Avrokubok oyunlarında, xüsusən də, "Qarabağ"ın matçları zamanı tribunaların ağzına qədər dolması nə qədər sevindirici olsa da, Azərbaycan çempionatına qayıdanda tribunada adam tapmaq olmur. Təəssüf ki, illərdi azarkeş problemini həll etmək mümkünsüzə çevrilib.

Bunun üçün bir çox layihələrdən istifadə olunub, hətta lotereyalar da təşkil edilib. Amma oyunlara gəlmirlər ki, gəlmirlər. Bir tərəfdən futbolsevərləri başa düşmək də çətin deyil. Axı çempionatımız həvəskarlar liqası səviyyəsindəki oyunlarla zəngindi. Camaatı həftəsonu top-top oynayanlardan ötrü pullarından keçib, məhəllə futboluna baxmaqdansa (barmaqla sayılacaq qədər oyun istisna olmaqla), evlərində rahat oturub Premyer Liqanı, La Liqanı, A seriyasını izləməyi üstün tutmalarına görə qınamaq olmaz.

Digər səbəblər paytaxtda iki ildən bir yeni komandanın peyda olması və 8 klubdan 6-nın Bakıda çıxış etməsidi. Halbuki, ölkəmizdə futbola maraq əsasən bölgələrdə olub. Keçmişə boylanıb "Karvan"ın, "Turan"ın, "Kəpəz"in, "Şəmkir"in, "Xəzər Lənkəran"ın ev oyunlarından görüntülərə baxsaq, bunun təsdiqini görərik. Xüsusən də, "Xəzər Lənkəran"lı çempionatlarımız daha böyük ajiotajla yadda qalıb. Cənubluların "Neftçi" ilə meydanda olduğu kimi, ondan kənarda da rəqabəti hələ çox xatırlanacaq.

İndi nə "Xəzər Lənkəran" var, nə də "Neftçi"nin əvvəlki minlərlə azarkeşi. Ancaq hazırda bir fan-klub var ki, çempionatımıza meydandakı mübarizədən çox rəng qatır. Bəli, söhbət "Forza Neftçi"dən gedir. O "Forza Neftçi" ki, məhz "Neftçi"nin prezidenti Kamran Quliyevin gözü götürmür, fəaliyyəti qanını qaraldır.

Əksər klublarımız 1-2 manatlıq 40-50 azarkeşlə mövsümü yola verməyi bacarır. Həmin 1-2 manat olmasa, tribunalarda barmaqla sayılan o "fanatlar" da tapılmaz. Ancaq "Forza Neftçi" klubdan asılı olmadan sərbəst fəaliyyət göstərir, əsl fanatlar kimi sevimli komandasından uğur tələb edir, rəhbərliyin səhv addımını dilə gətirir, qınayır. Elə buna görədi ki, Kamran Quliyev həmin fan-klubun dağılması üçün əlindən gələni edir. Axı süni yollarla təriflənməyə öyrəşiblər.

Prinsip etibarilə Quliyev istəyinə müəyyən dərəcədə nail olub. "Forza Neftçi"ni özünə düşmən elan etməklə onları tribunalardan didərgin salıb. "Neftçi"nin 12-ci oyunçusu artıq oyunlara getmir. Yayın istində, qışın soyuğunda 90 dəqiqə dayanmayan, bəlkə də, meydandakı futbolçulardan çox əziyyət çəkən "Forza Neftçi" gənclərinin bu canfəşanlığının qarşılığında klub prezidentinin onları başqalarının ayağına verməsi təsadüfi deyil.

Ancaq mümkün uğursuzluqlardan sonra təzyiqlə üzləşməmək üçün ölkənin ən güclü azarkeş qrupunu dağıtmaq istəyən, bu məqsədlə "Forza Neftçi"ni tribunalardan küsdürməyə nail olan Kamran bəyin arzusu ürəyində qalacaq. Onun fan-klubu tarixə qovuşdurmaq istəyi baş tutmayacaq. çünki onlar oyunlara getməsələr də, fəaliyyətlərini davam etdirirlər. "Neftçi" rəhbərinin Antalyada kef çəkdiyi bir vaxtda "Forza Neftçi" 20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarət etməyə hazırlaşır.

Sələfləri kimi, Kamran Quliyev də "Neftçi"də müvəqqətidi. Hətta bu cür fəaliyyətlə mövsümün sonunu görməməsi də təəccüblü olmaz. Ancaq Azərbaycan futbolunun bəzəyi olan "Forza Neftçi" komandasını sevməkdə, dəstəkləməkdə davam edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest