Azərbaycan millisinin sabiq üzvü, "Neftçi"də həm futbolçu, həm də məşqçi kimi çalışmış Kamal Quliyevin matc.az saytına müsahibəsi

 

"Qarabağ" - "Neftçi" 10 xallıq oyundu"

 

- Premyer Liqada fasilə başa çatdı  və ilk turda Azərbaycan derbisi olacaq...

- Bəli, "Qarabağ" - "Neftçi" oyunu keçiriləcək. Bu oyun qış fasiləsində kimin necə hazırlaşdığını, tətildən düzgün yararlandığını, hansı səviyyədə transferlər etdiyini göstərəcək. çoxları düşünür ki, çempionatın sonuna çox vaxt var, sıradan bir oyun olacaq. Amma məncə, hər iki komanda üçün 10 xallıq və çempionluq matçıdı.

- "Neftçi"nin rəqibindən 3 xal öndə olması bu komandaya psixoloji üstünlük verə bilərmi?

- Bilirsiniz, bunlar qaldı keçmişdə. Nəinki keçmişdə, heç o vaxt biz də belə şeylər fikirləşmirdik. Meydana çıxdınsa, hər şey yaddan çıxır: bu meydan, bu şeytan. 3 xallıq fərq də, kimin lider olması da yaddan çıxır. Hamı yalnız mübarizə aparmağı düşünür.

- "Qarabağ" iki diqqətçəkən transfer etdisə, "Neftçi"nin heyətinə kifayət qədər oyunçu cəlb olundu. Yeni transferlərin derbiyə hansısa təsirini gözləməyə dəyərmi, yoxsa hələ tezdi?

- Əcnəbi futbolçular üçün uyğunlaşma məsələsi dəb düşüb. Elə yerlilərə də aiddi. Bunların hamısı boş şeydi. Oynayan futbolçuya komanda adı fərq eləməz. Guya Kamal Quliyev, Samir Əliyev, Tərlan Əhmədov Ukraynaya gedəndə adaptasiya rol oynadı? Mən ora gedəndə ilk günlərdən elə bilirdim ki, 10 ildi komandanın içindəyəm. Hər şey xarakterdən asılıdı. Bütün bunlar vaxt udmağa hesablanır və transfer müsbət olmadıqda cavabdeh şəxslər üçün bəhanə olur. Ancaq "Qarabağ"da Almeydanın qayıtmağı böyük üstünlükdü. Onun əvvəllər hücum gücünə diqqət çəkirdim. Sonradan "Qarabağ" müdafiə olunarkən Almeydanın komandaya necə böyük köməyinin dəydiyini də gördüm. Riçard elə mövqedə qərarlaşıb ki, həm topla, həm də topsuz işləməlidi. Mən deyərdim ki, Almeyda topsuz da "Qarabağ"a xeyir verirdi.

- "Neftçi" ötən yay aldığı 4 oyunçunu - Rəşad Eyubov, Kvame Karikari, Slavko Braliç və Dario Frederikonu qışda yola saldı. Onlardan ilk üçü, demək olar ki, candərdi qovuldu. Bu qədər uğursuz transfer təsadüfdü, yoxsa rəhbərliyin səriştəsizliyi?

- Bunun bir adı var: düzgün iş görməmək. Atalar yaxşı deyib: Nə tökərsən aşına, o da çıxar qaşığına. Futbolda transfer birinci plandı. Necə seleksiya işi aparacaqsansa, çempionat vaxtı da o cür oyunla qarşılaşacaqsan. Transfer zamanı yüz ölçüb, bir biçməlisən. Elə futbolçu ola bilər ki, komandaya uyğunlaşa bilməz, amma başqa klubda əla çıxış edər. Bu, sistemlə əlaqəli olan şeydi. Kortəbii transferlər komandaya yalnız ziyan vurar. Səhv transfer edə, aldana bilərsən. Amma təsadüf bir dəfə olar, iki dəfə olar. Amma hər transfer dönəmindəki uğursuz seçimlərin arxasında başqa şeylər durur.

"Bordini məşqçi saymıram"

- Sistem bir tərəfə, Rəşad Eyubov və Slavko Braliçin "Neftçi"nin səviyyəsinə görə olmadığı hələ gəlməmişdən görünürdü...

- Mən "Neftçi"yə gedəndə bir sol cinah müdafiəçisi transfer olundu. O, əsas komandada bir oyunda da iştirak etmədi. Əvəzedici heyətə göndərildi, orda da baş məşqçi oynatmağı lazım bilmədi. Amma ona 150 min vermişdilər. Roberto Bordinin təzə gələndə bir müsahibəsini oxumuşdum. Demişdi ki, transferlərə qarışmıram, bunlara rəhbərlik baxır. Bu, gülməli açıqlama idi. Axı baş məşqçi sisteminə uyğun futbolçuların siyahısını rəhbərliyə verməlidi. Deməlidi ki, mənə bu mövqeyə bu tip oyunçu lazımdı. Komandanın istənilən nəticəsinə baş məşqçi cavabdehdi. Rəhbərliyin işi klubu düzgün idarə etmək, nəzarətdə saxlamaq və baş məşqçinin istəklərini yerinə yetirməkdi. "Transfer işinə qarışmıram" deyən adamı şəxsən mən məşqçi saymıram. Nə olsun ki, "Neftçi" bu gün birinci yerdə gedir. Necə yəni transferə qarışmıram, rəhbərlik kimi alsa oynadacam?

- Bəlkə baş məşqçini gətirəndə onunla bu məsələdə belə razılaşıblar?

- Ola bilər. Belə şeylərə vərdiş eləmişik. Bura gələnlər ancaq pulu düşünür. Sabah futbolçunun uğurlu-uğursuz çıxışına sən qiymət verəcəksən, ay baş məşqçi. O zərbəni üzərinə götürmək də hər məşqçinin işi deyil. Baş məşqçilər çox vaxt öz işini qorumaq üçün mətbuat konfransında günahı futbolçuların üzərinə atır. Mən də futbolçu olmuşam. Görmüşəm ki, səhv etsəm belə, məşqçim sinəsini verib zərbələrin qabağına. Sabah onun üçün meydanda necə başımı qoymayım? Təəssüf ki, bizdə belə məşqçi barmaqla göstəriləcək qədərdi. Məsələn, Qurban Qurbanovun, Tərlan Əhmədovun bu xüsusiyyətindən çox xoşum gəlir. çünki onlar bu işin içindən çıxıblar, belə hallarla milyon dəfə rastlaşıblar.

"Azərbaycanda futbol akademiyası düzgün fəaliyyət göstərən yeganə klub "Qəbələ"di"

- Siz "Neftçi"də akademiyanın seleksiya şöbəsinə rəhbərlik etmisiz. Prezident dəyişikliyindən sonra illərin zəhməti ilə yetişmiş bir çox istedadlı  uşaqlar klubu tərk etdi...

- "Neftçi" həmişə istedadlı oyunçuları üzə çıxarması ilə seçilib. Akademiyanın böyük istedadlarından olan Qadir Bayramlı, Mehman Məsimov, Cavidan Qasımlı, Orxan Fərəcov və bir çox başqa istedadlı uşaqlardan şey gözlənilirdi, amma onlar klubu tərk etdi. İstedad digərlərindən fərqləndirilməlidi. Mən o vaxt Mingəçevirdən Yusif Əliyev adlı elə bir futbolçu gətirmişdim ki, gələcəkdə "Neftçi"yə nələr qazandırmayacaqdı ki. Amma ona istənilən şəraiti yarada bilmədik. "Neftçi" o uşaqla yanaşı, 300-400 min dollar pulu itirdi. Həmin 300-400 min dolları əcnəbiyə verəcək, yalvarıb gətirəcəklər. İstedadlı uşaq qayğı görməlidi, onu "bələkdə boğmaq" olmaz. Adlarını çəkdiyimiz uşaqlar da heç nədən itirildi. Onların cüzi də olsa problemini həll etmiriksə, bu işi niyə görürük? Pulu əcnəbilərə vermək üçün? öz uşaqlarımıza 10 min xərcləyə bilmirik, amma yüz minlərlə pulu əcnəbilərə veririk.

- Bəlkə həmin yüz minlərdə şəxsi maraq var? ümumiyyətlə, rəhbərlik həmin gəncləri tanıyırdımı?

- Marağı olmasa, bunu edər? Dəfələrlə həm Ceyhun Sultanov, həm də digərinə bu uşaqlar barədə məlumat vermişəm. Bildirmişəm ki, onların problemlərini həll etmək lazımdı. çünki bu uşaqlar "Neftçi" klubunun "kassa"sıdı. Onlara qayğı olsa, sabah əcnəbilərə yüz minlər xərcləmək lazım gəlməyəcək. üstəlik, həmin yerlilər də əcnəbilər kimi, 200-300 min maaş istəməyəcək. Əcnəbinin pulu bir gün gecikəndə ağız-burnunu əyəcək, ayağını tutacaq, məhkəməyə verəcək. Amma özümüzünkülər kluba görə başını meydana qoyacaq. Bunları görə-görə gəlmişik.

- "Neftçi"nin prezidenti Kamran Quliyev "Bursaspor"la əməkdaşlıq müqaviləsi zamanı deyib ki, istedadlı uşaqlar ora gedəcək. Belədə sual yaranır ki, əldə olan istedadları niyə qorumadılar?

- Əlbəttə, sən birinci özününkünü qoru də. Niyə sənin futbolçunu özün yox, "Bursaspor" yetişdirməlidi?! Heç kimin xətrinə dəyməsin, amma Azərbaycanda yeganə klub "Qəbələ"di ki, orda futbol akademiyası düzgün fəaliyyət göstərir. Akademiyanın ayrı büdcəsi olmalıdı. "Qəbələ" Futbol Akademiyasının komandaları ildə neçə dəfə xarici ölkələrdə turnirlərə qatılırlar. Uşaqlar belə yarışlarda yetişir, ölkə çempionatında yox. Mərdəkanda futbolçu necə yetişsin?! "Dalğa arena"da adamı külək aparır. Futbolu uşağa sevdirmək əvəzinə, onu iyrəndiririk, futbola qarşı nifrət hissi oyadırıq. çünki o şəraitdə futbol oynamaq olmaz. Orda külək təkcə uşağı yox e, böyük adamı da aparır.

- Şəraitdən söz düşmüşkən, "Neftçi"nin uşaqları hansı şəraitdə məşq edirdilər? O şəraitdə dünya səviyyəli futbolçu yetişdirmək mümkündümü?

- Bizim klublarda hamı əsas komandanı fikirləşir. Gələcəyi düşünən yoxdu, bu günlə yaşayırlar. Bu günlə də yaşayırıqsa, vay halımıza... "Neftçi"də kim millidə oynayırsa, ona qalmağa yer, yemək verirlər. Rayondan dəvət olunan futbolçulara da həmçinin. Milliyə çox adam kiminsə, nəyinsə hesabına dəvət ala bilər... Amma istedadlı uşaqlar da var. "Neftçi"nin futbol məktəbi həmişə istedadlarla zəngin olub. çünki valideynlərin əksəriyyəti uşağını bu kluba aparır. çünki "Neftçi" bir nömrəli komandamız olub. Şəxsən mən "Neftçi"də işlədiyim müddətdə akademiyadakı uşaqlara diqqət-qayğının aşağı səviyyədə olduğunu gördüm...

"Bu insanlar "Neftçi"yə gələndən sonra çox perspektivli uşaqları itirdilər..."

 - Oğlunuzu "Neftçi"nin akademiyasına yazdırarsınız?

- Heç vaxt! Böyük oğlum oynayırdı, keyfiyyəti də pis deyildi, tənbəllik elədi. Amma kiçik oğlumu Allah futbolçu kimi göndərib. İnşallah, yaxın 10 ildə Ağaseyidin adını hamı eşidəcək. Hələ 4 yaşı var, 10 yaşlı futbolçunun hərəkətlərini edir. Onu "Qəbələ"yə yazdıracam. Hər gün Sumqayıtdan Qəbələyə məşqə aparıb-gətirərəm, burdan-bura "Neftçi"yə qoymaram. "Neftçi"də akademiya üçün hər cür şərait var. Bircə qalır uşaq yetişdirmək, vəssalam. Onu da etmirlər.

- Maraqlıdı, bəs Kamran Quliyevin iş prinsipi necə idi? ümumiyyətlə, onu "Neftçi"yə layiq prezident sayırsınız?

- Açığı, onunla işləməmişəm. O vaxt mən millidə oynayanda bəlkə orda hansısa işi görüblər, bilmirəm. Onlar gələndən sonra müqavilə müddətim bitdi, məni orda görmək istəmədilər. çünki onların dəstəsindən deyiləm. Bu gün futbolda hər kəsin "kruq"u var, kim hara gedirsə, öz adamını aparır. 10 il əvvəl birinə əyri baxmısan, deyir ki, yadına gəlirmi 10 il əvvəl mənə baxış tərzin? "Neftçi" rəhbərliyinə də düzünü deyən insan sərf eləmədiyi üçün mənim qalmağımı istəmədilər. Başladılar mənə ləkə yaxmağa. Bəli, SOCAR rəhbərliyi ilə görüşdüm, hər şeyi necə varsa dedim. Elə bir insanam ki, səhvim varsa, başımı kəssən də, milyon versən də, ikinci dəfə ora qayıtmaram. Onlar kimi vəzifə, pul hərisi deyiləm. "Neftçi"də indiyə qədər bir rəhbər görmüşəm, o da Sadıq Sadıqov. Bu kluba onun kimi adam lazımdı. Komanda uğursuz çıxış edir, bazanın işçilərinə deyirlər, futbolçuların qarşısını kəsib deyin ki, niyə zəif oynayırsınız? Belədisə, rəhbərlik nə işlə məşğul olmalıdı? İndiki prezidentin cəmi 1-2 iclasında oldum. Deyir, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Hamı "Neftçi"yə gələndə deyir ki, uşaqlıqdan bu klubu sevirəm. Bizim dövrümüzdə olan patriotluq indi yoxdu. O vaxt taylarımız pul qazananda, biz Sumqayıtda iki il pulsuz oynadıq, patriotluq edirdik. Amma indi rəhbərliyindən tutmuş, futbolçusuna qədər, belə bir şey yoxdu. Onların da işlərinin nəticəsini gələcək göstərəcək. Bircə onu deyə bilərəm ki, bu insanlar "Neftçi"yə gələndən sonra çox perspektivli uşaqları itirdilər. Bununla da bildim ki, iş prinsipləri nədi...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest