Heyətini gücləndirmək cəhdlərini davam etdirən "Neftçi" diqqətini Yunanıstana yönəldib. Matç.az saytının məlumatına görə, "ağ-qaralar" Vangelis Platellasın xidmətində maraqlıdı.

Artıq yarımmüdafiəçinin klubu OFİ-yə bununla bağlı rəsmi təklif də ünvanlanıb. Aşağı liqada oynamaq üzrə ixtisaslaşan futbolçunun Superliqada istəniləni vermədiyini nəzərə alsaq, Ellada təmsilçisi bu keçiddə maraqlıdı.

Elə OFİ rəhbərliyi də "Neftçi"dən təklif gəldiyini və transferin gerçəkləşməsinin mümkünlüyünü təsdiqləyib. Lakin Krit klubu məsələnin maliyyə tərəfinin sərfəli olmasını istəyir. Bir sözlə, yunanıstanlılar "Neftçi"yə futbolçu satmaqdan irəli düşmək niyyətindədi.

Əslində, yarımmüdafiənin cinahlarında ciddi problem olmayan "ağ-qaralar"ın məhz vinger üçün para xərcləməsi də maraqlıdı. Hər halda, paytaxt təmsilçisi bu mövqedə kifayət qədər istedadlı oyunçulara malikdi.

31 yaşlı vinger peşəkar karyerasına da aşağı dəstə təmsilçisi "Kaliteya" klubunda başlayıb. 6 il aşağı dəstədə bu komandanın uğurları üçün çalışan Platellas 2012-ci ilin əvvəlində "Şkoda Ksanti"yə keçib. Məhz bundan sonra Superliqada debüt imkanı qazanan yarımmüdafiəçi mövsümyarım ərzində 23 qarşılaşmada iştirak edib. Lakin hücumameylli yarımmüdafiəçi olan Vangelis qol hesabını aça bilməyib.

özünü yaxşı tərəfdən göstərə bilmədiyindən "Şkoda Ksanti"yə lazım olmayan futbolçu 2013-cü ildə aşağı liqada mübarizə aparan AEK-ə yollanıb. 2013/14 mövsümündə 15 qolla aşağı liqada bombardirlik nümayiş etdirən Platelas növbəti mövsümdə də uğurla çıxış edib. 2014/15 mövsümündə bu komandada keçirdiyi 26 görüşdə 7 qol vuran yarımmüdafiəçi Superliqaya vəsiqə qazanılmasında pay sahibi olub.

Lakin AEK yüksək liqada yarımmüdafiəçidən çox faydalana bilməyib. Mövsümyarım ərzində 23 matça çıxan futbolçu cəmi 3 dəfə rəqib qapısına yol tapıb. 2016-cı ildə Avropa Liqasında debüt də uğurlu alınmayıb. 2 oyunda 45 dəqiqə şans qazanan futbolçu heç nə ilə fərqlənməyib.

Düzdü, AEK-də oynadığı vaxt yarımmüdafiəçi Yunanıstan millisinə də çağırılıb. O, AVRO-2016-nın Rumıniya ilə seçmə oyununa dəvət alsa da, ehtiyatda qalıb.

Superliqada AEK-in ümidlərini doğrultmayan Vangelis 2016/17 mövsümünün ikinci yarısını "Atromitos"da keçirib. 16 görüşdə 1 qol vuran vinger Superliqa səviyyəsindən aşağı olduğunu dərk edərək, "Aris"ə üz tutub.

Gücü aşağı liqa komandalarına çatan Platellas 2017/18 mövsümündə 27 matçda 9 qol vurub. Bu, yarımmüdafiəçinin Superliqa təmsilçisi OFİ-yə keçidindən rol oynayıb. Lakin cari mövsümün ilk yarısında keçirdiyi 15 görüşdə cəmi 2 qola sevinən futbolçu klub rəhbərliyini seçiminə peşman edib. çünki OFİ-də daha artığını gözləyirdilər.

Superliqada ümumilikdə 77 oyun keçirən Vangelis vur-tut 6 qol vurub. Hərçənd aşağı liqada daha məhsuldar oynayan futbolçudan gözləntilər daha böyükdü.

Qeyd edək ki, Vangelis Superliqadakı son qolunu 8 gün öncə "Panionios"la ev oyununda (1:1) vurub. Görünür elə bu da onun təmsilçimizin maraq dairəsinə düşməsinə səbəb olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest