Azərbaycan Premyer Liqasında qış fasiləsi, nəhayət ki, bu gün başa çatacaq. Matc.az saytının məlumatına görə, ilk gündə 2 qarşılaşma keçiriləcək.

4 paytaxt təmsilçisinin meydana çıxacağı oyunlarda "Zirə" "Sabah"ı (16:30), "Keşlə" isə "Səbail"i (19:00) qəbul edəcək. Təbii ki, uzun fasilə və heyətlərdəki dəyişikliklərin fonunda ilk turdan etibarən komandalardan əlahiddə oyun gözləmək yersiz olar. Həm yenilərin kollektivə uyğunlaşması, həm də çempionata yenidən adaptasiya vaxt tələb edir. Məhz bu səbəbdən rəqiblərin ilk turda "Neftçi", "Qarabağ" və ya "Qəbələ" olmaması, güclərinin aşağı-yuxarı eyni olması 4 komandanın hər biri üçün üstünlükdü.

İlin açılış oyununda iki sürpriz komanda üz-üzə gələcək. ötən mövsümün dördüncüsü olan "Zirə" bu dəfə qış fasiləsinə "zirzəmi"də yollanmışdısa, debütant "Sabah" ilk "üçlüy"ü təqib edir. Digər cütlükdə isə transfer dönəmindən heç də yaxşı yararlanmayan "Keşlə" ilə "Səbail" üz-üzə gələcək. Komandaları tək-tək dəyərləndirsək, kimin fasilədən necə yararlandığını görərik...

"Zirə"

Mövsümə Ayxan Abbasovla başlayıb, Samir Abasovla davam edən "Zirə"də heyət kasad idi. Komanda, xüsusən də, qol yollarında əcnəbi hücumçulara ehtiyac duyurdu. Abasov qış fasiləsində bu boşluğu doldurmağa çalışdı. Robin Nqalande, İsmail Fofana, Mfo Kqasfane və Xulio Sezar Rodrigesin komandanın hücum potensialını artıracağı şübhəsizdi. Transfer edilən 4 əcnəbi oyunçu özünü doğrulda bilsə, "Zirə"nin autsayderlər zonasından çıxacağı tarix çox uzaqda deyil. Sadəcə, bəzi transferlərin gec reallaşması uyğunlaşma baxımından zaman ala bilər. "Sumqayıt"da müdafiənin lideri olan Bəxtiyar Həsənalızadənin gəlişi də, şübhəsiz ki, arxa xətdəki gücü artıracaq.

Samir Abasov Antalyada komandasına 2 həftəlik toplanış keçdi. Əlverişsiz hava ilk yoxlama görüşünün ləğvinə səbəb oldu. Keçirilən 3 oyunda 2 qələbə ("Voluntari" - 1:0, "Tambov" - 2:0) və bir bərabərlik ("Paksi" - 1:1) "Zirə"nin ciddiyyətindən xəbər verir.

Qeyd edək ki, TOPAZ ekspertləri 266 gün sonra doğma meydanda oynayacaq "Zirə"ni bu oyunun favoriti hesab edir.

"Sabah"

"Sabah" hamıdan tez - yanvarın 2-də Türkiyəyə getdi, 20 gün qonşu ölkədə hazırlıq keçdi. Baş məşqçi Elşad Əhmədov yetirmələrini 4 yoxlama görüşündə sınadı. "Əskişəhərspor"la (Türkiyə) MTK (Macarıstan) üzərində qazanılan 1:0 və 3:1 hesablı müvafiq qələbələr paytaxt təmsilçisində işlərin qaydasında getdiyini göstərirdi. ümumiyyətlə, bakılılar toplanışı məğlubiyyətsiz başa vurdular. Təbii ki, bu, qalibiyyət ruhunun formalaşması baxımından önəmlidi. Qazaxıstan "Tobol"u (2:2) və İsveçrə təmsilçisi "Sion"un U-21 komandası ilə (4:4) oyunlar da hücum xəttində vəziyyətin ürəkaçan olduğunu ortaya qoydu. Ancaq "Sabah"ın müdafiədə axsaması Əhmədovu narahat etməyə bilməz.

Qış transferlərinə nəzər yetirsək, yola salınan 7 oyunçunun, onsuz da, bir xeyir vermədiyini görərik. Bunun fonunda hələlik Rəşad Eyubov, Təmkin Xəlilzadə və Coşqun Diniyev heyətə cəlb olunub. Xüsusən də, Təmkinin komandanın gücünə güc qatacağına şübhə yoxdu. Elə Diniyev də ilk "üçlüy"ə iddia edən klub üçün yaxşı seçimdi. Buna əlavə olaraq Cavid İmamverdiyevin formaya düşməsi rəqiblərin başının daha çox ağrıyacağına işarədi.

"Keşlə"

Qış fasiləsinin fəal komandalarından olan "Keşlə" heyətində kifayət qədər "təmizləmə işləri" apardı. ötən yay komandaya qoşulan Bahodir Nəsimov, Diallo Quidileye, Georgios Georgiadis, Vaqif Cavadov və Elnur Cəfərov, həmçinin Ebrima Sohna, Herve Tçami, Məmməd Quliyev və icarədən qayıdan Orxan Sadıqlı baş məşqçi Tərlan Əhmədova lazım olmadı. "Zirə"dəki oyunu ilə özündən söz etdirməyi bacaran Vüsal İsgəndərli və Emin Mehtiyevə baş məşqçinin ümidləri böyükdü. Moldova "Speranta"sından gələn sabiq AZAL-lı Valeri Kutsenkonun hansı durumda olması çox önəmlidi. Con Kamara baş məşqçinin israrla istədiyi oyunçu idi. Qazaxıstandan gələn futbolçu komandanı arxasınca apara biləcək potensialdadı.

Təlim-məşq toplanışındakı yoxlama oyunlarında Tərlan Əhmədovu nəticə maraqlandırmırdı. Sabiq "bankirlər" yeganə qələbəni Rusiyanın aşağı liqa təmsilçisi "çertanovo" üzərində qazandılar - 1:0. özbəkistanın U-23 komandası ilə qolsuz bərabərlik, Serbiya "Dinamo"su (Vranye  - 0:2) və Qazaxıstan "Atırau"suna (1:3) yenilgi Əhmədovu 4 aylıq ağır işin gözlədiyinin xəbərçisi kimi görünə bilər. Buna baxmayaraq, "Topaz" fasilədən sonrakı ilk oyunda məhz "Keşlə"ni favorit görür.

"Səbail"

"Səbail" də əksər komandalar kimi, Türkiyədə təxminən 2 həftə qaldı. Baş məşqçi Aftandil Hacıyev 4 rəqib seçsə də, bunun 3-də oyun sona qədər keçirildi. Macarıstanın aşağı liqa təmsilçisi "Aqvital" (3:2) və Ukrayna Premyer Liqasının ortabab komandası "Desna"nı (2:1) məğlub edən bakılılar İsveçrə "Sürix"i ilə 1:1 etdi. "Kaysar"la (Qazaxıstan) görüş isə əlverişsiz hava ucbatından cəmi 20 dəqiqə baş tutdu.

Texniki məğlubiyyətlərin sayəsində fasiləyə 3-cü pillədə yollanan "Səbail"in 14 matçda cəmi 10 qol vurması düşündürücü məsələ idi. Hələlik bu mövqe üçün Oke Akpovetanın razılığı alınıb, daha bir əcnəbi hücumçunun da transferi gündəmdədi. Ancaq bəri başdan Okenin "axtarılan qan" olmadığını söyləmək olar. Bəlkə də, Hacıyev ön xətdəki problemi yoxlama görüşlərində qollar vuran Kevin Kubemba, Ruslan Qurbanov və Ağabala Ramazanovla yoluna qoyacağını düşünür. Bu baxımdan adıçəkilən forvardların üzərinə böyük yük düşəcək. Emil Balayevin "Tobol"a keçidini isə təkcə qapıçı gedişi kimi dəyərləndirməmək lazımdı. çünki Balayev həm də arxa xətdən komandaya liderlik edirdi. Tələm-tələsik Türkiyədən gətirilən Aleksandr Rıbkanın onu layiqincə əvəz edib-etməyəcəyini zaman göstərəcək. Amma Rıbkanın zəngin karyerası və təcrübəsi Hacıyevə qapı xəttindən narahat olmamağa inam verir. Ukrayna millisinin və Kiyev "Dinamo"sunun qapıçısının hansı formada olmasını isə bir neçə saat sonra görə biləcəyik.

 

Qeyd edək ki, hər iki oyun "CBC SPORT" telekanalı ilə canlı yayımlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest