"Bizim hər oyunumuz çox vacibdi. Oyunların sayı azaldıqca daha vacib olur". Matç.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov deyib.

Yığmamız sabah UEFA Millətlər Liqasının qrup mərhələsində Maltanı qəbul edəcək. Oyunöncəsi mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "çətin səfərdən sonra rəqibi öz meydanımızda qəbul edəcəyik. çətin, fərqli sistemdə oynayan rəqiblə qarşılaşacağıq. Onları tanıyırıq, daha yaxından tanımağa çalışırıq. Bütün diqqətimiz bu matçdadı. İnanıram ki, sabah ən yaxşı oyunumuzdan birini keçirəcəyik. Düşünürəm ki, futbolçularımız buna hazır olacaqlar".

- "Qarabağ"ın oyunlarında futbolçuları yaxşı oyuna, millidə isə nəticə üçün kökləyirsiniz. Eyni futbolçulardan fərqli motivasiyalar tələb etmək sizdə çaşqınlıq yaratmır?
- Yaxşı nəticə üçün yaxşı oynamaq lazımdı. Məşqlərdə istəyirik ki, futbolçular bir-birlərini yaxşı başa düşsünlər. Bəli, fərqli turnirdi. Amma bütün görüşlərdə ilk məqsədimiz yaxşı oyundu. çalışırıq nəticə də göstərək. Nəticə göstərmək üçün daim çalışırıq.

- Farer adaları ilə oyunla müqayisədə sabah heyətdə ciddi dəyişiklik olacaqmı? Həmin matçda sonradan meydana çıxan 3 oyunçunun sabah start heyətində yer almaq şansı varmı?
- Elə ciddi dəyişiklik olmayacaq. Açığı, əsas məşqimiz sabah olacaq. Dünən və bu gün futbolçuların yorğunluğunu nəzərə alaraq, ağır məşq planlaşdırmamışıq. Sabah səhər məşqindən sonra konkret heyəti müəyyənləşdirəcəyik.

- Hələ ki, Kosovonun qapısına yol tapan yeganə komanda ilə qarşılaşacağıq. Onların oyununda bir ay ərzində nə dəyişib və kapitanlarının yoxluğu barədə nə düşünürsünüz?
- Bəli, onlar qrupda hər üç komandaya qol vurublar. Sürətli əks-hücuma çıxa, etibarlı müdafiə oluna bilirlər. Onları yaxından tanıyırıq. Kosovo ilə oyunlarına da baxdıq. Bizi asan oyun gözləmir. Qol vurmaq üçün çox çətinlik çəkməli və müdafiədə diqqətli olmalıyıq. Mifsudun yoxluğunu problem saymazdım. Amma ona böyük simpatiyam var. 37 yaşda belə hərəkətli, peşəkar olmaq bizim də oyunçularımıza nümunədi. Onun olmamasına sevinmirəm. Həmişə istəmişəm ki, rəqib də olsa, tam heyətlə oynasın. Bir oyunçunun yoxluğunun onlara problem yaradacağını düşünmürəm. Hücumda tez-tez dəyişiklik edən komandadı.

- Son matçda Rüfət Dadaşovun çıxışı çoxları tərəfindən bəyənilib. Onu əvvəldən çağırmamaq sizdə təəssüf hissi yaratmır?
- Xeyr, yaratmır. Hər toplanışda yeni adlar olur, dəyişikliklər edirik. çalışırıq ki, hər bir futbolçunu daha yaxşı performansda olarkən dəvət edək. Təəssüf ki, bütün oyunçularda bunu görmürük. Hər halda onları dəvət etməyə məcbur oluruq. Rüfətin çox oyununu izlədik. Komandasını dəyişdi, sonradan zədə aldı. Lazımı vaxtda onu çağırdıq. Əvvəlki görüşlərdə çağırılmamasına üzülmürəm. Hər oyunçumuzun performasını yaxşılaşdırmasına böyük ehtiyacımız var.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest