ötən mövsümün sürpriz komandası, sübhəsiz ki, "Keşlə" olmuşdu. Paytaxt klubu çempionatda ürəkaçan nəticə göstərməsə də, ölkə kubokunu qazanaraq böyük sürpriz etmişdi.

Baş məşqçi Yuri Maksimovun qalıb-qalmama məsələsi uzun sürdü, yekunda rəhbərlik onunla yeni müqaviləyə ehtiyac duymadı. Məhz Maksimovla arası dəyən futbolçulardan olan Pərdis Fərcad-Azad dərhal "Zirə"nin yolunu tutdu.

Uzun axtarışların sonunda baş məşqçi postuna Mladen Milinkoviç gətirildi. Vaxt itirmədən "təmizləmə işləri"nə başlayan bakılılar icarə əsasında oynayan lazımsız legionerlər Nemanya Stoyanoviç və Pablo Podionu yola saldı. İkinci qapıçı Orxan Sadıqlı, həmçinin Aqşin Quluzadə və Məqsəd İsayev kimi yerlilərin gedişi də komandanı zəiflədə bilməzdi.

Ancaq bir futbolçu var idi ki, onun ayrılığı "Keşlə"nin gücünün yarısını apardı. Kubokun qazanılmasında müstəsna rol oynayan Sezar Meza Kolli yüksək performans qarşılığında da yüksək maaş tələb edincə, Rumıniya klubu "Universitatya Krayova" irəli düşdü. Bu azmış kimi, mövsüm başladıqdan sonra Adrian Skarlatake "Zirə"yə keçdi, "Slovan"dan yenicə alınan Miloş Boşançiç isə 2 oyun keçirib "Sabah"la anlaşdı.

"Keşlə"nin yay transfer fəaliyyətini də uğurlu saymaq olmaz. İstifadə müddəti bitmiş Bahodir Nasimov, həmçinin Diallo Quydileye, Georgios Georgiadis və Conatan Ayitenin yerlilərdən güclü yox, hətta zəif olduqlarını ilk yarıdakı matçlar göstərdi. Yalnız Nikola Mitroviç və Edvinas Girdvainis bu baxımdan istisna oldu. O ki qaldı yerli transferlərə, Amil Yunanovun gəlişi yerinə düşdü. çünki Pərdisin gedişi və heyətdəki hücumçular bu mövqedə problem yaşanacağından xəbər verirdi. Samir Məsimov və Azər Salahlı da tezliklə əsas heyətdə özlərinə yer tapa bildilər. Seymur Əsədov, Davud Kərimi, Elnur Cəfərov, Ruslan Əmircanov və Ruslan Nəsirlidən, onsuz da, heç nə gözlənilmirdi. Ruslanların isə heç debüt etmək imkanı olmadı.

Klub rəhbərliyinin Milinkoviç seçiminin yanlış olduğu ilk turlardan özünü göstərdi. Nəticədə serbiyalı mütəxəssis nəinki qış fasiləsini, heç ikinci dövrəni görə bilmədi. Onun rəhbərliyi altında "Keşlə" keçirdiyi 6 matçda qələbə üzünə həsrət qaldı, 2 heç-heçə ilə kifayətlənməli oldu. Bu uğursuzluq VI turda Qəbələ səfərindəki bərabərlikdən sonra Milinkoviçin qovulmasına səbəb oldu.

Baş məşqçi postuna isə ötən mövsüm "Neftçi"yə bürünc medal qazandıran Tərlan Əhmədov gətirildi. Bakılılar cari mövsümdə ilk qələbəni 8-ci turda "Zirə" önündə qazandı. Əhmədovlu "Keşlə" vəziyyəti bir qədər düzəltdi Komanda onun rəhbərliyi altında keçirdiyi 8 matçda 10 xal topladı və sonuncu pillədən qurtuldu.

Qış fasiləsi yaranan kimi isə Tərlan Əhmədova lazım olmayanlar bir-bir yola salındı. Artıq Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis, Herve Tçami, Elnur Cəfərov və Məmməd Quliyevlə sağollaşan rəhbərlik icarədən qayıdan Orxan Sadıqlının da xidmətinə ehtiyac duymadı. Hətta siyahının bir qədər də genişlənməsi gözlənilir.

Əvəzində heyətin ciddi mənada gücləndiyini demək olmaz. Hər halda Emin Mehtiyev və Vüsal İsgəndərli hər hansı bir komandanı gücləndirəcək futbolçular deyil. Qazaxıstandan gətirilən Con Kamaraya isə oyunlarda qiymət veriləcək.

Kubokdan əli üzülən "Keşlə"nin avrokubok üçün yeganə ümid yeri çempionatdı. Komanda ilk "dördlük"dən cəmi 5 xal geridədi. Bu da o deməkdi ki, Avropa Liqasına vəsiqə mümkünsüz deyil. Ancaq bunun üçün heyətin gücləndirilməsi şərtdi. Xüsusən də, hücum və yarımmüdafiə xəttindəki boşluq doldurulmalıdı. Bir qolçu və Sezar Meza Kolli səviyyəsində bir pleymeykerin alınması şərtdi. Əks halda, Tərlan Əhmədovun komandası nəinki Avrokuboka iddia edə, hətta sonuncu yerə də düşə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest