya", "Torino", "Sassuolo" kimi komandalarda oynadıqdan sonra Azərbaycan kimi kiçik futbol ölkəsinə gəlməyiniz geriyə atılmış addım deyil?

- Xeyr, bu, mənim üçün yeni çağırışdı. Bura gəldiyim üçün şad olduğumu deməliyəm. Fikrimcə, Azərbaycan çempionatı yüksəlişdədi və digər güclü çempionatlara baxaraq daha yaxşısını etməyə çalışırlar. Burda yaxşı təcrübə toplamaq və əlimdən gələni etmək istəyirəm.

- İtaliya mətbuatı sizin "Neftçi"yə keçidinizi ən qəribə 3 transferdən biri kimi adlandırmışdı...

- Məncə, bu, qəribə transfer deyil. Sadəcə, bu, hamı üçün yeni xəbər idi. çünki mən Azərbaycan çempionatına yollanan ilk italiyalı futbolçuyam. Əgər qəribə sayırlarsa, bunu pozitiv tərəfdən qəbul edərdim.

- "Qarabağ"la çempionluq uğrunda mübarizə barədə nə deyə bilərsiniz?

- Hələ uzun yol var. Sona qədər mübarizə aparacağıq. Hər oyunda qələbə qazanmaq və xal fərqini ən azı qorumaq çox önəmlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest