Yarımfinalda İspaniyanın rəqibi Yaponiya olacaq. Braziliya isə finala vəsiqə uğrunda Meksika ilə qarşılaşacaq. Hər iki oyun avqustun 3-də keçiriləcək.

Tokio Yay Olimpiya Oyunlarında kişi futbolçuların mübarizəsi davam edir. Matc.az xəbər verir ki, bu gün yarımfinalçılar müəyyənləşib.
 
Olimpiadanın favoritlərindən olan İspaniya Kot-d'İvuarla qarşılaşıb. Rafa Mir "matadorlar"ın qəhrəmanına çevrilib. Hücumçu matçın ikinci hissəsinə artırılmış ikinci dəqiqədə meydana daxil olanda komandası 1:2 hesabı ilə geridə idi və hər kəs Kot-d'İvuarın mərhələ adlayacağını düşünürdü. Lakin bir dəqiqə sonra Rafa rəqib qapısına yol taparaq qarşılaşmanı əlavə vaxta daşıyıb. Əlavə vaxt 24 yaşlı forvard daha iki qol vuraraq het-trikini rəsmiləşdirib. "Qırmızılar"ın digər qolunun müəllifi isə Mikel Oyarsabal olub. Beləliklə, 5:2 hesabı ilə qələbə qazanan İspaniya yarımfinala yüksəlib.
 
Yaponiya - Yeni Zelandiya matçının əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq olan ev sahibləri mərhələ adlayıblar.
 
Yarımfinalçılar sırasında Braziliya millisi də var. Cənubi amerikalılar Mateus Kunyanın ilk hissədə vurduğu qol sayəsində Misiri 1:0 hesabı ilə məğlub edərək adlarını "son səkkizliy"ə yazdırıblar.
 
Cənubi Koreya 1/4 finalda mübarizəni dayandırıb. Asiyalılar Meksika ilə qarşılaşıb. 9 qolun vurulduğu matç Meksikanın 6:3 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Futbol
Kişilər, 1/4 final
 
İspaniya - Kot-d'İvuar - 5:2 (əlavə vaxt)
Qollar: Olmo (30), Mir (90+3; 117, 120+1), Oyarsabal (98-penalti) - Bayi (10), Qradel (90+1)
 
Yaponiya - Yeni Zelandiya - 0:0, penaltilər seriyası - 4:2
 
Braziliya - Misir - 1:0
Qol: Kunya (37)
 
Cənubi Koreya - Meksika - 3:6
Qollar: Li Don-Yun (20; 51), Hvan Vi ço (90+1) - Martin (12; 54), Romo (30), Kordova (39; 63), Aqirre (84)
 
Yarımfinalda İspaniyanın rəqibi Yaponiya olacaq. Braziliya isə finala vəsiqə uğrunda Meksika ilə qarşılaşacaq. Hər iki oyun avqustun 3-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest