"Avstriyanın "Admira Vakker" klubunda çıxış edir. O, çoxdan gözaltı etdiyimiz futbolçudur. Konkret, yayda transfer etmək istəsək də, bu, baş tutmamışdı"

Mövsümün ilk yarısını ikinci pillədə başa vuran "Qəbələ" qış "transfer pəncərə"si dövründə bir legionerlə güclənəcək. Bölgə klubunun danışıq apardığı əcnəbinin adı da artıq məlumdur.  Klubun baş meneceri Nail Kərimovun  verdiyi məlumata görə, əyalət təmsilçisi braziliyalı hücumçu ilə danışıq aparır:

"Əsas odur ki, heyəti qoruyub saxladıq. Yəni qışda komandanı tərk edən olmayacaq. Buna görə cəmi bir legionerə ehtiyac duyuruq. Hazırda braziliyalı Patrik Alfinete (tam adı Patrik Robson de Souza Monteyro) ilə danışıq aparırıq. Onun komandamıza keçmək ehtimalı yüksəkdir. Cinah hücumçusudur, 23 yaşı var. Avstriyanın "Admira Vakker" klubunda çıxış edir. O, çoxdan gözaltı etdiyimiz futbolçudur. Konkret, yayda transfer etmək istəsək də, bu, baş tutmamışdı. İndi yenidən əlaqə saxladıq, özü də "Qəbələ"yə keçməyə etiraz etmir. ümid edirik ki, qarşıdakı günlərdə transferini həll edə biləcəyik".
 
Klub rəsmisi Antalyada üzləşəcəkləri sınaqçı-rəqiblərlə bağlı sualı da cavablandırıb: "Bizim əməkdaşlıq etdiyimiz bir türk şirkəti var, adətən rəqiblərimizi onlar tapır. Təbii ki, bizim istəyimizə uyğun rəqib seçilir. Bu dəfə onlara bir az gec müraciət etdiyimiz rəqib seçimində yubanırıq. Yəqin ki, qarşıdakı bir-iki gündə rəqiblərimizi tanıyacağıq. Həmin şirkətə Avropa klubları ilə qarşılaşmaq istədiyimizi çatdırmışıq. 
 
Bildiyiniz kimi, mövsümünün ikinci yarısının hazırlığına yanvarın 6-da start verəcəyik. Yanvarın 15-də isə Türkiyəyə yollanacağıq. Komanda Antalyanın Bələk bölgəsindəki "İC Santai" otelində məskunlaşacaq. Ayın 25-dək davam edəcək hazırlıq prosesində 3 yoxlama matçı nəzərdə tutmuşuq ki, tarixlər yanvarın 17-si, 20-si və 24-üdür". 
 
Eyni zamanda əvvəlki işinə - Akademiyaya nəzarət edən "Qəbələ"nin baş meneceri aşağı yaş qruplarının hazırlığı ilə bağlı da məlumat verib: "Akademiyaya yanvarın 10-na kimi istirahət verilib. çünki çempionatlar bir az gec başlayacaq. Ən tez U-16-nın yarışı bərpa ediləcək ki, onlar da 28-də başlayacaq. Buna görə iki həftəlik fasiləni məqbul saydıq. Hamısı Qəbələdə hazırlaşacaq.
 
Əvəzedici komandada dəyişikliklər gözlənilir. 4-5 futbolçu ilə yollar ayrılacaq. Onlar digər divizion klublarına və ya öz yaş qruplarına uyğun komandalara keçə bilər. Hətta icarəyə verilmələri də mümkündür. Əvəzində "Qəbələ-2"yə bir neçə yeni gənc cəlb olunacaq". fanat.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest