Mövsümün ikinci yarısına hazırlıqlarını davam etdirən Azərbaycan Premyer Liqa klublarının səkkizi də Antalyada təlim-məşq toplanışındadı. Matç.az saytının məlumatına görə, hazırlığın əsas mərhələsini davam etdirən təmsilçilərimiz müxtəlif ölkələrin komandaları ilə yoxlama görüşlərində qüvvələrini sınayacaqlar.

ümumiyyətlə, qış toplanışı üçün ən uğurlu yer hesab edilən Antalyada bir çox ölkənin klubu məskunlaşıb. Təsadüfi deyil ki, komandaların əksəriyyəti Belek bölgəsinə üstünlük verib. çünki həm şərait, həm də asan rəqib tapmaq baxımından bura ən münasib yerdi. Elə Azərbaycan klublarının da əksəriyyəti oranı seçib.

Yalnız Premyer Liqanın lideri "Neftçi" istisnadı. Prezidenti Kamran Quliyev olan "ağ-qaralar" nədənsə, Manavqat bölgəsinə yollanmağı üstün tutub. Halbuki, orda şərait heç də Belekdəki kimi deyil. Hətta əvvəllər Kamran bəyin prezident olduğu "Sumqayıt" artıq Belekə üstünlük verir. Halbuki, bakılıların büdcəsi "Sumqayıt"dan azı 10 dəfə çoxdu. Sadəcə, "The Sense De Luxe" oteli ilə münasibət olduğundan, kim bilir, bəlkə də ortada "güzəşt" söhbəti var. Görünür, "Neftçi" rəhbərliyinin bu addımında maddi maraq ön plandadı.

Elə bu səbəbdəndi ki, "Neftçi" yoxlama görüşü üçün 3 rəqib güclə tapıb. çempionluq yolundakı əsas rəqib "Qarabağ"ın "Uypeşt ", Donetsk "Şaxtyor"u kimi güclü komandalarla qarşılaşacağı vaxtda "Neftçi" Rumıniya, çexiya və Bolqarıstan çempionatının ortababları ilə kifayətlənməli olacaq.

Premyer Liqanın əsas mərhələsinə qədəm qoyduğumuz bir məqamda komandanın hazırlığını deyil, şəxsi mənafeyi güdmək heç də uğur qazandırmaz. Hər halda, Manavqat şəlaləsi yaxınlığında şəkil çəkdirməklə, Novada Parkını gəzməklə çempionluq yarışında istədiyin nəticələri qazana bilməzsən.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest