Türkiyənin "Yeni Malatyaspor" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Başakşəhər"dən Azubuike Okeçukvunu, "Qaziantep"dən Nuha Dikko ilə Kənan özəri transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azubuike Okeçukvu bu mövsümün sonuna kimi icarəyə götürülüb. Azad agent statusu daşıyan Kənan özərlə 1.5 illik müqavilə imzalanıb. Nuha Dikko isə 6 ay + 1 illik müqaviləyə imza atıb.
 
Azubuike 2019-cu ildən "Başakşəhər"də çıxış edirdi. Türkiyədə daha öncə "Rizəspor"da da icarədə oynamış nigeriyalı yarımmüdafiəçi, 2021-ci ilin yayında "Sivasspor"a icarəyə verilmişdi. Nigeriya yığmasında da oynamış 24 yaşlı futbolçu, 2015-2018-ci illər aralığında məhz "Yeni Malatyaspor"da çıxış edib.
 
Dikko 2020-ci ildən "Qaziantep"də çıxış edirdi. 29 yaşlı yarımmüdafiəçi daha öncə "Strasburq", "Bləkpul", "Vulverhempton", "Roterhem", "Hall Siti" və "Vitess" klublarının da formasını geyinib. Fransada dünyaya göz açan futbolçu Mali yığmasında da oynayıb.
 
Kənan özər isə 2019-cu ildən "Qaziantep"dəydi. "Beşiktaş"ın yetirməsi olan 34 yaşlı yarımmüdafiəçi, "Karşıyaka", "İstanbulspor", "Kayseri Ərciyəsspor", "Rizəspor", "Antalyaspor", "Boluspor", "Akhisarspor", "Konyaspor", "Adana Dəmirspor və "Ankaragücü" klublarının da formasını geyinib.
 
"Yeni Malatyaspor" Əlcəzair yığmasının sağ cinah yarımmüdafiəçisi Mehdi Zeffaneni də transfer edib. Son olaraq Rusiyanın "Krılya Sovetov" komandasının uğurları üçün çalışmış vinger artıq Türkiyəyə gəlib və tibbi müayinələrdən keçib. Onunla 1.5 illik müqavilə imzalanıb. Fransada dünyaya göz açan, Lion "Olimpik"inin yetirməsi olan futbolçu, "Renn"də də çıxış edib. O, Əlcəzair yığmasında 15 oyuna çıxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest