ötən ilin noyabr ayında "Bank Respublika" ilə əməkdaşlıq müqaviləsi bağlayan "Sabah" klubu barədə redaksiyamıza ilginc məlumatlar daxil olub. Futbol təsərrüfatında addımlarını yenicə atan klubun birdən-birə "Bank Respublika" ilə əməkdaşlıq müqaviləsi bağlaması ictimaiyyətə uğurlu iş kimi təqdim olunsa da, məsələnin pərdəarxası məqamları var.

Mənbənin məlumatına görə, "Sabah"ın prezidenti Maqsud Adıgözəlov əvvəllər bank sektorunda işləyib. O, "AccessBank"da sənəd aparıb-gətirən adi işçi olub. Daha sonra ən yaxın dostlarından biri olan Şakir Rəhimov sayəsində "Kiçik və orta biznes" şöbəsində, daha sonra "Biznes Bankçılığı Departamenti"ndə çalışıb. Şakir Rəhimov həmin şöbənin və departamentin rəhbəri olub. Lakin müəyyən müddətdən sonra Maqsud Adıgözəlov və Şakir Rəhimov bankdan uzaqlaşdırılıblar. Verilən məlumata görə, buna dostların bank rəhbərliyinə verdiyi hesabatlarda uyğunsuzluğun aşkar edilməsi səbəb olub.

2017-ci ilin mart ayında isə Şakir Rəhimov "Bank Respublika" ASC-nin Səhmdarlarının ümumi Yığıncağında bankın Müşahidə Şurasının yeni sədri vəzifəsinə təyin olunub.

2018-ci ilin noyabr ayında isə Maqsud Adıgözəlovun prezidenti olduğu "Sabah" klubu ilə Şakir Rəhimovun sədrlik etdiyi "Bank Respublika" arasında əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanma mərasimində Şakir Rəhimov yox, onun müavini iştirak edib.

Biz deyə bilmərik ki, bu əməkdaşlıq hansı məqsədlə və hansı niyyətlə imzalanıb, ancaq bəllidir ki, bankdan kluba (illik) müəyyən məbləğdə pul vəsaiti ayrılıb. Bundan əlavə, klubun digər hesab əməliyyatlarının da bu bank vasitəsilə aparılacağı istisna edilmir.

Məlumatdan da göründüyü kimi, "Sabah" icraçılarının ictimaiyyətə sırımağa çalışdığı "uğurlu" iş, əslində, sırf dostluq münasibətləri hesabına reallaşıb. Bu əməkdaşlıqdan kimlərin nə qazanıb-qazanmayacağı barədə bir fikir yürütmək istəmirik. Ancaq ümid edirik ki, klubun sponsorlarına uğurlu iş olaraq təqdim olunan bu əməkdaşlıqdan Azərbaycan futbolu qazanacaq. Daha "AccessBank"dakı uyğunsuzluq təkrarlanmayacaq... sportlife.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest