O, Azərbaycandan sonra çində də tarixə düşdü. Həm də elə ilk mövsümdəcə.
"Barselona" və İspaniya yığmasının sabiq müdafiəçisi Serxi Barxuanın baş məşqçisi olduğu komandanın forvardı ötən mövsüm keçirdiyi 23 oyunda 19 qola imza atdı. çinin "Hançjou Qrintaun" klubunun tarixində bir mövsüm ərzində bu qədər qol vuran futbolçu olmamışdı. "Kopenhagen"ə Danimarkada vurduğu qolla komandasını çempionlar Liqasının qrup mərhələsinə daşıyan cənubi afrikalı bununla yalnız "Qarabağ"ın yox, Azərbaycan futbolunun tarixinə də düşmüşdü.
çoxdan idi ondan səs-soraq yox idi. Əlbəttə, bildiniz söhbət kimdən gedir. Daha uzatmadan mətləbə keçək. "Qarabağ" - "Neftçi" derbisi öncəsi gedişindən sonra hələ də hücumçu problemini həll edə bilməyən ağdamlıların keçmiş qolçusu Dino Ndlovunun matc.az-a eksklüziv müsahibəsi


- Azərbaycanda azarkeşlərin və medianın çox müzakirə etdiyi bir məsələ var: Dino Ndlovunu yenidən "Qarabağ"da görə biləcəyikmi?

- Bu, mənə ediləcək təklifdən asılıdı. "Qarabağ"ı çox sevirəm. Bu klub mənim üçün doğmadı və məmnuniyyətlə Azərbaycana qayıdaram.  Amma təbii ki, peşəkar futbolçuyam və qayıtmağı düşünməzdən əvvəl bir neçə amili nəzərə almalıyam.

- "Qarabağ" azarkeşləri xatirinizdə necə qalıb?

- Onlar inanılmazdı. Futbolçuları və klubu daim diqqətdə saxlayırlar. Tribunada isə çılğınlıqları, oyunun gedişi və nəticədən asılı olmayaraq sona qədər verdikləri möhtəşəm dəstəklə seçilirlər.

- Keçmiş komandanızı izləyirsinizmi və kiminləsə əlaqəniz varmı?

- Belə deyim, klubla rəsmi əlaqəm yoxdu. Amma təbii ki, orda dostlarım var. Bir neçə adamla ünsiyyəti davam etdirirəm. Onlar həm klubda çalışanlar, həm də futbolçulardı.

- Fevralın 3-ü "Qarabağ"la "Neftçi" arasında prinsipial oyun var. Bu iki komanda arasındakı derbilər necə, yadınızdadımı?

- Əlbəttə, yadımdadı. "Qarabağ"la "Neftçi"nin rəqabətini unutmaq olar?! Bu, mümkün deyil. Axı mən 18 ay Azərbaycanda yaşamışam.

- "Neftçi" hazırda liderdi və "Qarabağ"dan 3 xal öndədi. Bu qarşılaşma "Qarabağ" üçün böyük önəm kəsb edir. Şansları necə dəyərləndirirsən?

- Düşünürəm ki, "Qarabağ"ı irəli aparacaq yüksək səviyyəli futbolçular var. Qarşıdakı oyun Riçard Almeydanın dönüşü ilə də əlamətdar olacaq. Bu amil futbolçular üçün böyük üstünlükdü. Onların əla baş məşqçiləri var. Qurban Qurbanovun kollektivini qələbəyə daşıyacaq düzgün planları var və bu fikirlərini oyunda tətbiq edəcək. Mənə görə "Qarabağ" daha şanslıdı. Keçmiş komanda yoldaşlarıma, ümumiyyətlə, hazırda bu böyük klubun şərəfini qoruyan hər kəsə uğurlar arzulayıram.

- Derbidə "Qarabağ"ı daha şanslı görürssüz. Bəs çempionluq yolunda kimi şanslı sayırsız?

- çempionluq barədə proqnoz vermək üçün hələ çox tezdi. Mən gəldiyim zaman da komandamız "Qəbələ"dən xal fərqində geridə idi. Amma sonda çempionluğu biz qazandıq. "Qarabağ"ın çempionlar Liqası kimi qitənin ən  yüksək səviyyəli turnirinin qrup mərhələsini görmüş, oturuşmuş heyəti var. Dünyada çox az faiz futbolçu və məşqçi bu təcrübəni keçə bilir. "Qarabağ"ı ən azı bu nəhəng turnirin təcrübəsinə görə üstün saymaq olar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest