Premyer Liqada bu il debüt edən "Sabah" peşəkar futbol klubu kimi qeydiyyatdan keçsə də, görünür, oyunçuları hələ tam olaraq peşəkarlıq nədi, necə olur, məlumatları yoxdu. Əks halda, qış fasiləsinə qədər bu klubun sərəncamında olan, fasilədə ayrılan Tural Qürbətov və hazırda da Elşad Əhmədovun komandasında çıxış edən Elgün Nəbiyev arada fürsət tapan kimi həvəskarların yarışında iştirak etməzdilər.

Bakıda keçirilən Borçalı kəndləri arasında futbol çempionatında kəndlərdən birinin şərəfini qoruyan hər iki oyunçu karyeralarını, peşəkarlıqlarını zərbə altında qoyaraq həvəskar futbolçularla "dır-dır" yarışına çıxıblar. Tural hazırda komandada olmasa da, Elgün hələ də iki "cəbhədə" döyüşməyə davam edir.

Borçalı kəndləri arasında yarışın "interes"dən gedən oyunlarından sonra adətən həvəskarlar günə gürcü xəngəli yeməklə davam edir. Uduzan komanda udana qonaqlıq verir. Belə çıxır ki, "Sabah"ın heyətində TPL-də forma geyinən bu futbolçular da bir qarın xəngələ görə sağlamlıqlarını riskə atır.

Görəsən, "Sabah"ın baş məşqçisi Elşad Əhmədovun və Emin Abbasovun futbolçuların bu qeyri-peşəkarlığından xəbərləri varmı? Elgün həvəskarlar üçün nəzərdə tutulmuş ən keyfiyyətsiz süni meydanda sabah hansısa ikili mübarizələrin birində zədə alası olsa, bu gəncin sabahı olmayacaq. O zaman buna kim cavab verəcək? Oyunçusunun harda olmasından xəbərsiz olan Emin Abbasov, yoxsa baş məşqçi Elşad Əhmədov?

Sözün düzü, Əhmədovun özünün peşəkarlığı da həmişə şübhə altında olub. Bir baş məşqçi ki, oyunçusunu matçın ilk hissəsinin bitməsinə 1 dəqiqə qalmış əvəzləyə, buna görə də komandanın əsas müdafiəçisi ona ultimatum verə, toplanışa qatılmaya, hansı peşəkarlıqdan danışa bilərik ki?

Abbasov isə ötən tur oyundan əvvəl "CBC Sport"a verdiyi açıqlamasında "ofis işçiləri öz işlərini layiqincə görüb, qalanı komandalıqdı" deyərək, bütün məsuliyyəti boynundan Əhmədova atmaqla, "peşəkarlıqda" heç də baş məşqçidən geri qalmadığını  göstərdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest