"Yanvarın 21-də yığışacağıq. Qış fasiləsindən sonrakı oyunları boykot edib-etməməklə bağlı yekun qərarı həmin vaxt verəcəyik". Bu sözləri matç.az saytına açıqlamasında "Forza Neftçi" fan-klubunun rəhbəri Sübhan Əliyev deyib.

Paytaxt klubu ilk yarıdan sonra turnir cədvəlinin 1-ci pilləsində qərarlaşmasına baxmayaraq, "Neftçi"nin ən böyük dəstəkçisi olan "Forza Neftçi" boykot qərarı alıb. Əliyev bunun səbəbini belə izah edib: "Biz "Neftçi"ni sevən insanlarıq. Tez-tez rəhbər dəyişikliyi olur, heç biri də vəziyyəti düzəltmir. Hamısı "atıb" gedir, dediyi sözə əməl etmir. Dəyişməyən tək qüvvə azarkeşdi. Biz "Neftçi"nin pis günündə yanında olmuşuq. Komandamızın "SKA-Xabarovsk"a yoxlama görüşündə 1:8, "Uypeşt"ə avrokubokda 0:4 hesabı ilə məğlub olmasını görmüşük. Həmin vaxt üz döndərməmişiksə, klubun yaxşı günündə də bunu etmərik. Bu gün də stadiona gedəndə bizi "Neftçi"dən başqa heç nə maraqlandırmır. Ancaq bunun qarşılığında təhlükəsizliyimizin təmin olunmadığını görürük. Bu məsələ də həllini tapana qədər stadionda olmayacağıq".

Fan-klub rəhbəri klubdan istədikləri münasibəti görmədiklərini vurğulayıb: "Rəhbər yaxşıdısa, hər zaman arxasındayıq, pisdisə qarşısında yer alırıq. Biz klubdan asılı deyilik, azad azarkeş qrupuyuq. Ancaq təhlükəsizlik məsələlərində klub arxamızda olmalı, bizi birinci sahib olmalıdı. Bu işləri də özümüz həll edəcəyiksə, onda "Neftçi"ni versinlər, biz idarə edək. Demirik ki, 3-5 oturacağı qırmaqla yaxşı eləmişik. Cəriməsi nədisə, ödəməyə də hazırıq. Ancaq klub rəhbərliyi bizi bəzi məsələdə sahib olmalıdı. Klubu təmənnasız sev, qarşılığında da bu cür münasibət gör. Belədə istər-istəməz insanın qəlbi küsür".

"Neftçi" azarkeşlərini ən çox narazı salan məqamlardan biri transfer çalışmalarıdı. Sübhan Əliyev də bununla bağlı narahatlığını dilə gətirib: "İkinci dövrənin startına 10-12 gün qalmış ulduz futbolçu da gətirsən, onun uyğunlaşmaq üçün zamana ehtiyacı olacaq. çempionluğa oynayan komandasansa, başa düşməlisən ki, gecikirsən. Belə vəziyyətdə çempionluq çox çətin olacaq. çempionluq sözünü dildə deməklə deyil, əməldə göstərmək lazımdı. Fakt odu ki, bu gün hücumda təkcə Mirabdulla Abbasovun ümidinə qalıblar. "Qarabağ" Almeydanı, Reynaldonu qaytardı. Bununla özləri də başa düşürlər ki, güclənmək lazımdı. Karikari ilə Braliçin ümidinə qalmışıq ki, onlar nə vaxt gedəcək, komanda oyunçu transfer edəcək. Bəs onlar getməsə necə olacaq? Gətirəndə fikirləşmək lazımdı. 6 aylıq futbolçu gətirirlər. Yalandan pul paylamağa nə ehtiyac var? Klubda skautluq məsələsinə baxan kimdisə, deməli, düzgün işləmir. 4-5 il əvvəl edilən səhvləri bunlar da təkrarlayırlar. Karikari, Braliç, Paratski nə oyun göstərib ki? ötən yay gələnlərdən təkcə Dabo yaxşıdı. 82 yaşlı kluba belə oyunçular gətirməməlisən. Axı siz 4-5-ci yerlərdə getmirsiniz, çempionluğa oynayırsınız. Elxan Abdullayev ən zəif baş məşqçimiz olsa da, son illər ən yaxşı oyunçuları o gətirib".

Fan-klub rəhbəri hazırkı prezident Kamran Quliyevin yerinə Riad Rəfiyevin gətirilməsi variantına da münasibət bildirib: "Riad Rəfiyevi futbol meneceri kimi tanımışıq. Amma onun atasına böyük hörmətimiz olub. O insan Azərbaycan futbolu üçün cibindən nə qədər pul xərcləyib. "Neftçi"yə rəhbəri biz qoymuruq ki, biz də dəyişək. Buna qarışa bilmərik. Hansı yaxşı olacaqsa, biz də onun yanında duracağıq. Azarkeşi komandanın nəticəsi maraqlanırır. Yaxşı rəhbərə canımız da qurban".

KAMRAN

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest