"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün baş tutan açıq məşq zamanı jurnalistlərin suallarını cavablandırıb. Matc.az saytının məlumatına görə, Qurbanov fevralın 3-də "Neftçi" ilə keçiriləcək çempionat görüşü barədə də fikirlərini bildirib.

- Təlim-məşq toplanışında 4 oyunun hər biri yağışlı və küləkli hava şəraitində baş tutdu. Həmin toplanışdan nə qazandınız?

- Düzdü, belə şəraitdə oynadıq, hətta bir oyunumuz təxirə salındı. Ancaq yenə də hazırlıq proqramından çıxmamağa, düşündüyümüzü meydanda yerinə yetirməyə çalışdıq. Əlbəttə, hava şəraiti əlverişli keçsəydi, daha yaxşı olardı. Belədə oyunlarımız bəlkə daha sürətli keçərdi. Buna baxmayaraq, toplanışın pis alınmadığını düşünürəm. Bütün komandalarımız orda idi. Bu problemlə hamı üzləşdi. Buna problem yox, xeyir kimi baxıram. çünki belə havada futbolçu xarakter nümayiş etdirməli olur, özünü daha güclü hiss etmək istəyir. Hadisələrə normal yanaşdım və bu şəraitlə razılaşdım.

- Qarşıdan "Neftçi" ilə oyun gəlir. Futbolçularla söhbətdə derbi amilini vurğulayırsınızmı, yoxsa sıradan bir oyun kimi yanaşırsınız?

- Sıradan bir oyun kimi yanaşa bilmərik. çünki liderə, yaxşı komplektləşmiş, yaxşı baş məşqçisi olan komandaya qarşı oynayacağıq. Hamımız görürük ki, "Neftçi" bu il çempionluğa çox istəklidi. Buna görə də, oyuna ciddi yanaşırıq. İstənilən halda öz oyunumuzdan əl çəkməməyə və bunu daha da yaxşılaşdırmağa çalışırıq. Buna derbi deməyə bilmərik. Həqiqətən də, derbidi. Amma futbolçuların üzərinə çox getmirik ki, mütləq qalib gəlməliyik. Hamı çox gözəl bilir ki, belə oyunlarda daha diqqətli və istəkli olmalıyıq. Digər matçlar kimi, bu görüş də bizim üçün çox vacibdi.

- Düzdü, oyunun başlamasına hələ 2 gün vaxt var. Start heyətini müəyyənləşdirmisinizmi?

- Tam olmasa da, 90 faiz bəllidi.

- Matçın "Tofiq Bəhramov"da və ya "Azərsun Arena"da keçirilməsinin sizin üçün ciddi bir fərqi varmı?

- Bura da bizim üçün doğmadı. Əvvəllər çempionat, həmçinin Avrokubok oyunlarını burda keçirmişik. Hansısa problem olacağına inamıram.

- Reynaldo və Miçelin son durumu necədi?

- Fərdi qaydada məşq edirlər. Reynaldo dünən komanda ilə məşqin bir hissəsində iştirak etdi. Həkimlər fiziki məşqlər hazırlayırlar. Miçel isə hələ məşqlərə başlamayıb, zədə ilə bağlı bir az problemi var. Reynaldo günü-gündən komandaya yaxınlaşır.

- Hər ikisi qarşıdakı oyunu buraxacaq?

- Bəli.

- Dario Frederiko "Neftçi"dən ayrıldı. Bu, sizin planlarınıza təsir etdimi və "Qarabağ" üçün sevindirici xəbər oldumu?

- Mən çox istəyirəm ki, yüksək səviyyəli futbolçular çempionatımızda qalsın, liqanın səviyyəsi daha yuxarı olsun. Digər tərəfdən "Neftçi"nin heyətində Namiq Ələsgərov və yeni transferləri var ki, onu əvəz edə bilər. "Neftçi"də 1-2 futbolçunun oynamaması heç vaxt onlara təsir etmir. Bizim planlarımızda heç bir dəyişiklik olmayıb. "Neftçi"nin oyun üslubu elədi ki, bu amil onlarda da hiss olunmur. Namiq, Dario və ya bir başqasının oynaması barədə düşünmürük.

- Riçard Almeyda komandaya qayıtdı. Son altı ayda onun yoxluğu hiss olunurdu. Qışdan sonra əvvəlki "Qarabağ"ı görə biləcəyikmi?

- Biz həmişə istəyirik ki, heyətimiz güclü olsun, oyunumuz yaxşılığa doğru getsin. Amma məncə, o qədər də zəifləməmişdik, geri düşməmişdik. çünki yenə avrokubokların qrupuna düşdük, çempionatda medallar uğrunda mübarizə aparırıq, kubokda yarımfinala çıxmışıq. öz proqramımız üzrə qarşımıza qoyulan nəticələri qoruyub saxlamağa çalışırıq. Əlbəttə ki, Riçard kimi futbolçunun qayıtması təkcə oyun baxımından deyil, kollektivdə əhval-ruhiyyənin də qalxmasına səbəb oldu. Onun üçün darıxanlar səbirsizliklə gözləyirdilər ki, Riçard gəlsin, zarafatları çoxalsın. Ab-hava yaxşılığa doğru gedir. Riçard 5 il idi komandamızda idi, istədiyimiz oyunu qurmaqda onun bacarığı və təcrübəsi böyük rol oynayırdı. Amma həmişə dediyim kimi, bir oyunçu ilə komanda nə zəifləyir, nə də güclənir. Riçard bir ilə yaxın burda olmadı. Bu müddətdə başqa komandada, tam fərqli mövqedə çıxış edib. Optimal formasından uzaqdı, ona da bir neçə oyun lazımdı.

- Transferlərə son qoydunuz?

- Ayın 8-nə qədər "transfer pəncərəsi" açıq olacaq. Buna görə də, yeni transfer gözlənilir. Danışıqlarımız, axtarışlarımız dayanmayıb. Yeni hücumçu da, yarımmüdafiəçi də ola bilər.

- Con Delarj əvəzedici komandadadı. Onun gələcək taleyi necə olacaq? Delarj üçün hansısa klubdan təklif almısınızmı?

- Xeyr, bir təklif olmayıb. Hələ ki, əvəzedici komandada olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest