"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov feysbuk profilində vaxtilə çalışdığı klubdan yazıb. O, komanda rəhbərliyini sərt ittiham edərək, dünən "Mega Sığorta" ilə bağlanan sponsorluq müqaviləsini şou adlandırıb.

Strategiya qurmaq, nəticə qazanmaq, klubu düşünmək, təbliğ etmək gözəldi. "Neftçi" kimi tarixi klubda isə başqa yolu da yoxdu! İşini bilənlər nəticəyə köklənir, klub adına uğurlar qazanılır, tarix yazılır. "Neftçi" brenddi, gedəcəyi yol da birdi. Uğurun təməli getdiyin yolu bilməyindədi!

Başqa yollar da var imiş...

Böyük klublarda uğursuz dönəm 6 ay olar, bir il çəkər... 4-5 ildi komanda şəxsi maraqlar məngənəsindədi, dost-tanışların eksperiment, qazanc məkanına çevrilib. 

Bir rəhbər heyət gedir, digəri gəlir, məşqçilər, futbolçular əlcək kimi dəyişdirilir. Bu illər ərzində tarixinin ən acınacaqlı anti-rekordları qeydə alınıb. Heç kimin ruhunda da deyil. Faktiki, mənəvi əziyyət çəkənlər isə fanat-azarkeşlər, futbolun özüdü...



"Neftçi" yarandığı gündən kluba neft şirkəti himayədarlıq edib. Müstəqilliyimizin ilk 5-10 ilində siyasi, iqtisadi xaos dönəmlərində müxtəlif insanlar, futbola can yandıranlar sayəsində ayaqda qalmağı bacarıb. çətin dönəmlərdə belə "Neftçi" sadiq azarkeşləri ilə birgə flaqmanlığını qoruyub saxlayıb.

Son 20 ilə yaxın müddətdi "Neftçi"yə yenidən SOCAR stabil olaraq sponsorluq edir. Bunun sayəsində hər mövsüm klubun büdcəsinə milyonlarla vəsait daxil olur. Şirkət və ya şirkətin nəzdində olan qurumlar klubun titul sponsorları olub.
Bu gün də "Neftçi" SOCAR tərəfindən maliyyələşir. Azərbaycan şərtlərinə uyğun futbol dayaqları stabil, möhkəmdi!

Bəs belə olduqda uğursuzluqların səbəbləri nədir? Birmənalı olaraq şəxsi maraqlar, klubun naşı adamlar tərəfindən idarə olunması, daxili intriqalar! "Neftçi", "Neftçi"nin uğurları artıq heç kimi düşündürmür...

Klublar dağılıb, dağıdılıb, həddindən artıq zəif çempionat keçirilir. İldən-ilə də tənəzzül davam edir. Belə durumda, bu mövsüm "Neftçi" kubokdan kənarda qalsa da ilk sıraya yüksəlməyi bacarıb. Komandanın sabahına inamsızlıq isə qalmaqdadır. Bunun səbəbləri nədir bəs?

Komanda ənənəvi üslubda oynamır, ümid vermir, bu bəllidi. Tədricən bunları aradan qaldırmaq əvəzinə naşı rəhbərlik gecə-gündüz piar kampaniyası ilə məşğuldu. Gecə demişkən, transfer xəbərləri də gecə paylaşılır artıq, yatanlar oyanar birdən... "Neftçi"nin təbliğatı birmənalı olaraq aparılmalıdı, amma yalan, saxtakarlıq üzərində yox. 

"Neftçi"dəkilər "Neftçi"ni unudub, özlərinin piyarları ilə məşquldular. Bilmirəm, Roberto Bordin kubokdan sonra Sumqayıtda bir çay içib, nərd oynaya bildi ya yox, fakt odu ki, oyunda futbol oynaya bilmədi. Komandanın "maşın usta"ları, "bərbər"ləri də kömək edə bilmədilər. Əksinə, nasaz "maşın"ın "remont"a ehtiyac olduğunu sübut edərək başlarını darayıb növbəti dəfə kuboksuz qoyub yola saldılar... 

Piar yaxşı şeydi, "piyan"lıq olmaya. İçkisiz, çayla "piyan"lığın "paxmel"i isə daha pis olurmuş...

Sabahın gözü açılmamış "Sabah"ın qarşısında kiçilmək, azarkeşləri "kənar şəxs" saymaq, sonradan fanatlara dil-ağız tökmək, "pul yoxdu" adıyla milləti sponsora qarşı qaldırmaq, özlərini sudan quru çıxarmaq cəhdləri...

"Neftçi" kiçilməz, "Neftçi", yerini bilməyən kiçikləri daha da kiçildər!
Klub acından "ölür", cəfakeş rəhbərlik dəridən-qabıqdan çıxıb sponsor axtarır...Və böyük "bacarıq" sayəsində tapırlar... 

"Meqa Sığorta" ilə bəh-bəhlə müqavilə imzalanır. Millət də həvəslənərək elə bilir ki,

Ronaldo gəlməsə də, artıq pul var, "Qarabağ"ın əlindən Reynaldonu alacaqlar. Kamran bəyin də dediyi kimi Reynaldonun "sevgi"si əks tərəfdə olur, gələsi olmur. Yaxşı ki, gəlmədi, yoxsa "Neftçi" yavaş-yavaş "Qəbələ", "Qarabağ"ın legioner farm-klubuna çevrilərdi... 


Dağıl dünya, dağıl. "Neftçi"nin əvvəlki legionerləri, yerli futbolçuları digər klublarda at oynadır, "Neftçi" başbilənləri futbolçu tapa bilmirlər. Yayda gətirdiklərinin yarıtmaz qorxusu, sponsor təpkisi necə güc gəlibsə, "Meqa Sığorta" ilə millətin başını qatıb özlərini sığortalamaq istəyirlər...

Yatanlar niyə oyadılır, bəlkə hansısa gizli məqsəd-məramlar var?! Bilməyənlər də piar adıyla ağah edilir... 

"Meqa Sığorta" yox idi məgər? Klubla uzun illər öncədən də əməkdaşlıq edirdi, sığorta işlərini görürdü...Elə "mötəbər" tədbirdə Kamran Quliyevin jurnalistin sualına cavab olaraq "maliyyə məsələləri sirr olaraq qalsın" deməsi də çox mətləblərdən xəbər verir. Bəs illərdi şəffaflıq dəm-dəstgahları hara getdi?! 

Nə maliyyə, hansı maliyyə? "Neftçi" adından istifadə edib "Meqa Sığorta" və özləri reklam olunur. Vaxtilə eyni "Meqa Sığorta" ilə bu cür "sponsor" əməkdaşlığı "tədbirləri" keçirilə bilməzdi?!  Başımız daha vacib işlərə, nəticə qazanmağa yönəldiyindən belə xırda, mənasız piar kampaniyaları yada düşmürdü. Hələ vaxt tapıb Kamran Quliyevin xahişlərinə, müraciətlərinə də futbol adına köməklik edirdik. Futbolçularımızın "Sumqayıt"da oynamasında da əməyimizi əsirgəmirdik. Hər altı aydan bir Kamran bəy "Neftçi" qapısını döyərdi, futbolçu yardımı istənilərdi... Hətta bizim futbolçulardan istifadə edib "millilərə futbolçu yetişdiririk" demələrinə də fikir vermirdik. Necə ki, indi də "Neftçi"də min əziyyətlə yetişən Mirabdulla Abbasovdan ağız dolusu danışılır, gətirdikləri Karikari ilə rəqabətdən qalib kimi çıxmasından bəhs edilir. "Neftçi"nin digər yetirməsi Qurbanov isə artıq atasının yanında "Qarabağ"la əsas heyətə hazırlanır...

"Neftçi" rəhbərliyi komandanı gücləndirmək, daha ciddi addımlar atmaq əvəzinə "sığorta" gündəmləri yaradır.  Hər zaman "Neftçi" adına, azarkeş adına dəstək veririk. Uzun illərdən sonra komandaya dəstək olaraq oyununu stadionda fanatlarla bir yerdə izlədik. Təzyiq olmasın deyə müəyyən məsələləri, təhlilləri etmədik...

Görəndə ki, komanda qalıb kənarda, futbol ictimaiyyəti aldadılır, özləri klubdan hərtərəfli qidalanaraq kluba sponsor, pul gətirən obrazı yaradırlar, xilaskar kimi görünmək istəyirlər... Bu, heç də "Neftçi"nin yaxşı gələcəyini vəd etmir...

SOCAR-da əyləşənlər də indiki "Neftçi" rəhbərliyinin əyləcini çəkmir, çəkmək istəmir və ya görmür...
 

Görmürlər ki, milyonlar ödənilən klubda azarkeş, ictimaiyyət "pul vermirlər" adıyla millət onlara qarşı narazı salınır, nifrət oyadılır?! öz idarəçi bacarıqsızlıqlarının ört-bastır edilməsi üçün bu yola əl atmaq ya məqsədlidir, kimlərinsə oyunudur, ya da ən yaxşı halda səriştəsizlik, "Neftçi" yükünü daşıya bilməməkdir...
Saxtakarlığın həddi yoxdu. "Vita 1000", "Meqa Sığorta"...Divizion klubunun titul sponsoru, maliyyəçisi kimi "Vita 1000" şirkətinin "Neftçi"ilə əməkdaşlığını bu şəkildə ictimaiyyətə sırımaq gülüncdü. Son tədbirdə Elnur Eyvaźovun qaş düzəldən yerdə göz çıxarıb "Meqa Sığorta" ilə bağlı səsləndirdikləri də dediklərimizə əyani sübutdu. Nəyə və kimlərə lazımdır bu şoular?!


Təsəvvür edirsizmi, "Qarabağ" "Azərcay"la və ya "Qəbələ" "Jalə" ilə "sponsor" müqavilələrini təqdim edir...Yuxarıda adlarını sadaladığım bütün şirkətlərin kimlərə aid olduğu bəlli deyil?!

Bütün bunlar rəhbərliyin əsl sponsor - SOCAR-a qarşı "sabotaj"ı deyilmi?! 

Milləti yönləndirmək, illərdi "Neftçi"yə stabil maliyyə ayıran neft şirkətini kənara qoyub digər "sponsor"ların önə verilməsi, sırınması altında nələr yatır, nə məqsədlər güdülür?! Kimlərə bu durum maraqlıdır?!
 

Belə mənasız oyunlarda iştirak etməkdənsə qışdan sonrakı dönəm düşünülməli, komandanın çempionluq yolu möhkəmlənməlidir... 
 

Bordinin son müsahibəsi də düşündürücüdür. "Məqsədimiz ötən mövsümdəkindən daha yaxşı nəticə əldə etməkdir". Yəni, 2-ci yer də tutulsa, "uğur"dur...
İndiki zəif "Bakı birinciliyi"ndə "Neftçi"nin 2-ci yeri tutması üçün nəinki əcnəbi, heç böyük ölçüdə yerli məşqçiyə də ehtiyacı yoxdur, "Neftçi" adı, yaradılan şərait, imkanlar kifayətdir! 
Bu qədər piyar olar? Elə bil meyvə-tərəvəz şirkətidir, tez-bazar mallar satılmalıdır, yoxsa xarab olar...
Piarın dozası o qədər yüksəkdi ki, 
Avroliqa müzeyində saxta imzalarla "Neftçi" forması asılır. Saxta imzalar bir tərəfə, axı "Neftçi" Avroliqa qrupuna çıxanda sinəsində SOCAR var idi. Sizə bu gün də gecə-gündüz kluba pul ödəyən şirkət niyə "unudulur"...

 

Qrup forması tapa bilmirsiz, marağında deyilsiz, formalar, o dövrün futbolçuları, məşqçiləri, insanları "qeybə" çəkilib, hər həftə meydanlarda rəqib kimi görüşürsünüz,...
Saxta imzalarınızı Böyükağa Hacıyevin ruhu sizlərə bağışlamayacaq. 
İnanmaq istərdim ki, təşkilatçıar muzeydə törədilən saxtakarlığa tezliklə son qoyacaq. Əks halda özləri də saxtakarlarla bir olduqlarını sübut etmiş olarlar...
Başınızı "Vita 1000"-nin "1001 gecə", "Meqa Sığorta"nın sığorta nağıllarına qatıb, milləti nağıllar aləminə qərq etməyin. Sizdən öncəkilərdən ibrət dərsi götürün. "Nağıllar" danışa-danışa, xalqı aldada-aldada getdilər.
"Neftçi"ni çökdürənləri "Neftçi" ağırlığı özü çökdürdü! 

Fevrala az qalıb. Kubokun özü qalsın bir yana, finalı da əldən çıxıb. çempionluğu, ondan sonrakı Avropa uğurlarını düşünün, təmin edin. Kamran Quliyevin arzuladığı çempionlar Liqasının 1/4-i xəyaldır. Necə deyərlər, "мечтать не вредно". Avroliqa qrupları isə xəyal deyil, birbaşa vəzifədir!

"Meqa Sığorta", Bordinlə bıçaq götürüb tort kəsməklə sığortalanmaq mümkünsüzdür...

"Neftçi"nin əsl sığortası yaşıl meydanlarda çempionluqlarla, kuboklarla, tarixi uğurlarla təmin olunur!

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest