"AFFA-dan təklif almışam". Bunu matc.az saytına açıqlamasında Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi Nikola Yurçeviç deyib.

Azərbaycan millisinə baş məşqçi axtarışlarını davam etdirən AFFA namizədlərin sayını minimuma endirib. Siyahıda adları olan mütəxəssislərlə danışıqlar aparan assosiasiyanın yaxın günlərdə yeni baş məşqçini müəyyənləşdirməsi gözlənilir.

Yığmamızın "sükanı arxası"na keçməyə namizəd mütəxəssislərdən biri də Yurçeviçdi. Hazırda işsiz olan 53 yaşlı mütəxəssis əməkdaşımızla söhbətində bu məlumatı təsdiqləyib. Lakin o, danışıqların təfərrüatı barədə məlumat verməyib: "Bəli, Azərbaycan tərəfi ilə bu barədə danışığımız olub. Ancaq hələlik ətraflı məlumat verə bilmərəm. Yalnız onu deyə bilərəm ki, baş məşqçi postuna namizədlərdən biriyəm. Görüşümüz yaxşı ab-havada keçdi, gözəl söhbətimiz oldu. Bir sözlə, görüşdən təəssüratlarım müsbətdi".

Qeyd edək ki, 2002-ci ildə ölkəsində "Zaqreb" klubunun baş məşqçisi kimi fəaliyyətə başlayan Nikola Yurçeviç növbəti mövsümü Zaqreb "Dinamo"sunda keçirib. O, eyni zamanda Avstriyanın "Austriya" və Xorvatiyanın "Slaven Belupo" komanalarını çalışdırıb. Yurçeviç 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Yurçeviç ötən il mart ayında Zaqreb "Dinamo"sunun baş məşqçisi təyin olunsa da, mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib. Yekunda isə komanda ölkə çempionu olub.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest