Turnir cədvəlindəki qonşusu "Qarabağ"dan geri qalmaq istəməyən "Neftçi" axır ki, transferə hazırlaşır. Düzdü, Almeyda və Reynaldonun əvvəlki kimi faydalı olub-olmayacağı və "Qarabağ"ın bu "transfer pəncərəsi"ndə nə dərəcədə güclənəcəyini zaman göstərəcək. Amma "flaqman" istənilən halda, heyət baxımından ağdamlılardan çox geri qalır və əgər qarşıda çempionluq məqsədi varsa, mütləq güclənməlidi. çünki, hələ Elxan Abdullayevin dövründən qurulan heyətlə yeni ilə çempionatın lideri kimi girən "xalq komandası"nın bu durumda başından yuxarı tullandığını etiraf etmək lazımdı.

Təəssüf ki, Kamran Quliyevin gəlişindən sonra son illərin ən böyük - 21 milyonluq büdcəsi qarşısında futbolçu ehtiyatı güclənmək əvəzinə zəiflədi. Komandanın lideri İqnasio Herrera heç bir əsas olmadan göndərildi. ötən mövsüm çempionatın ən yaxşı qapıçılarından olan Rəşad Əzizli də artıq başqa komandadadı. Ceyhun Sultanovun sayəsində "Qəbələ"dən ələ keçirilən Baqali Dabo və qismən həmin Sultanovun təkidi ilə hələ ötən mövsüm alınan Soni Mustivarı nəzərə almasaq, legioner transferində bir faciə yaşandı. Eyni sözlər yerli transferlərə də aiddi. Tural Axundovu çıxmaqla demək olar ki, heç bir transfer uğurlu alınmadı.

İllərin əziyyətinə başa gələn və oturuşmuş heyəti parçalamaq isə Kamran müəllimin əlində su içimi kimidi. Rəhman Hacıyev, Namiq Ələsgərov kimi milliyə namizəd olan futbolçular həvəsdən salınıb, ehtiyat oyunçulara çevrildi. İndi isə, deyəsən sıra Emin Mahmudov və Frederiko Dariodadı.

ötən mövsüm Yunanıstanın aşağı liqasında yaxşı mövsüm keçirən Vangelis Platellasın "Neftçi"ni gücləndirib-gücləndirməyəcəyini gələcəkdə biləcəyik. Oyunçunun səviyyəsini də daha yaxşı tanıyandan sonra müzakirə etmək məntiqlidi. Ən azından eşelonla gələn afrikalılar kimi mənşəyi bilinməyən klublarda oynamayıb, Yunanıstanda çıxış edib. Lakin bir məqam var ki, ona təəccüblənməmək olmur. Bu futbolçu hücümameylli sağ cinah yarımmüdafiəçisidi. Bu mövqedə Dario, Namiq və ilin ilk oyununda az müddət meydanda olsa da, iki qol vuran Əli Şirinov var. Doğrudu, Vangelis ehtiyac olanda yarımmüdafiənin mərkəzində və sol cinahında da oynaya bilir. Amma mərkəzdə komandanın lideri Emin Mahmudov, Soni Mustivar, sol cinahda isə Baqali Dabo var. Rəhman Hacıyev isə eyni uğurla həm mərkəzdə, həm də sol cinahda çıxış edə bilir. O zaman bu mövqelərə bahalı transfer edib, baş sponsor SOCAR-a "21 milyon çatmadı, yenə pul verin" -  deyə, yalvarmağa nə ehtiyac var? Məqsəd nədi? Komandanı gücləndirmək, yoxsa?...

"Qaz Metan"la yoxlama oyunu hər hansı futbolçu haqda ciddi nəticə çıxarmaq üçün əsas verməsə də, Mbodjun müdafiəyə "artıq ət" olmayacağını demək olar. Amma çempionluğa oynayan komandanın müdafiəsində ən azı Yakub Jezniçak, Ansi Aqolli kimi legionerlər olmalıdı. "Neftçi"nin də müdafiənin mərkəzinə və sol cinahına əsas heyəti gücləndirəcək legionerlərə ehtiyacı var. Eyni zamanda, mərkəz hücumçusu, hətta hücumçuları lazımdı. Bir Mirabdulla Abbasova ümid etməklə uzağa getmək olmaz. "Neftçi"nin sıravi azarkeşlərinin də gördüyü qolçu hücumçular, mərkəz müdafiəçisi, sol müdafiəçi mövqelərini gücləndirmək, bu zəif nöqtələrə əsas heyəti gücləndirəcək legionerlər almaq əvəzinə ən yaxşı komplektləşmiş yarımmüdafiə xəttinə Mamadu Kane, Yesse Sekidika, Vangelis Platellas alınır...

Həm də, daha çox aşağı liqada oynamış yunanıstanlı karyerasında heç vaxt hansısa klub tərəfindən bir qəpik də ödənilmədən alınsa da, "Neftçi" bu il 31 yaşını tamamlayacaq "ağsaqqal"a görə 50 min ödəyib, fantastik məbləğə  - 300 min avro qarşılığında ilyarımlıq müqavilə bağlayacaq. 

Görünür, gedişinə günlər qalan klub rəhbərliyini daha sonra futbolçu lazım olmasa, klubun onu necə yola salacağı, nə qədər təzminat ödəyəcəyi maraqlandırmır.

İnanmaz istəməzdik ki, "Neftçi"nin ən çox maaş alan futbolçusu olan Vangelisin, Karikarinin başqa transferlərinin indiki maaşlarında, mükafatlarında və sonrakı təzminatlarında da Kamran müəllimin şəxsi marağı ola. Nə bilmək olar?...

Amma dəqiq olan bir şey var ki, Kamran Quliyev bu transferlə komandadaxili mühiti daha da korlayacaq. Rəhman Hacıyev, Namiq Ələsgərov, Emin Mahmudov, Soni Mustivar, Dario Federiko ehtiyatda oturmaqla barışası futbolçular deyil. Amma onlar Vangelisdən daha yaxşı formada olsalar belə, komandanın ən yüksək ödənişli futbolçusu daim əsas heyətdə olacaq...

Yunanlar Vangelisin real qiymətindən dəfələrlə çox, onun səviyyəsi üçün fantastik dərəcədə şişirdilmiş bir məbləğ - 300 min avro alacağını yazır və məhz buna görə Yunanıstanın yüksək liqasını Azərbaycana dəyişdiyini vurğulayırlar. Görəsən, SOCAR-ın min bir əziyyətlə qazandığı bu 300 min avrodan nə qədəri Vangelisin özünə çatacaq? Və əgər bu pullardan Kamran müəllimə də faiz çatırsa, o həmin pulları necə yeyə bilir? Canlarını SOCAR-ın bu günə gəlib çıxmasına fəda etmiş fəhlələrin ruhundan qorxmur ki?

P.S. Əgər Kamran Quliyev gələndən transfer etdiyi bütün futbolçuların maaşı şişirdilibsə, onda vay SOCAR-ın halına...

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest