Derbi sözünü aşağılamaq olmasın, amma çempionatın bugünkü hər iki oyunu derbidi. Düzdü, "Neftçi", "Keşlə" və "Səbail" "korennoy bakılı"dısa, "Zirə" "kəndçi"di. Əsl bakılıların sayı azalmaq üzrə olduğundan, Zirə təmsilçisini də "şəhər uşağı" saymaq olar. Yayda ilk yubileyini - 5 yaşını qeyd edəcək "Zirə" "uşaq"dısa, onda 2016-cı ildə yaranan "Səbail"ə körpə və ya "malış" deyə bilərik. Amma bu komandaların yaşı az olsa da iddiaları böyükdü - hər iki komanda avrokubokları hədəflləyir. "Səbail" hazırda bu zonada olsa da, "Zirə" sonuncu yerdədi.

Samir Abasovun yaxşı məşqçidi, ancaq acıdildi. Futbol kişi oyunudu, amma deyəsən "Zirə"nin futbolçuları ərköyündü. Gəzən söhbətlərə görə, onlar Abasov şirindil olmayana qədər var gücləri ilə oynamayacaqlarına söz veriblər. Bu isə heç bir peşəkarlıq çərçivəsinə sığmır. Qalan məsələlərdə "Zirə"nin problemi olmamalıdı. Xüsusən oyunçu seçimi baxımından "Zirə"də hər şey yaxşıdı, 3 yox 13 futbolçunu da dəyişəcək geniş heyət var. Yeni alınan legionerlər də forma yığsa məsələ tamamdı. Qalır Abasovun futbolçularının dilini tapması.

"Sumqayıt"da futbolçular da, rəhbərlik də Abasovun xasiyyətinə vərdiş etmişdi. Bu mənada "Zirə"də baş məşqçinin adaptasiya prosesi uzandı. Amma artıq nəticə vermək vaxtıdı. Qış fasiləsindən sonra ilk rəsmi  oyunda bərbad performans ilə yaddaqalan zirəlilərə bukmekerlər inanmır. Onlar Kamran Ağayevin səhvlərindən sonra "Keşlə"ni darmadağın edən "Səbail"ə inanır. Amma Aftandil Hacıyevin komandası da ötən tur qazanılan böyükhesablı qələbəyə baxmayaraq, əlahiddə futbol sərgiləməmişdi. Elşad Əhmədovla Emin Abbasovun bəyənməyib "Sabah"dan qovduğu, İnstantın versiyasına görə "Səbail"dəki ilk oyunundaca turun futbolçusu seçilmiş Elvin Yunuszadə və Aleksey Rıbka uğurlu transferlərdi. Amma komandanın qol vuracaq hücumçusu yoxdu. Bu mənada Samir Abasova diskvalifikasiyaya görə oynaya bilməyən Vüqar Mustafayev, Bəxtiyar Həsənəlızadə və İlkin Qırtımova görə üzülməyə dəyməz. Əsas məsələ hücumda yaratmaqdı. Görünən budu ki, bolqollu qarşılaşma izləməyəcəyik. çox ehtimal, oyunun taleyini 1 qol həll edəcək.

Günün matçı isə heç şübhəsiz 82 yaşlı ağsaqqal "Neftçi" ilə "Keşlə" arasındadı. Son dövrlər "Keşlə"də maliyyə problemlərinin olduğu, maaşların verilmədiyi haqda məlumatlar yayılır. Düzdü, vaxtilə "Keşlə" daha ağır maddi durumla üzləşəndə futbolçular sözü bir yerə qoyub var gücləri ilə mübarizə aparmış və uğurlu nəticələr qazanmışdı. İndi həmin futbolçulardan ikisi - Səlahət Ağayev və Ruslan Abışov "Neftçi"dədi. Bu futbolçularda olan xarakter "Keşlə"nin indiki futbolçularında var, ya yox, meydanda bilinəcək. Yalnız onu bilirik ki, bu qarşılaşma "bürünc" qazandığı komandadan uzaqlaşdırılan baş məşqçi Tərlan Əhmədov, futbol təsərrüfatımızın ən peşəkar kadrlarından olan baş menecer Eldəniz Yusifov, məşqçi Mehman Babayev, "xalq komandası"nın ən istedadlı gənclərindən olsalar da, lazımınca dəyərləndirilməyən Qədir Bayramlı, Cavidan Qasımlı, Orxan Fərəcov üçün çox prinsipialdı. çünki, hələ ötən mövsüm bu adamlar "Neftçi"də idi. "Flaqman"dan heç kimin öz xoşu ilə ayrılmadığı da sirr deyil...

Onlardan başqa "Neftçi"nin yetirmələri Tərlan Quliyev, Slavik Alxasov, Amil Yunanov, Moskva "Lokomotiv"inin yetirməsi Samir Məsimov, Ruslan Əmircanov, Denis Silva vaxtilə "xalq komandası"nda forma geyiniblər. Zaur Axundovun adı son dövrlər tez-tez "Neftçi" ilə hallanır. Bu mənada həddindən artıq prinsipial bir mücadilə olacağını proqnozlaşdıra bilərik. "Neftçi"nin futbolçuları daha səviyyəli olsa da, "Keşlə" futbolçularının ustalıq çatışmazlığını əzmkarlıqla kompensasiya etməyə çalışacaq. Bukmekerlər "Neftçi"ni cütün aşkar favoriti görür, bu da təbiidi.  "Flaqman"ın heyətində bəzi futbolçuların tək qiyməti "Keşlə"nin demək olar bütün komandası ilə eynidi. Amma meydan düz, top yumrudu. Turun oyunu saat 14.00-da "Bakcell Arena"da start götürəcək. Lider, yoxsa kubokun sahibi: kim güclüdü? Bu sualın cavabını gözləməyə saatlar qaldı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest