Feysbuk sosial şəbəkəsindəki "Neftçi" fanat səhifəsində klubun sadiq azarkeşləri yeni transfer - Vilnüs "Jalgiris"indən gələn mərkəz müdafiəçisi Mamadu Mbodj haqda fikirlərini bildiriblər. Komandanın kapitanı Ruslan Abışovun yoxluğunda etibarsız təsir bağışlayan müdafiə xətti çempionluq arzusunda olan sadiq azarkeşləri də çox narahat edir:

Sübhan Əliyev: "Litvadan gələn futbolçu çempionluğa oynayan komandada güclü ola bilməyəcək. çox zəifdi. Necə "atxod" olduğunu zaman göstərəcək".

Məhəd Rafiqoğlu: "Komandaya sağ cinah müdafiəçisi hökmən lazımdı..."

Seymur Sadıxov: "Müdafiə tamam dəyişməlidi..."

Müşfiq Məmmədzadə: "Türkiyə toplanışı mənə görə statistikadan başqa bir şey deyil. çempionat başlasın, görünəcək".

Orxan Əliyev: "Mövqe səhvləri. Petrovun tayıdı. Müdafiəçilər sıfır. Ən bərbadı da məşqçimiz, taktika deyilən şey yoxdu. Mbodju da elə tərifləyin, hələ ki bərbad".

Ramin İlyas: "Hələ gəlməmiş 2 ay qabaq dedim ki, bu lazımsız transfer idi. Axırıncı oyunda da göründü ki, sürətli hücumlar qarşısında başını itirmişdi".

Futbol meneceri Erkin İbrahimov da "Neftçi"nin transferlərini şərh edib. O, qol.az saytına müsahibəsində bunları deyib:

- "Neftçi"nin transfer siyasəti yoxdu. Yəqin, mövsümün əvvəlində hansısa işlər düzgün qurulmuşdu ki, bərbad transferlərlə belə, komanda qış fasiləsinə lider kimi yollana bildi.

Amma yayda kənardan üç futbolçu gətirilib, üçü də bərbaddı. Başqa söz tapmaq olmur. Biri yola salınıb, biri əvəzedici komandaya göndərilib, biri isə say üçün saxlanılıb. Hələ bilinmir, bundan sonra eyni adamlar fərqli futbolçular gətirə biləcəklərmi. Yarımmüdafiənin cinahında seçim imkanı çox olsa da, yunanıstanlı futbolçu aldılar. Halbuki, bütün menecerlərə demişdilər ki, mərkəzə oyunçu axtarırlar. Platellası tanıyıram, sırf cinah oyunçusudu. Hələ ki, tərifnamə mərhələsindədirlər. Bu işləri yaxşı bacarırlar. Necə oyunçu olduğunu vaxt göstərəcək. Amma məni o qədər də açmadı. Böyük ölçüdə Mbodj da elədi. Hər halda, müdafiənin mərkəzinə ağac da qoysan, Braliçdən daha canlı görünəcək. Yayda edilən səhvləri "yumağa", düzəltməyə çalışırlar. Heç olmasa, bu yaxşıdı ki, komandaya lazım olmayan futbolçuları göndərirlər. Hücumçu alsalar da olar, almasalar da. çünki Dabo və Mirabdulla kimi forvardlar var. Belə baxanda, bəlkə də say doldurmaq üçün daha bir oyunçu almaq olar. Amma deyərdim ki, elə də ehtiyacları yoxdu".

Matc.az olaraq bildirək ki, Kamran Quliyevin timsalında "Neftçi" başbilənləri komandanın problemli mövqeləri olan müdafiə və hücum xəttini gücləndirmək əvəzinə əsas bahalı transferləri ən güclü xətti olan yarımmüdafiəyə edib. Bu isə kifayət qədər yaxşı komplektləşmiş yarımmüdafiədəki oyunçular arasında narazılıq yarada bilər. Yeni transferlər Vangelis Platellas və Mamadu Kanenin səviyyələri haqda fikir yürütmək tezdi. Amma yunan futbolçunun alacağı fantastik maaş müqabilində əlahiddə futbol göstərməsi və komandanı arxasınca daşıyacaq liderə çevrilməsi vacibdi.

Mamadularun əsas heyət üzvünə çevrilməsi inandırıcı görünmür. Artıq məşqlərə başlayan Ruslan Abışov sağalandan sonra Mbodj  ehtiyatda şansını gözləməli olacaq. çünki ustalıq baxımından həm Abışov, həm də Petrovdan geri qalır. Eyni fikir Mbodjun adaşı Kaneyə də aiddi. Emin Mahmudov və Soni Mustivar olan yerdə qvineyalıya güvənmək kamikadzelik olar. Vangelis Platellasın da həmin futbolçulardan, eyni zamanda Rəhman Hacıyevdən, Namiq Ələsgərovdan, Dario Frederikodan üstün olub-olmaması şübhəlidi. Əlbəttə, yunan yarımmüdafiəçi komandanın ən ödənişli üzvü ola bilər. Amma bu o demək deyil ki, Vangelis həqiqətən də komandada olan yarımmüdafiəçilərdən ustalıq səviyyəsinə görə üstündü.

Hər halda, debüt matçında bu avansları doğrultmadı. Amma bir oyuna görə futbolçuya qiymət vermək olmaz. Gözləyək görək, Vangelis dahi bəstəkar adaşının Azərbaycanda qazandığı sevginin cüzi hissəsini oyunu ilə futbolsevərlərimiz arasında qazana biləcək, yoxsa dünya şöhrətli  sənətkarla yalnız adlarının uyğunluğu ilə yaddaşlarda qalacaq. Necə ki, böyük təmtəraqla təqdim edilən "Vəhşi" ləqəbli Kvame Karikarinin yaddaşlarda yalnız Bayram Kürdəxanılının "Yari yari" meyxanası ilə qaldı.

Karikari, Braliç, Paratski, Rəşad Eyubov və başqa transferlərdə olduğu kimi, bu dəfə də yalnız Kamran Quliyev qazansa, artıq "sorry, sorry, sorry" üzrləri qəbul olunmayacaq...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest