"Qrupumuzda son oyunumuzu keçirəcəyik. Turniri dəyərləndirsək, nəticə baxımından istədiyimiz kimi olmadı. 9 matçda 2 xal toplamışıq və bizi Norveçlə çətin səfər matçı gözləyir. Görüşə yaxşı əhval-ruhiyyədə hazırlaşırıq. Norveçin gücü bəllidi, qrupdan çıxmaq uğrunda mübarizə aparır. Bizim də öz məqsədlərimiz, düşüncələrimiz var". Matç.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənclər yığmamız oktyabrın 16-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Norveçin qonağı olacaq. Səfər öncəsi mətbuat konfransı keçirən Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

- Səfər planınız necədi?

- Federasiya rəhbərliyindən xahiş etdik ki, səfərə 3 gün öncədən çıxaq. Orda 2 gün məşq etmək imkanımız olacaq. Yolumuz uzaqdı. Uşaqlarda yorğunluq olacaq. Bu üzdən əlavə bir gün istədim ki, oyunda fiziki durumumuz daha yaxşı olsun.

- Bakıdakı görüşdə Norveçə müqavimət göstərsək də, sonda rəqib qalib gəlmişdi. Bu dəfə isə onlar doğma azarkeşləri önündə çıxış edəcəklər. Nəyə ümid edirsiniz?

- Əsas odu ki, rəqibə öz oyununu göstərmək imkanı verməyək. Başdan axıra qədər eyni istək və diqqətlə oynamalıyıq. çünki burdakı matçda ikinci hissənin ilk 5 dəqiqəsində oyunu rəqibə verdik. Bu gün də həmin görüşə baxırdıq. Nə oldusa, həmin 5 dəqiqə ərzində oldu. İnamlı çıxış etmişdik, qol imkanları yaratmışdıq və qol vurmuşduq. Səfərdə çəkinmədən, inamlı oynamaq lazımdı. Oyun üslubunda bəzi dəyişikliklər olacaq. çalışırıq ki, bunu komandaya uyğunlaşdıraq. Mənim üçün ən vacibi 5-6 gənc oyunçunun şans qazanması, təcrübə toplamasıdı.

- İsrail və Norveçlə oyunlarda qeyd etmişdiniz ki, futbolçuların mütəmadi çıxış etmələri çox önəmlidi. Bugünkü durum necədi, sizi qane edirmi?

- Xeyr, yenə qane etmir. Ən böyük problem oynamamalarıdı. Ozan, Barış, Ziya klubunda oynamır. Onlar növbəti seçmə mərhələdə ümid bəslədiyim futbolçulardı. U-20-nin oyunları zamanı da onlara daim şans verirdim. İndi klublarında oynamamaları mənə böyük problem yaradır. Bununla bağlı hər biri ilə ayrılıqda söhbətim olub. Demişəm ki, qışdan sonra maksimum çalışıb oynamaq lazımdı. Ya məşqçiləri ilə danışsınlar, ya klublarını dəyişsinlər. Əgər "18-liy"ə belə düşməyəcəklərsə, başqa kluba keçsinlər. Onların oyunu mənim üçün çox önəmlidi. Belə vəziyyətdə digər komandalarla rəqabət apara bilmərik. 50-60 dəqiqə oynaya bilərsən, 90 dəqiqə eyni formada mübarizə aparmağımız mümkün deyil. Əgər heyətində 4-5 nəfərin oyun praktikası yoxdusa, komandanın tempi mütləq düşəcək. Beynəlxalq matçlarda isə rəqiblər daha yüksək tempdə oynayırlar. Bizim də fiziki cəhətdən optimal formada olmağımız şərtdi.

- Əlaqələri işə salıb həmin futbolçuları Türkiyə, Rusiya və ya Azərbaycana gətirmək mümkündümü?

- ümumiyyətlə, növbəti seçmə mərhələnin komandasını çox diqqətlə izləyirəm. Həm bu, həm də növbəti tsikli düşünürəm. Daim fikrimdə gələn tsikldi. Futbolçuların özləri ilə, klubları ilə danışıram. Hələ vaxtımız olduğu üçün heç kimi sıxmıram. Amma planımda var ki, qışdan sonra hansı komanda olursa-olsun, oynasınlar. çünki oynamadıqdan sonra burda 5 gün hazırlaşdıraq, 100 taktika seçək, ümidimiz yalnız şansa qalacaq. İndiki vəziyyətdə qyun qurmaq, dominantlıq etmək çox çətin olar.

- Qrupda son oyundu və heç bir iddia qalmayıb. Belə bir məqamda futbolçuları necə kökləyə bilirsiz?

- İlk növbədə Azərbaycan millisinin adını təmsil edəcəyik. Bu özü motivasiya olmalıdı. İstər yoxlama görüşü, istərsə də seçmə mərhələdə sonuncu pillədə olsun, fərqi yoxdu. O formanı 1 dəqiqə də geyinmək futbolçu üçün motivasiya olmalıdı. üstəlik, özünü yaxşı tərəfdən göstərə bilərsən. Bilirlər ki, əsas millinin baş məşqçisinin də üzərlərində böyük diqqəti var. Açığı, yığmamızın baş məşqçisi dəfələrlə olub ki, 5-6 oyunçu haqda detallı məlumat istəyib. Qurban müəllim hətta məşqləri də gəlib izləyib. Hər bir oyun futbolçular üçün şansdı. Bir çoxları üçün son matçdı. çalışıb özlərini yaxşı tərəfdən göstərməlidilər ki, noyabrdan əsas milliyə çağırılsınlar.

- Noyabrda yoxlama görüşü keçirmək planınız varmı?

- Bəli, Ukrayna yığması ilə Bakıda qarşılaşacağıq. Daha bir komanda ilə oynamaq istəyirik. Amma son anda ləğv etməli olduq. çünki hamı düşünür ki, dekabrdakı püşkatmanı gözləyək, eyni qrupa düşməsək, qarşılaşarıq. Güclü komandalardan biri ilə oynamağa çalışırıq. Serbiya, Xorvatiya ilə danışıqlarımız gedir. Bunda Robert Prosineçki də bizə kömək edir. Növbəti seçmə mərhələyə qədər yaxşı qrafiq cızmaq istəyirik. Yalnız uşaqların klublarında oynamaları qalır.

- Renat Dadaşovun çağırılmaması müxtəlif söz-söhbətlərə yol açdı. Konkret səbəb nədi?

- Bu məsələnin rezonansa səbəb olduğunu bilmirdim. İlk siyahımda Renat var idi. Amma sonra onu çıxardım. Amma bu, sosial şəbəkədəki bəyənməyə görə deyildi. Həmin hadisədən əvvəl çıxarmışdım. çünki legionerlərə daha tez dəvət göndəririk. Bilet almaq lazım olur. Daha geniş heyəti son gündə elan edirik. Renat mənə bildirdi ki, ayın 14-də və 19-da oyunum var, klubum bu matçlarda iştirak etməyimi istəyir. Gördüm ki, orda qalıb, həmin matçlarda oynamaq istəyir. Buna görə də adını siyahıdan çıxardım. özü ilə də danışığım oldu və bildirdim ki, may ayına qədər səni toplanışlara çağırmayacam. çünki Portuqaliya çempionatında millinin oyunları zamanı da fasilə olmur. Renat da klubda oynamağa böyük həvəs göstərir. Bildirdim ki, planlarımı tək sənin üzərində qura bilmərəm. Sabah yenə rəsmi oyun zamanı Portuqaliya çempionatı davam edər. Normal söhbətimiz oldu. Klubunda möhkəmlənməsi üçün bir müddət onu çağırmayacam. Renatla bağlı sonrakı qərarı isə gələcəkdə verəcəm.

- Rahil Məmmədov əsas millinin heyətində dünən iştirak etdi və kifayət qədər səhvlərə yol verdi. Aşağı yaş qruplarımızın ən yaxşısı odu, yoxsa daha yaxşıları var?

- Rahilin dünənki oyunu şəxsən məni çox qane elədi. Sizi hansı nöqteyi nəzərdən qane eləmədiyini bilmirəm. Nəzərə alaq ki, ilk rəsmi matçı idi və böyük təzyiq olan görüşdə meydana çıxmışdı. Bəli, inamsız epizodları oldu. Bu, hamıda oldu. Deməzdim ki, kimdənsə pis oynadı. Rahil dünən pis çıxış etmədi. O ki qaldı aşağı yaş qrupundakı materialı, bunu hamımız çox gözəl bilirik. Məncə, hamımız hər şeyi aydın görürük. İstər əsas, istərsə gənclər yığmamızın beynəlxalq turnirlərdə, eləcə də "Qarabağ"ın avrokuboklardakı çıxışına baxanda fərqi hiss edirik. Hamısında başımızdan yuxarı tullanmalı, bacardığından daha yaxşısını etməliyik.

- Farer adaları ilə oyunda qapımız qarşısında o qədər təhlükəli vəziyyətlərin olacağını gözləyirdiz?

- Boş qapıdan topun çıxarıldığı hər iki epizod standart vəziyyətdən yarandı. Standart vəziyyətdən çətinlik yaşayacağımızı mən də gözləyirdim. Qapımız qarşısında yaranan qol epizodlarının hamısı fərdi səhvlərdən oldu. Həmin anlarda hansısa futbolçu bacarığından aşağı çıxış etdi ki, belə hal yaşandı. Bu da təzyiqdən qaynaqlanır. Uşaqların üzərində böyük təzyiq var. İkinci qoldan sonra dərindən nəfəs aldılar. Mənim özümdə də belə şeylər olub. Böyük təzyiq altında meydana çıxmışam, 1-2 qoldan sonra futbol oynamağa başlamışam. Elə olub ki, 60-cı dəqiqədən sonra normal oynamışam. üstəlik, bir çoxu optimal formada deyil. Bu da ciddi problem yaradır. Fiziki forma, oyun praktikası qaydasında deyil və bu qədər təzyiq var. üstəlik, mütləq qələbə qazanmalıyıq. Əlbəttə ki, problemlə üzləşəcəksən. 60-cı dəqiqədən sonra tanıdığım uşaqları meydanda görməyə başladım.

- Bayaq qeyd etdiniz ki, Ozanı, Barışı gələn seçmə mərhələdə əsas heyətdə görürsünüz. Barış isə "Bohum" kimi klubda oynayır. Türkiyə Futbol Federasiyasının da onu "oğurlamaq" ehtimalı var. Bu təhlükəni hiss edirsinizmi? Belə bir halla üzləşsəniz, Barışı necə yola gətirəcəksiniz?

- Barışı U-19-dan tanıyıram. Bizim gəlişimizdən sonra da U-21-də debüt elədi. Barışı hələ U-17-də oynadığı vaxtdan bəyənirdim. Milliləşdirilmiş oyunçularla bağlı bu tip problemləri yaşayacağıq. Barışla münasibətimiz yaxşıdı. Bəzən zədəli olduğu üçün toplanışa qatılmırdı. Ancaq daim ünsiyyətdə olurduq, danışırdıq. Düşünürəm ki, o, burda oynamaqdan zövq alır. ümumiyyətlə, təkcə adları çəkilən iki oyunçu deyil. Bizim Fərid Nəbiyevimiz var. İsmayılı, Rövlanı da gələn tsiklə indidən hazırlayıram. Onlara böyük ümid bəsləyirəm. Fikrimcə, onlar 2-3 ilə millimizi gücləndirəcək oyunçular olacaqlar. Hamısı ilə xoş münasibət qurmağa çalışırıq ki, gələcəkdə digər yığmaları yox, bizim millini seçsinlər. Barış da, Ozan da məndən əvvəl milliləşdirilib. Böyük məhəbbətlə yığmamıza gəlirlər. Mən də onları itirmək istəmirəm.

- Murad Mahmudovla bağlı planınız nədi?

- Murad da mənim ciddi nəzarətimdədi, 2000-ci il təvəllüdlüdü. Sadəcə, bütün məşqçilərlə birlikdə kollektiv şəkildə iş qururuq. Kimə nə vaxt hansı faydalı olacaqsa, ona üstünlük verməyə çalışırıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest