"Bu futbolçuların oyunları bizi sevindirir. Ümid edirəm ki, yeni transferlər komandaya kömək etmək üçün rəsmi oyunlarda özlərini daha da yaxşı tərəfdən göstərəcəklər"

"Neftçi"nin baş məşqçisi Roberto Bordin klubun rəsmi saytına müsahibə verib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis Antalya toplanışı və yeni futbolçular haqda danışıb.

- Təlim-məşq toplanışından razı qaldınızmı?
- Taktiki-texniki planda eləmək istədiklərimizin hamısını həyata keçirdik. Komandamdan razıyam. Düzdü, bəzi futbolçuların yüngül zədələrinə görə kiçik problemlər vardı. Bununla belə, həmin oyunçuları ayağa qaldıra bildik. Təbii ki, üç yoxlama oyunu keçirmək bizim üçün çox vacib idi. Təlim-məşq toplanışından tam razı qaldım.

- Yeni transferlər – Mamadu Mbodj və Vanqelis Platellasın oyunu sizi qane edirmi?
- Bəli. Bu futbolçuları, xüsusilə də Mamadu Mbodju əvvəldən izləyirdik. Sonra o, komandamıza qoşulub, müdafiə xəttimizi gücləndirdi. Vanqelis Platellasa gəlincə, yunanıstanlı hücum xəttimizi gücləndirəcək keyfiyyətdə olan futbolçudu. Bunlardan əvvəl isə Mamadu Kane heyətə cəlb olunmuşdu. Digər iki oyunçu kimi, onun da gəlişinə şadıq. Bu futbolçuların oyunları bizi sevindirir. ümid edirəm ki, yeni transferlər komandaya kömək etmək üçün rəsmi oyunlarda özlərini daha da yaxşı tərəfdən göstərəcəklər.

- Yoxlama görüşlərində Əli Şirinov, Rəhman Daşdəmirov, Mirkamil Əliyev kimi gəncləri meydana buraxdız. Onlara çempionat oyunlarında da şans verəcəksiz?
- Bunu zaman göstərəcək. İndi bu haqda danışmaq tezdi. Əsas odu ki, onlar yaxşı hazırlıq keçdilər, ümumi məqsədimizə çatmaq üçün mənə və komandaya kömək etdilər.

- Kvame Karikarinin icarəyə verilməsindən sonra hücumçu transferi reallaşmasa, bunu ciddi problem kimi qiymətləndirmək olar?
- Əvvəla onu deyim ki, hazırkı heyətdən razıyam. Kifayət qədər yaxşı futbolçularımız var. Karikarinin gedişini bir tərəfdən itki saymaq olar. çünki bizə köməyi dəyirdi. Amma digər tərəfdən təəssüf ki, bəzi hallarda komandada öz yerini tuta bilmədi. Ona görə özü də vəziyyəti dəyişmək qərarına gəldi. Hücum xəttinə gəlincə, Vanqelis Platellas yaxşı futbolçu keyfiyyətlərinə malikdi. Bununla belə, Mbodj və Platellasdan sonra heyətə daha bir futbolçu cəlb edə bilsək, daha yaxşı olar. Amma cəlb edə bilməsək, dediyim kimi, hazırkı heyətdən razıyam.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest