"Sumqayıt"ın prezidenti Riad Rəfiyevin matç.az saytına müsahibəsi

- Komandanın qış təlim-məşq toplanışı istədiyiniz kimi oldu?

- Açığı, tam istədiyimiz kimi olmadı. çünki hava şəraiti elə də yaxşı deyildi. Bərk külək əsdi, yağışlar oldu, bir oyunumuz təxirə salındı. Hətta ümumilikdə 5 oyun keçirməli idik, ancaq 3-ü ilə kifayətlənməli oldu. Bəzi məşqlərimiz təxirə salındı. Ancaq bu problem təkcə bizdə yox, digər klublarda da yarandı.

- Toplanış dönəmində 2 qələbə qazandınız, 1 heç-heçə etdiniz. Yoxlama görüşlərində uduzmamaq nə dərəcədə önəmlidi?

- Əlbəttə ki, yoxlama görüşlərində nəticə vacib deyil. Komandanın zəif yerlərini görmək, səhvlər üzərində işləmək vacibdi. Qələbə qazanmaq da motivasiya baxımdan yaxşı olar.

- Mövsümə Nazim Süleymanovla başlayıb, ilk yarını Ayxan Abbasovla bitirdiniz. Bu iki periodu necə dəyərləndirərdiniz?

- Mövsümə yaxşı başladıq. Birinci dövrədən sonra 3-cü yerdə idik. Amma ikinci dövrədə "qara zolağ"a düşdük. Futboldu, hər komandanın başına gələ bilər. Keçən il də son 5 oyunda eyni hal yaşandı. Digər tərəfdən kubokda yarımfinala yüksəldik, 1/4 finalda çempionatın lideri "Neftçi"ni üstələdik. çempionatda 6-cı yerdə olsaq da, yuxarı pillələrdəki komandalarla aramızda xal fərqi böyük deyil. Bütün komandalar bir-birinə yaxındı. Kimin yüksəlib, kimin enəcəyini demək çətindi. 1-2-ci yerdəki komandaları çıxmaq şərtilə digərlərinin hamısı, demək olar ki, eyni səviyyədədi. ümumi götürsək, yarımfinal pis nəticə deyil. çempionatın yarısı geridə qalsa da, biz cəmi 1 ev oyununu Sumqayıtda keçirə bildik. Meydançamız hazır olmadığından, ev matçlarını Bakıda keçirməli olurduq. Yalnız son ev oyunumuzda "Səbail"i doğma azarkeşlərimiz önündə qəbul etdik. Arenamız artıq hazırdı, ikinci yarını Sumqayıtda keçirəcəyik. Bu müddətdə Sumqayıtdan kənarda qalmağımız bizim üçün böyük minus oldu. Bunu nəzərə alsaq, kubokda yarımfinala çıxmağımız pis nəticə deyil. Yolumuza davam edirik.

- Nazim Süleymanov postunda 11 tur qaldı. Düşünmürsünüz ki, onun təyinatı uğursuz addım idi?

- Deməzdim ki, uğursuz addım idi. Nazim Süleymanov böyük futbolçu olub, özü də Sumqayıt futbolunun yetirməsidi. Birinci dövrədə komandamız onun rəhbərliyi altında yaxşı nəticə göstərdi. Sonra isə "qara zolağ"a düşdük ki, bu da təbii haldı.

- Böyük futbolçu və yaxşı insan ola bilər. Ancaq "Sumqayıt"a qədərki məşqçilik fəaliyyəti də uğurlu alınmamışdı...

- Mən onun uğursuz olduğunu düşünmürəm. Birinci dövrədə yaxşı oyunlar göstərdik. Bəzi oyunlarda bəxtimiz gətirmədi.

- İlk yarının son iki turunda 4 xal topladınız. Demək olarmı ki, belə bir vaxtda qış fasiləsinin yaranması sizin üçün yerinə düşmədi?

- Bir az çətin sualdı. Futbolda gələcəyi proqnozlaşdırmaq çətindi. Amma zədəli futbolçularımızın bərpası üçün vaxt lazım idi. Bəlkə bu baxımdan fasilə bizim xeyrimizə oldu. Aparıcı müdafiəçilərimizdən biri olan Şəhriyar Əliyev ciddi zədə almışdı, tam sağalması üçün 2 ay vaxt lazım idi. Bir ayı artıq geridə qalıb. Daha 2-3 həftə gözləməliyik.

- Turnir cədvəlində 4-cü pillədəki komandadan cəmi 2 xal geridəsiniz. ötən mövsüm son anda avrokubokdan kənarda qalan "Sumqayıt"la tarix yazmağınız nə qədər real görünür?

- İndi tarix yazmaq barədə fikirləşmirik. Hər oyuna 3 xal üçün çıxırıq. Sonda necə olacaq, bunu indidən bilmək mümkün deyil. Komanda ötən mövsümün son 5 turunda "qara zolağ"a düşdü. Bu mövsüm isə ikinci dövrədə bu hal təkrarlandı. ümid edirəm ki, bu mövsüm daha "qara zolağ"a düşməyəcəyik. Son turlarda eyni problemləri yaşamaqdansa, bunu indi çəkməyimiz yaxşı olardı.

- ölkə kubokunda yarımfinaldasınız və sizi bu marafonda avrokubokdan cəmi 3 oyun ayırır. Razısınız ki, bu baxımdan ən qısa yol kubokdu?

- Bizim kubok yolumuz çox ağır keçir. 4 komanda 1/4 finaldan, digər 4-ü isə 1/8 finaldan mübarizəyə başladı, müəyyən qədər güc sərf elədi. Biz "Neftçi"dən əvvəl "Qaradağ Lökbatan"la qarşılaşdıq. Meydança çox pis vəziyyətdə idi. Uşaqlar üçün həmin oyun çox ağır keçdi. 1/4 finalda isə çempionatın lideri olan "Neftçi" ilə qarşılaşdıq. İki ağır matçımız oldu. Bu oyunlarda Şəhriyar Əliyevi itirdik, həmçinin Əli Babayev zədələndi. Yarımfinalda isə rəqibimiz "Zirə" olacaq. Onlar turnir cədvəlinin son pilləsində olsalar da, oyunları ilə orda qərar tutmağa layiq olmadıqlarını göstərdilər. "Zirə" çox yaxşı futbol oynayır. Samir Abasov öz futbol fəlsəfəsini qurub. çempionatın xeyli matçında bəxtləri gətirmədi. "Zirə" oyun baxımından, bəlkə də, çempionatda ən yaxşı futbol sərgiləyən komandalardan biridi. Bu üzdən onlarla görüşlərimiz çətin olacaq.

- "Sumqayıt"ın "Neftçi"ni keçəcəyini heç kim proqnozlaşdırmırdı. Siz necə, buna inanırdınız?

- Bəli, inanırdım. Bu komanda ötən il də "Qarabağ"ı keçmişdi. Bu il isə "Neftçi"ni üstələdik. Bizim komanda da yaxşı futbol göstərir. Əvvəldən bilirdik ki, "Neftçi"ni keçməyə gücümüz çatar.

- Qış fasiləsində iki yerli qapıçı, bir müdafiəçi və iki cənubi azərbaycanlı futbolçu ilə anlaşdınız. Bu transferlər komandanın hədəfə çatması üçün yetərli olacaqmı?

- Zəif nöqtələri gücləndirdik. Cəmi bir hücumçumuz var idi, Atilla Yıldırım. Həmçinin Şəhriyar Əliyev zədəli olduğu üçün bizə təcili mərkəz müdafiəçisi lazım idi. Hər iki boşluğu doldurduq. Qalanını zaman göstərəcək. Baş məşqçinin istədiyi mövqelərə oyunçular aldıq.

- "Transfer pəncərəsi" sizin üçün bağlanıb, yoxsa başqa keçid gözlənilir?

- Ola bilər ki, daha bir futbolçu komandaya cəlb etdik. Əgər alınsa, ölkə xaricindən bir azərbaycanlı gətirəcəyik.

- Bir çox ölkədə klublarla, menecerlərlə geniş əlaqələriniz var. "Sumqayıt" isə ancaq yerli futbolçulara üstünlük verir. Bu amil əl-qolunuzu bağlamır?

- Əlbəttə ki, "Sumqayıt"da bu baxımdan işləmək, nəticə göstərmək çətindi. çünki yalnız yerli futbolçularla oynayırıq. Amma hər klubun öz strategiyası var. Bizim də məqsədimiz kənardan həmvətənlərimizi tapmaq, eyni zamanda Azərbaycan millisinə futbolçu yetişdirmək, akademiyamızdan istedadlı uşaqları əsas komandaya cəlb etməkdi. Fikirləşmirik ki, əcnəbi futbolçu gətirməməyimiz bizə çətinlik yaradır. Bayaq da dediyim kimi, yeganə istəyimiz milli komandaya futbolçu yetişdirməkdi.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest