"Beşiktaş"la oyundan əvvəl paltardəyişmə otağında yerdə xalça gördük. "Bunun burda nə işi var?" deyə soruşurlar..."

"Fənərbaxça"nın prezidenti Ali Koç bu gün mətbuat konfransı keçirərək, komandanın uğursuz çıxışını dəyərləndirib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, klub rəhbəri bunda çox adamın günahkar olduğunu söyləyib.

Koç bəzi görüşlərdə bəxtsizliklə üzləşdiklərini vurğulayıb: "Məsələn, "Başakşəhər" və "Beşiktaş"la qarşılaşmalarda başabaş mübarizə apardıq və qələbəni əldən verdik. Qalibiyyətə layiq başqa matçlarımız da oldu. Əlbəttə ki, məmnun qalmadığım oyunlar da oldu. Zaqreb "Dinamo"su və "çaykur Rizəspor"la matçlardakı performans qəbuledilməz idi".

"Sarı-lacivərdlilər"in prezidenti klubda baş məşqçiyə qarşı kampaniya aparıldığını düşünür: "Baş məşqçi Filip Kokunun gördüyü işi kifayət qədər uğurlu saymırlar. ümumiyyətlə, klubda ağsaqqalların sayı artıb. Klub rəsmiləri, məşqçilər korpusunun bəzi nümayəndələri baş məşqçiyə kömək etmək istəmirlər. Komandadakı problemin həlli yollarını axtarmırlar, hamısını baş məşqçidə görüb, yaxalarını kənara çəkirlər. Futbolçular deyirlər ki, oyuna yorğun çıxırıq. Fiziki hazırlıq üzrə məşqçiyə deyirik, o da baş məşqçinin üstünə atır. "Beşiktaş"la oyundan əvvəl paltardəyişmə otağında yerdə xalça gördük. "Bunun burda nə işi var?" deyə soruşurlar, cavabında "Beşiktaş" bizi udacaq, baş məşqçinin meyitini xalçaya bükəcəyik", söyləyib lağa qoyurlar. Komandada motivasiyanı aşağı salmağa çalışırlar".

İstanbul nəhənginin rəhbəri baş məşqçi postuna Ərsun Yanalın gətiriləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib: "Ərsun Yanal bizim planlarımızda yoxdu. Səbəblərini daha sonra deyərəm. Uzun vədəli hədəflərlə yola çıxmışıq. Yanalla nə söhbətimiz olub, nə də görüşməyi planlaşdırırıq. Onu komandaya gətirməyəcəyimizi əminliklə deyə bilərəm. Dövrələrarası fasiləyə qədər baş məşqçi dəyişikliyi planlaşdırmırıq. çünki komandanın düşdüyü bu durum onunla əlaqədar deyil".

Qeyd edək ki, "Fənərbaxça" Superliqanın ilk 8 turunda cəmi 8 xal toplayaraq, turnir cədvəlinin 15-ci pilləsində qərarlaşır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest