"Neftçi" klubunun sabiq futbolçusu və AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun səhhətində yenidən problem yaranıb. Matc.az xəbər verir ki, ötən ay ürəyindən ağır əməliyyat keçirən 65 yaşlı mütəxəssisdə bugünlərdə daxili qanaxma baş verdiyi üçün o, yenidən xəstəxanaya yerləşdirilib. 
 
Məlumatı təsdiqləyən AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev vəziyyətin nəzarət altına alındığını bildirib: 
"Bildiyiniz kimi, Şakir müəllimin ürəyindəki şah damarında genişlənmə olmuşdu və əməliyyat edilmişdi. Ağır əməliyyat keçirmişdi. Bir neçə gün əvvəl qanaxma baş verdiyi üçün "Ege Hospital"a yerləşdirildi. üç-dörd gün reanimasiyada saxladılar, dünəndən artıq palataya köçürülüb. İndi nisbətən yaxşıdır". 
 
Qeyd edək ki, Şakir Qəribov futbolçu karyerası ərzində "Neftçi"də 1975 - 1984 və 1987 - 1988-ci illərdə forma geyinib. O, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi, "Neftçi" və AZAL komandalarının məşqçisi vəzifəsində çalışıb.
fanat.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest