"Neftçi"nin prezidenti Kamran Quliyev futbolpress.az saytına müsahibə verib. Futbolda heç bir uğur qazanmasa da, elmə məlum olmayan səbəblərə görə ölkənin ən köklü klubunun prezidenti kimi məsul vəzifə həvalə edilən Quliyev bir daha iç üzünü açıb hamıya göstərib.

Cəmi 1 ildi yaranan "Sabah"la görüşdən sonra "xalq komandası"nı el-aləmdə rüsvay edən Quliyev bu hərəkətinə görə azarkeşlərdən, futbol ictimaiyyətindən üzr istəmək əvəzinə yenə nala-mıxa vurub. Amma 8 komanda arasında 6-cı pillədə qərarlaşan "Sumqayıt"a kubokda məğlub olub, çempionluq yolunda isə çox vacib 2 xal verəndən sonra tribunlardan küsdürdüyü azarkeşlərə qarşı etdiyi səhvləri anlayıb. 

"Forza Neftçi"siz bir oyunumuz olmasın" deyə yalvaran "xarizma" yaxşı olar ki, ölkənin ən böyük azarkeş qrupundan üzr istəyib, bu narazılığı aradan qaldırsın. çünki, "Forza"nı küsdürməklə nəinki "Neftçi"yə, illərdi tribunaların boşluğundan "əziyyət çəkən" bütün futbolumuza zərər verir.

Uşaq futbolu haqda ağızdolusu danışsa da, "Neftçi"nin illərin əziyyəti ilə yetişdirdiyi bir çox istedadı klubdan didərgin saldığını və bununla "flaqman"a hələ uzun müddətlik sağalmaz yara vurduğunu deməyi "unudub".

Bərbad transferləri və formal sponsorları xeyli tərifləyən "xarizma" çempionluq vədi də verməyib. Hərçənd, klubun büdcəsi, azarkeşləri, Kamran Quliyevə qoyulan futbolçu mirası, klubun tarixi çempionluqdan başqa heç bir nəticəni məqbul saymır. Amma Kamran müəllim çempion olmasa istefa vermək fikrində deyil, bu sualdan məharətlə yayınır. Eyni zamanda, bir həftə sonra "Qarabağ"la keçiriləcək prinsipial oyun haqda nikbin deyil.

Futbolçuların, komandanın hələ tam hazır olmadığını deyir, sanki, azarkeşləri indidən uğursuzluğa hazırlayır. Amma özü də yaxşı bilir ki, çempionat elə vəziyyətdədi ki, "Neftçi"nin bu vəziyyətdə çempion olmamağı əsl faciə olar. Quliyev həm də gözəl bilir ki, çempionluqdan başqa hər hansı nəticə qovulması ilə nəticələnəcək.

Riad Rəfiyev, Zaur Axundov, Elnur Eyvazov "Neftçi" prezidentliyinə daha layiqli namizədlərdi. Kamran Quliyev bu məsələlərin apreldə, mayda müzakirə olunacağını düşünür. Amma yanılır! "Qarabağ"a məğlubiyyət və bundan sonrakı bir-iki oyundakı uğursuzluq onun labüd gedişini tezləşdirə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest