Sabah Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək. Matc.az saytının məlumatına görə, son ölkə çempionu "Qarabağ" ilk oyun günündə "Sumqayıt"ın qonağı olacaq.

 

18:30. "Sumqayıt" - "Qarabağ"

Qış fasiləsindən sonrakı ilk turu fərqli nəticələrlə başa vuran komandaların dueli öncəsi "Qarabağ" aşkar favoritdi. Lakin Sumqayıt səfəri Ağdam təmsiçisi üçün asan görünmür.

 

çempionluq yolunda çətin səfər

Bu komandalar arasında ilk iki dövrənin matçları "Qarabağ"ın meydanında keçirildiyindən, ikinci yarıda ağdamlıları Sumqayıta 2 səfər gözləyir. ötən turda "Qəbələ"nin qonağı olan "Sumqayıt" məğlub olmasına baxmayaraq, heç də zəif təsir bağışlamadı. Hətta komandanın ən azı 1 xala layiq oyun sərgilədiyini də demək olar. Lakin təcrübə öz sözünü dedi və "qırmızı-qaralar" sona yaxın qol vuraraq qalib gəldi. İlk yarıdan fərqli, Ayxan Abbasovun ixtiyarında indi daha geniş heyət var. İran və İsraildən gələn futbolçuların sayəsində komandada rəqabətin artması mövsümün gedişində müsbət təsirini göstərəcək.

Ayxan Abbasovun gəlişindən sonra bir qədər yüksəlişə keçən "Sumqayıt" Avropa Liqasını hədəfləyirsə, "Qarabağ" çempionluq titulunu qorumaq əzmindədi. Son illər ilk dəfə ciddi rəqabətlə üzləşən Qurban Qurbanovun yetirmələri ötən turda "Neftçi" ilə heç-heçə edərək fərqi qapamaq şansını əldən verdi. Bu üzdən "Qarabağ" üçün bundan sonra itiriləcək hər xal komandanı çempionluq yarışından uzaqlaşdıracaq.

 

"Sumqayıt"ın müdafiə problemi

Hər iki komandanın heyətlə bağlı problemi mövcuddu. Son çempion "Neftçi" ilə görüşdə iki aparıcı oyunçusunu itirdi. Qara Qarayev qırmızı vərəqə aldısa, Mahir Mədətov sarı vərəqə limitini doldurdu. Ancaq Qurbanovun ixtiyarında onları layiqincə əvəz edəcək oyunçu sayı kifayət qədərdi. Hər halda Hacıağa Hacılı Qaranın yoxluğunu unutduracaq potensiala malikdi. "Qarabağ"ın hücum və insayd mövqeyində isə yetərincə oyunçu var. Ağdamlı azarkeşlər Reynaldonun meydana çıxmasını səbirsizliklə gözləsələr də, braziliyalı hələ tam hazır deyil.

Eyni sözləri "Sumqayıt" barədə demək olmaz. Uzun müddətdi zədədən əziyyət çəkən Şəhriyar Əliyev yenə kənarda qalacaq. Bəxtiyar Həsənalızadənin də gedişi müdafiənin mərkəzindəki problemi artırıb. Adil Nağıyev hazırda Bəxtiyarın boşluğunu dolduracaq səviyyədə görünmür. Yeni transfer Peyman Keşavarza isə vaxt lazımdı.

 

Ən böyük "silah" - azarkeş

"Sumqayıt" yəqin ki, sabahkı oyuna da 5-li müdafiə ilə çıxacaq. "Qarabağ" isə belə sistemdə çıxış edən rəqiblər önündə çətinlik çəkir. Təbii ki, yuxarıda sadaladığımız problemlərin fonunda "kimyaçılar"ın 3-lü mərkəz müdafiəsinin performansından çox şey asılıdı. Statistika isə sumqayıtlıları bədbinliyə qapılmağa vadar edir. Təsadüfi deyil ki, "Qarabağ" son 13 çempionat oyununda uduzmayıb və bu qarşılaşmaların hamısında rəqib qapısına yol tapıb. "Qarabağ"la son 3 görüşdə qol üzünə həsrət qalan "gənclik şəhəri" təmsilçisinin sabah ən böyük "silahı" azarkeş dəstəyi olacaq. Ancaq bunun "Qarabağ"a hər hansı təsiri olmayacaq. Hər halda, doğma meydanında oynamasına baxmayaraq, indiki vəziyyətdə rəqibdən 1 xal almaq belə, "Sumqayıt" üçün uğur olar. Tilsimi qırmağın da bir yolu var: 90 dəqiqə qapanmaq, qol vurmaqdan çox buraxmamaq barədə düşünmək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest