"Qəbələ" 2018-2019 mövsümünün ikinci yarısına "Sumqayıt" üzərində 1:0 hesablı qələbə ilə start verib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bununla "qırmızı-qaralar" ötən ilin sonunda başladığı uğurlu seriyaları davam etdirib.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda rəsmi qarşılaşmalarda 6 matçdı məğlub olmur. Son 5 görüşdə qapısından qol da buraxmayan "Qəbələ" ardıcıl 3-cü qələbəsini qazanıb. Hər üç qələbə eyni – 1:0 hesabı ilə olub. Bu seriyalardakı görüşlərdən ikisi kuboka, digərləri Premyer Liqaya təsadüf edib.

ötən ilin sonunda "Qarabağ"a çempionatdakı 1:3 hesablı məğlubiyyətdən sonra Premyer Liqada "Keşlə" (2:1), "Səbail" (0:0) və "Sabah"la (0:0) görüşən komanda sonuncularla iki kubok qarşılaşmasında (1:0, 1:0) da qüvvəsini sınamışdı.

"Qırmızı-qaralar" həm də "Sumqayıt"la görüşlərdəki məhsuldarlıq seriyasını 27-yə çatdırıb. Bölgə təmsilçisi bu rəqiblə keçirdiyi bütün matçlarda qol sevinci yaşayıb. Həmçinin "gənclik şəhəri" təmsilçisi ilə ev oyunlarındakı məğlubiyyətsizlik 14-ə yüksəlib.

"Qəbələ"nin qələbə qoluna imza atan Stiven Monroz komandada 18-ci dəfə fərqlənib. O, bu göstəricidə Aleksey Qay və Kənan Kərimova çatıb. Bu "üçlük" klub tarixinin bombardirləri siyahısında 8-10-cu yerləri bölüşür. Monroz bu qollardan 14-nə Premyer Liqada imza atıb. O, "Qəbələ"nin ölkə çempionatının yüksək liqasındakı bombardirləri siyahısında da 8-10-cu yerlərdə qərarlaşan 3 oyunçudan biridi. Burada onun şərikləri Aleksey Qayla Cavid Hüseynovdu.

Yeri gəlmişkən, kapitan "qırmızı-qara" forma ilə 75-ci çempionat matçına çıxıb.

Qarşılaşma Davit Volkovinin "Qəbələ"də debüt etməsi ilə də əlamətdar olub. O, klubun tarixinə 234-cü futbolçu kimi düşüb. Belə ki, "Sumqayıt"la görüşədək 233 futbolçu müxtəlif turnirlərdəki rəsmi matçlarda klubun formasını geyinmişdi. Davit "qırmızı-qaralar"ın tarixində 135-ci legionerdi. O, indiyədək "Qəbələ"də çıxış edən 11-ci gürcüstanlı futbolçu olub.

Premyer Liqada isə 2 oyunçu debüt edib. İndiyədək yalnız kubok matçlarında şans qazanan Amin Seydiyev də Davit Volkovi kimi ilk dəfə Azərbaycan çempionatında meydana çıxıb. Bu turnirdə "Qəbələ"nin heyətində çıxış edənlərin sayı 216-ya çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest