Bilinən bir şey var "Neftçi"nin bu sponsorluq anlaşmaları boş reklamdan, PR-dan başqa bir şey deyil. Kamran müəllim heç olmasa özündən gənc olsa da, daha bacarıqlı Riad Rəfiyevdən nümunə götürsün. "Sumqayıt" "Traktorsazi" ilə əməkdaşlığa başlayandan dərhal sonra Təbriz klubunun yetirməsini heyətinə cəlb etdi.

ötən ay ölkə futbol təsərrüfatının əsas maliyyə dayağı olan SOCAR-ın vergi yoxlaması ilə silkələndiyi bir vaxtda şirkətin himayə elədiyi klublardan bir(incis)i "Neftçi" yeni sponsorluq anlaşması imzaladı. "Ağ-qaralar"ın "Meqa Sığorta" şirkəti ilə anlaşması Azərbaycan reallıqlarına, proseslərə, baş verən hadisələrə bələd olmayan insanlar üçün adi futbol və ya biznes xəbərindən başqa bir şey olmasa da, məsələnin alt qatlarında maraqlı detallar var.

Belə ki, sözügedən sığorta şirkəti Mikayıl İsmayılova aiddir. O Mikayıl İsmayılov ki, hazırda SOCAR-da vitse-prezidentdi.  Heç kimə sirr deyil ki, "Neftçi" də İsmayılovun kurasiyasına aiddi və kluba ayrılan maliyyəyə birbaşa özü nəzarət edir. Kamran Quliyevin bir gecənin içində prezident təyin edilməsi və onun əli ilə bəzi işlərin görülməsi də SOCAR vitse-prezidentinin istəyinə uyğundu.

Onda görəsən necə olur ki, bir rəhbər öz şirkəti ilə idarə etdiyi başqa şirkət (oxu: klub) arasında sponsorluq müqaviləsi imzalayır?

Həm də bu vurhavur, haray-həşir vaxtında.

Ağla isə sadəcə bir variant gəlir. Və bu variant heç də "Neftçi"ni düşünərək sponsorluq anlaşması imzalandığından xəbər vermir. Dünya praktikasında dəfələrlə bu cür əməllər ifşa olunub, işıq üzünə çıxarılıb. Nə bilmək olar, bəlkə bizdə də bu nə vaxtsa açıqlandı?

Dəqiq olan bir şey var ki, bu müqavilə gözdən pərdə asmaqdan və xalqa "guya ki böyük iş görürük" mesajı verməkdən başqa bir şey deyil.

Mikayıl İsmayılovla adı hallanan həm "Meqa Sığorta", həm də "Vita1000" şirkətləri ilə sponsorluq anlaşmalarını "Neftçi"nin vitse-prezidenti, SOCAR-ın klubdakı ən etibarlı adamı Elnur Eyvazovun həll etdiyi şübhəsizdi. O zaman prezident Kamran Quliyev bunu niyə kluba gətirdiyi mətbuat katibinin əməyi kimi təqdim edir anlaşılmır.

"Bursaspor"la əməkdaşlıq müqaviləsi imzalayan Quliyevin "Neftçi"nin istedadlı yetirmələrinin Türkiyə klubuna göndərəcəyini deyib. Halbuki, gələndən sonra "ağ-qaralar"ın akademiyasının ən istedadlı uşaqlarını klubdan uzaq salıb. Bu haqda saytımıza müsahibəsində ötən mövsüm "Neftçi" Futbol Akademiyasında çalışmış Kamal Quliyev daha ətraflı danışıb.

Bilinən bir şey var "Neftçi"nin bu sponsorluq anlaşmaları boş reklamdan, PR-dan başqa bir şey deyil. Kamran müəllim heç olmasa özündən gənc olsa da, daha bacarıqlı Riad Rəfiyevdən nümunə götürsün. "Sumqayıt" "Traktorsazi" ilə əməkdaşlığa başlayandan dərhal sonra Təbriz klubunun yetirməsini heyətinə cəlb etdi. Amma "Trakstorsazi" azərbaycanlılar üçün daha doğma və ümumiyyətlə, "Bursaspor"dan qat-qat böyük klub olsa da, Riad Rəfiyev nə milyonlarla dünya azərbaycanlısının sevimli klubu ilə uğurlu müqaviləni, nə də futbolumuz qarşısında başqa xidmətlərini reklam edir. Sakitcə işini görür. Və o gec tez daha böyük zirvələrə yüksələcək, daha böyük uğurlar qazanacaq.

Kamran müəllim isə çətin ki, "Bursaspor"un hansısa yetirməsini "Neftçi"yə gətirə bilsin. ümumiyyətlə, "Neftçi" çətin ki, Türkiyə klubu ilə anlaşmadan hansısa fayda görsün. Ona görə də, Kamran Quliyevə qalan elə bu ucuz PR olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest