"Məncə, Azərbaycan çempionatını yaxından izləyir. Bütün komandalarımızın oyun üslubundan xəbəri var. Dediyim kimi əsas problem bu ola bilər. Bu sözlərə görə azarkeşlər məni səhv başa düşməsinlər"

"Futbol adamı kimi istəyirəm ki, hər bir klubumuz avrokuboklarda qrup mərhələsində iştirak etsin. Əsas arzu bundan ibarətdir. Amma reallıq onu deyir ki, yeni oyunçular, yeni transferlər lazımdır". Matc.az xəbər verir ki, bu sözləri milli komandamızın sabiq üzvü Vaqif Cavadov avrokuboklarda çıxış edəcək klublarımız haqda danışarkən deyib.
 
"Qarabağ"ın keçmiş hücumçusu Ağdam klubunun Konfrans Liqasında, "Neftçi"nin isə çempionlar Liqasında uğurlu çıxış edəcəyinə inandığını bildirib: "Bu komandaların şanslarını yüksək dəyərləndirirəm. Mənim fikrimcə, öz sözlərini deyə biləcəklər.
"Neftçi"nin bir problemi ola bilər, o da Kaxaber Sxadadze amili. Uzun illər  Bakı "İnter"ində (indiki "Keşlə" – red.) baş məşqçi olub. Məncə, Azərbaycan çempionatını yaxından izləyir. Bütün komandalarımızın oyun üslubundan xəbəri var. Dediyim kimi əsas problem bu ola bilər. Bu sözlərə görə azarkeşlər məni səhv başa düşməsinlər. Amma bir çox məqamlarda "Neftçi" rəqibindən üstündür".
 
V.Cavadov Konfrans Liqasında çıxış edəcək "Sumqayıt" və "Keşlə"nin şanslarını isə belə qiymətləndirib:  "Sumqayıt"demək olar bu il az futbolçu ilə yollarını ayırdı. Düşünürəm ki, oturuşmuş heyət onların xeyrinə olacaq. "Keşlə"yə gəldikdə isə hər il komandadan 10 nəfər gedir, 10 nəfər gəlir. Bu, mənim sözüm deyil, təkrarlanan bir faktdır. Klubun strategiyası elədir. Buna görə onlar haqda heç bir şey deyə bilmərəm. Amma 1 ildə komandanı yığmaq, oynatmaq, ümumiyyətlə, vahid sistemə salmaq çox çətindir. Lakin onu da deyək ki, bu klub hər il Avropada çıxış edir" (qol.az).
 
Vaxtilə özü də legioner həyatı yaşamış Cavadov millimizin üzvü Mahir Emrelinin Polşa "Legiya"sına transferinə də toxunub, ona öz məsləhətlərini verib: "Bu transfer Azərbaycan futboluna təkan verə bilər. Yerli oyunçularımız xaricdə nə qədər çox olsa, bir o qədər yaxşı olar. Onların yaxşı çıxışı digər futbolçularımız üçün yol açacaq. Sadəcə, özünü yaxşı tərəfdən göstərməlisən. Mahirə uğurlar arzu edirəm. Pis başlamayıb. çoxlu məşq etməli, yaşadığı yerə öyrənməlidir. Uyğunlaşmada tələsməməlidir. Tələssə, yanıla bilər. İlk oyunda 3 qol vurdu, təbrik edirəm, davamı gəlsin. Amma yoldaşlıq görüşü idi. Mən də "Tvente"də 5 qol vurmuşdum. Buna aldanmaq lazım deyil. öz üzərində işləsin. Ona zədəsiz mövsüm arzu edirəm. Əsas da eyforiyaya qapılmasın. Bunlara riayət etsə, uğurlu olacağına inanıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest