"Neftçi"də ara qarışıb, məzhəb itib. Klubun sıravi işçiləri və rəhbərliyi, eyni zamanda futbolçular Kamran Quliyevin idarəçilik üsullarından təngə gəlib. "Parçala və idarə et" prinsipini rəhbər tutan prezident yalnız klub daxilidə deyil, "flaqman"ın sadiq azarkeşləri arasında da nifaq salmaq, insanları bir-biri ilə düşmən etmək yolunu tutub.

Bu "taktika" media təmsilçilərinə qarşı da uğurla istifadə edilir. "Neftçi" prezidentinin qandonduran strategiyası hələlik uğur gətirir: klub daxilində, azarkeşlər və media təmsilçiləri arasında ciddi narazılıq, futbolçular arasında isə qruplaşmalar yaratmağı bacarır. Amma hər şeyin müəyyən bir ömrü var. Gec-tez hər şey faş olur.

Təsadüfi deyil ki, Kamran Quliyevin "lyubimçiki" olan məşqçilər və bəzi futbolçular komandanın aparıcı legionerləri arasında narazılıq yaradıb. Ceyhun Sultanovun qabiliyyəti və israrı sayəsində böyük çətinliklə alınan və yeganə uğurlu transfer deyə biləcəyimiz Baqali Dabo artıq bu ab-havanı və baş məşqçi Roberto Bordinin məşqlərini qəbul edə bilmədiyini gizlətmir. Fransalı hücumçu ciddi dəyişiklər olmasa klubdan getmək fikrindədi.

Naməlum xidmətlərinə görə həyatında ən böyük vəzifəyə gələn Kamran müəllim "ulduz xəstəliyi"ndən əziyyət çəkir. Adətən bu,  şöhrətin ağırlığını qaldıra bilməyən gənc futbolçularda müşahidə olunur. Amma bu dəfə daha ağır haldı. 7-dən 77-yə hamını bezdirən Quliyevin istefasını yalnız tribunadan didərgin saldığı azarkeşlər yox, klub daxilində də futbolçular daxil demək olar hamı istəyir. Ən əsası isə Afrikadan həvəskar futbolçuları "xalq komandası"na gətirməklə büdcəyə nəzarət edə bilməyən prezident klub rəhbərliyini də bədbinləşdirib. Nə peşəkar, nə də insan kimi ümidləri doğrultmayan Quliyev yerli oyunçu transferlərində də fiaskoya uğrayıb.

Diviziondan gətirilən Mirkamil Əliyev adlı futbolçunu ölkədə Kamran müəllimdən başqa heç kim tanımır. Bu futbolçu, eyni zamanda illərdi "Neftçi"nin "dublu" səviyyəsini aşa bilməyən Elnur Süleymanov, Elvin Sərkərov, son hazırlıq matçında Dabonun ustalığı sayəsində "Qaz Metan"ın ikinci heyətinə 2 qol vursa da istedadı ilə seçilməyən Əli Şirinovu xərc çəkib Antalyaya aparmağın mənasını anlamaq çətindi. Bu futbolçuların heç biri "Neftçi" səviyyəsində deyil və perspektivdə də möcüzəvi tərəqqiyə nail olacaqları inandırıcı görünmür.

Yayda bəh-bəhlə alınıb bir neçə ay sonra gedişləri toy bayram kimi qəbul olunan Rəşad Eyubov, Kvame Karikari də Quliyevin "şah əsərlər"idi. Eyni zamanda, əvəzedicilərdə məşq edən Braliç və Antalyaya aparılsa da komandaya zərrə qədər xeyir verəcək potensialda olmayan 33 yaşlı "tapıntı" Paratski. Amma səhvlərdən nəticə çıxarmaq əvəzinə tutduğu yoldan çəkinmək fikrində olmayan müvəqqəti prezident yeni transferlərlə də kluba son zərbələrini vurur.

Səkkiz oyundu qələbə üzünə həsrət olan "Qaz Metan" üzərində qələbəni çempionluq kimi təqdim edən, dərhal "medianın ulduzu"na çevrilən Kamran müəllim rumınların eksperimental heyətlə oynadığını və hazırlıq görüşlərində əsas məqsədin nəticə olmadığını unudub. Və onu da unudub ki, hazırlıq matçında nəticəyə oynayan və qələbə qazanan komandalar adətən rəsmi oyunlarda məğlub olur. "Qarabağ"la prinsipial qarşılaşmaya isə artıq 2 həftədən də az vaxt qalır və hələ də normal transferi etməyən klubun prezidenti azarkeşlərə ümidlər verir.

Daha demir ki, kluba gələndə "biz disklə oyunçu almayacağıq, bütün futbolçuları izləyib əvvəldən seçimimizi edəcəyik və "transfer pəncərəsi" açılan kimi transferlər rəsmiləşəcək ki, yeni futbolçuların hazırlıq və adaptasiya prosesi normal qaydada olsun" tipli yağlı vədlər, açıqlamalar verirdi... Onda braliçlər, karikararilər yox idi...

Deyirlər, cəhənnəmə gedən özünə yoldaş axtarır. Kamran müəllimin uzun müddətlik müqavilələrlə "Neftçi"yə "paz etdiyi"  transferləri klubdan yola salmaq üçün nə qədər təzminat ödənəcək, hələ o vaxta qədər bu həvəskarlara dəyərlərindən dəfələrlə artıq nə qədər pul veriləcək Allah bilir.

Olan isə Azərbaycan futbolunun flaqmanı, ölkəmizin ən köklü və titullu klubu, xalqımızın komandası, azarkeşlərin əbədi və tək sevgisi "Neftçi"yə olur...

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest