"Fanatlara müraciət edərək, sevimli klublarını bu cür əlavə xərclərə əsas yaratmamağa dəvət edirik. Əks təqdirdə, "Neftçi"yə bu cür ziyan vuran şəxslərə qarşı qanun çərçivəsində addımların atılmasını tələb edəcəyik" - sadiq "neftçi"lilər bu sözləri heç vaxt unutmayacaq. "Sabah"la görüşdə bir neçə oturacaq sındıran fanatları haqda bu bəyanatı doğma klubları vermişdi. O klub ki, onun rəngləri üçün yağışda, qarda, palçıqda, yaxşı gündə, pis gündə hər zaman yanında olan sadiq azarkeşləri sonda nə qədər şərəfli bir görəvdə olduğunu anlamayan və bu yerə layiq olmayan hansısa bir prezident tərəfindən hədələndi.

Sözsüz ki, bu bəyanat həmin oyundan sonra qorxusundan başını itirən prezident Kamran Quliyevin diktəsiylə yazılmışdı. Debütantdan çəkinib verilən bu bəyanat və sonrakı proseslər yalnız sadiq azarkeşlərə yox, "flaqman"ın 82 illik tarixinə hörmətsizlik idi.

Bundan sonra "Forza Neftçi" azad azarkeş qrupu tribunadan çəkildiyini bəyan etdi və məhz həmin oyunlarda Kamran Quliyevin komandasının real gücü bilindi. Kubokda "Sumqayıt"a boyun əyən "ağ-qaralar", çempionatda da "Gənclik şəhəri"nin təmsilçisi ilə oyunda vacib xallar itirdilər. Onu da hamı bilir ki, Riad Rəfiyevin komandasının əsas heyətindəki futbolçuların hamısını maaşını toplasan bəlkə də bir tək Baqali Dabonun "Neftçi"dən aldığı maaş qədər olmaz. Bu 3 oyun Riad Rəfiyevin Kamran Quliyev üzərində təmiz qələbəsi idi. Gənc Rəfiyev "xalq komandası"nın azarkeşlərini tribunadan küsdürən prezidentinə yerini göstərdi.

Bundan sonra Quliyev səhvini başa düşüb, havalardan yerə endi və "Forza"ya kütləvi yalvarmalar başladı. "Onlar Kamran Quliyevə və ya onun ətrafındakı insanlara görə gəlmirlər tribunaya, sevimli komandaları üçün orda olurlar" - "xarizmatik" prezident bu sözləri bir neçə gün əvvəl son müsahibəsində demişdi. O, dolayısı ilə özü də etiraf etdi ki, "Forza Neftçi" məhz Kamran Quliyevə görə tribunlara gəlmir. Bunu anlayan və özünə hörmət edən istənilən klub prezidenti çoxdan istefa vermişdi...

"Neftçi" fevralın 3-də mövsümün ən vacib oyununa çıxacaq. Komanda məğlub olmasa, çempionluq şanslarını xeyli yüksəldəcək, qələbə isə "ağ-qaralar"ı demək olar ki, 90 faiz çempion edəcək. Belə məqamda "Forza Neftçi" ən doğru addımı atıb, tribunaya qayıtmağı və bu çətin oyunda sevimli komandalarına dəstək verməyi qərara aldı. çünki, onlarsız "Neftçi"nin qələbə üzünə həsrət olduğunu gördülər.

Bu qərar bəlkə də qəlbinin dərinliklərində Kamran müəllimin ürəyincə olmadı. Axı, derbidə komanda uduzsa, azarkeşlər bunu səhv dalınca səhv edən Quliyevə bağışlamayacaq!

"Forza Neftçi"nin rəhbərliyi Kamran müəllimin "sayəsində" yaşadıqları bu çətin dönəmdə onlara dəstək verən hər kəsə təşəkkür etdi. Ad çəkilməsə də, bu siyahıda ən prinsipial rəqib - "İmarət" fan-klubunun olduğunu da qeyd etməliyik. Ağdamlıların bu jesti çox güman, "Forza Neftçi" ilə münasibətlərin istiləşməsinə səbəb olacaq və azarkeş rekordu gözlənilən "Qarabağ" - "Neftçi" oyununda Tofiq Bəhramov adına stadionun tribunalarında çox gözəl mənzərə izləyəcəyik.

Əslində, Azərbaycan futbolunun yeganə gözəlliyi də elə bu iki azarkeş qrupudu. Kamranlar onları da futbolumuzdan iyrəndirməsə bəlkə də, nə vaxtsa məhz "Forza Neftçi" və "İmarət"in bayraqdarlığı ilə digər klublarımızın oyunlarında da tribunada əsl azarkeş, fanat görəcəyik!

Hələliksə, futbolumuzun gözü aydın olsun! "Forza Neftçi" döndü! Demək, məşhur mahnıda deyildiyi kimi Show must go on  - Şou davam etməlidi!

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest