Bu gün əfsanəvi azərbaycanlı hakim Tofiq Bəhramovun doğum günüdü. Matç.az saytının məlumatına görə, sağ olsaydı, 94 yaşını qeyd edəcəkdi.

Futbol hakimi, eyni zamanda futbolçu olmuş Tofiq Bəhramov AFFA-da hakimlərin sədri, daha sonra baş katib vəzifələrində çalışıb. O, təkcə ölkəmizin deyil, dünya futbolunun da tarixinə düşmüş şəxsdi. 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatının finalı deyildikdə hər kəs məhz onu xatırlayır. İngiltərə ilə Almaniya arasında "Uembli" stadionunda keçirilən və 98 min azarkeşin izlədiyi həlledici qarşılaşmada ingilislərin lehinə verdiyi qərar dünya futbol tarixinin ən mübahisəli epizodlarından sayılır. Yan xətt hakimi olan həmyerlimiz 2:2 hesabı ilə başa çatan görüşün 110-cu dəqiqəsində ev sahiblərinin hücumçusu Ceff Herstin zərbəsindən sonra topun qapıdan keçdiyini əminliklə baş hakimə bildirmiş və qol qeydə alınmışdı. Herstin son dəqiqələrdəki daha bir qolu ingilislərə dünya çempionluğunu qazandırmışdı. Oyundan sonra Tofiq Bəhramov kraliça II Elizabetin şəxsən təqdim etdiyi "Qızıl ilahə" və "Qızıl fit" mükafatlarına layiq görülüb.

Bu qərar indəyədək futbol aləmində mübahisələrə səbəb olur. İllərdi almanlar bunun yanlış, ingilislər isə doğru qərar olduğunu sübut etməyə çalışırlar. 2016-cı ildə Britaniyanın "Sky Sports" telekanalı epizodu müasir texnologiya ilə araşdırıb və həmyerlimizin qərarının haqlı olduğunu sübut edib.

Tofiq Bəhramov eyni zamanda SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim olub. Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində təyinat almış ikinci, Avropa çempionatının final oyununu idarə etmiş birinci sovet hakimidi. 1970-ci ildə Meksikada keçirilən mundialın 3 görüşündə hakimlik etmiş Bəhramov 1971-ci il mayın 25-də SSRİ ilə dünya yığması arasında baş tutan Lev Yaşinin vida matçında da ədalət təmsilçisi olub. 1968 və 1972-ci illərdə Avropa çempionatlarında, həmçinin Qitələrarası Kubokda və 1972-ci ildə UEFA kubokunun final görüşündə fit çalıb.

1975-ci ildə yenidən "Neftçi"yə qayıdan Bəhramov 3 il komandada ikinci məşqçi kimi fəaliyyət göstərib, eyni zamanda "Neftçi"nin rəisi vəzifəsində çalışıb. 1974-cü ildən ömrünün sonuna qədər Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bədən tərbiyəsi və idman kafedrasının müdiri işləyib. 1992-ci ildə AFFA-da hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb.

1993-cü il martın 26-da Bakıda üçüncü dəfə infarkt keçirən Tofiq Bəhramov dünyasını dəyişib. Bəhramov dünya futbol tarixində adına heykəl olan və adı stadiona verilən yeganə hakimdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest