Futbol üzrə İspaniya La Liqasının 9-cu turunun iki oyunu təxirə salınıb. Matc.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.
 
Belə ki, bu həftə keçirilməli olan "Real" - "Atletik" və "Qranada" - "Atletiko" (Madrid) matçları Ali İdman Şurasının tələbi əsasında təxirə salınıb. Belə qərarın verilməsinə Dç-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələ oyunları səbəb olub. Bu görüşlərin çempionlar Liqasında çıxış edən İspaniya klublarına mənfi təsir edəcəyi bildirilib. çünki sözügedən klubların bir neçə futbolçusu milli komandaların düşərgəsində olduğundan, qarşıdakı oyunlarda heyətlə bağlı problemlə üzləşə bilərdilər.
 
Oktyabrın 17-də keçirilməli olan bu qarşılaşmaların yeni tarixləri yaxın günlərdə açıqlanacaq. 
 
Xatırladaq ki, cari mövsümdə ikinci dəfədir oxşar qərar qəbul olunur. Dç-2022-nin seçmə mərhələ oyunları ilə əlaqədar futbolçuları millinin düşərgəsindən gec qayıdan İspaniya klubları sentyabrda da La Liqa rəhbərliyindən oyunlarının təxirə salınmasını tələb etmişdilər. Həmin vaxt La Liqanın 4-cü turu çərçivəsində sentyabrın 11-də keçirilməli olan "Sevilya" – "Barselona" və "Vilyarreal" – "Alaves" matçları təxirə salınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest