"Dublindəki qarşılaşmanın ilk hissəsində yaxşı oyun sərgilədik. İkinci yarıda oyunu idarə etməkdə daha çox çətinlik çəkdik və bizim üçün inanılmaz olan 3 xalı evə apara bilmədik. Təəssüf ki, İrlandiyanın qoluna əngəl olmağı bacarmadıq. Həmin epizodda daha yaxşı ola bilərdik, bir neçə futbolçumuz sadə səhvlərə yol verdi". Matc.az xəbər verir ki,  bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İrlandiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl "İrishexaminer" nəşrinə açıqlamasında deyib.
 
65 yaşlı mütəxəssis səfərdəki 1:1 hesablı heç-heçəni ədalətli nəticə hesab edib: "İrlandiya qapıçıdan başlayaraq arxa xəttdən oynamağa çalışan komandadır. Həm taktiki, həm də fiziki cəhətdən yaxşı keyfiyyətlərə malikdir. Amma görünən odur ki, komanda hələlik tarazlığı tapa bilməyib".
 
İtaliyalı baş məşqçi İrlandiya yığmasının zəif nəticələrini yeni kollektivin formalaşdırılması ilə əlaqələndirib: "Tələsik nəticə əldə etmək istəyi həmişə reallıqla uyğunlaşmır. Oyun tərzinizi dəyişdirmək və yeni kollektiv qurmaq istədiyiniz zaman bunu həyata keçirmək asan olmur. Eyni klubda oynayan futbolçuların azlığı və onlarla çox vaxtınızın olmamasını vurğulamaq lazımdır. Məqsədinizə sadiq qalmağa çalışarkən məhdud vaxtı optimallaşdırmalısınız". (report.az)
 
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest