Futbol üzrə Belarus çempionatında mövsümə yekun vurulub. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Ruslan Qurbanovun komandası "Slaviya" (Mozır) da mövsümdəki sonuncu matçına çıxıb.
 
Sözügedən kollektiv 30-cu tur çərçivəsində doğma meydanda Minsk "Dinamo"su ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Ruslan bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Slaviya" mövsümü 32 xalla 16 kollektiv arasında 13-cü pillədə başa vurub və elitadakı mövqeyini qoruyub.
 
Qurbanov Belarus klubuna bu ilin avqustunda azad agent statusu ilə keçmişdi. O, Mozır təmsilçisində 5 çempionat matçına çıxıb, 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest