Antalyada təlim-məşq toplanışında olan "Keşlə" bir tərəfdən də transfer çalışmalarını davam etdirir. Matç.az saytının əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi daha bir əcnəbi futbolçu ilə anlaşıb.

Bu, vaxtilə AZAL-ın formasını geyinmiş Valeri Kutsenkodu. Hazırda Antalyada komandanın düşərgəsində olan 32 yaşlı yarımmüdafiəçi "Keşlə" ilə münasibətləri rəsmiləşdirəcək.

Son klubu Moldova təmsilçisi "Speranta" olan ukraynalı Kutsenko 2014-2015 mövsümünün ikinci yarısında - 6 ay AZAL-da çıxış edib. Hətta bu qısa müddət Azərbaycan yığmasının həmin vaxtkı baş məşqçisi Robert Prosineçkinin onu milliləşdirmək eşqinə düşməsi üçün kifayət edib. Sadəcə, AZAL-da baş vermiş maliyyə problemi bir çox aparıcı oyunçular kimi, Kutsenkonun da mövsümün sonunda ayrılmasına səbəb olub. AZAL-ın heyətində Premyer Liqada keçirdiyi 14 oyunda 2 qola imza atan orta sahə oyunçusu son klubu "Speranta"ya 2017-ci ilin yayında Ukrayna "Nikolaev"indən keçib.

Qeyd edək ki, Valeri Kutsenko "Keşlə"nin qış fasiləsində Con Kamaradan sonra ikinci əcnəbi transferi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest