Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq "Turan Tovuz"un Müşahidə Şurası baş məşqçi postuna Əsgər Abdullayev, Yunis Hüseynov, Ayxan Abbasov və ya Ramin Quliyevi gətirəcək. İllər sonra yüksək liqada çıxış edəcək komandanın azarkeşləri bu xəbərə nə qədər sevinsələr də, rəhbərliyin qərarları bir o qədər ürək bulandırır.

Kimdi Əsgər Abdullayev? Ələyi çoxdan ələnib, xəlbiri göydə fırlanır. Tovuzlular yeyib-içən olurlar, bu səbəbdən Əsgər bəy sarı "kurtka"sına çox ümid eləməsin. Yəqin ki, "sehrli gödəkçə"sinin təsiri "gücünü" çoxdan itirib...

"Sabah"ı cari mövsümün əvvəlində bataqlığa sürükləyən məhz Ramin Quliyev deyildi?  Masazır təmsilçisi məhz onun qovulmasından sonra özünə gəldi, indi haqq etdiyi avrokubokların astanasındadı.

Ayxan Abbasov özü dediyi kimi, nə xarizması var, nə hörməti. Kiçik büdcəylə onun Tovuz komandasında uğura yaxın düşəcəyi real deyil. Ağlı "Sumqayıt"a getməsin, Riad Rəfiyev kimi mülayim xarakterli bir rəhbərin ona yaratdığı sərbəstliyi nəinki Tovuzda, heç  ömründə görməyəcək.

Yunis Hüseynov işinə ciddi yanaşsa, bəlkə də, özünü sübut etməsi üçün sonuncu variantıdı...

Müşahidə Şurasının sədri Oqtay Abdullayevin özünə isə Müşahidə Şurası lazımdı. Hər açıqlaması paslı darvaza kimidi. Açılıb-bağlananda xoşagəlməz səs çıxarır. Tanışlarını Tovuza sırımaqla deyil ki...

Abdullayev və Abbasovdansa, Tərlan Əhmədov daha layiqdi, amma bir şərtlə ki, indiyədək ona zərbə vuranları, "torba tikənləri" özü ilə Oğuz elinə aparmasın. Adam heç nədən komanda yaratmağı bacarır.

"Turan" bütün türklərin komandasıdı, Tovuzda futbol ənənəsi var, tovuzlulara özündən çox cadu-pitiyə inanan, xarizmasız, iddiasız biri deyil, mübariz məşqçi, hörmətli rəhbərlik lazımdı. Abdullayevlər yox! 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest