"Sumqayıt" ötən mövsüm azarkeşlərini xeyli həyəcanlandırdı. ölkə kubokunda yarımfinala qədər irəliləyən və final yolunda gələcək qalib "Keşlə"yə məğlub olan "gənclik şəhəri" təmsilçisi çempionatda da yaxşı mənada hamını təəccübləndirdi.

Komanda axıra qədər Avropa Liqasına vəsiqə uğrunda yarışsa da, yalnız sonlarda büdrəyərək, 5-ci pilləyə yuvarlandı. Yerli futbolçulardan əla kollektiv quran Samir Abasovun mövsümün sonunda gedişi "kimyaçılar" üçün ilk zərbə oldu. Bunun ardından aparıcı futbolçular da bir-bir komandanı tərk etdi. Xüsusən də, Bəhlul Mustafazadə, Azər Salahlı, Amil Yunanov, Tural Axundov və Cavid İmamverdiyevin ayrılıq qərarı "Sumqayıt"ı xeyli zəiflədəcəyindən xəbər verirdi.

Əvəzində rəhbərlik yalnız Fərhad Vəliyev, Vüqar Bəybalayev, Rəşad Eyubov, Kamal Mirzəyev, Elnur Abdullayevi əvəz edə biləcək səviyyədə oyunçular gətirdi. Hər halda Arif Daşdəmirov, Orxan Əliyev, Elvin Məmmədov, Qvanzav Maqomedov, Əfran İsmayılov artıq istifadə müddəti bitmiş futbolçular sayılırdı. İcarəyə götürülən Orxan Sadıqlı və Yusif Nəbiyev də komandanın gücünə güc qatacaq səviyyədə deyildi. Bu baxımdan yalnız Şəhriyar Əliyev istisna idi.

O ki qaldı ölkə xaricindən gətirilən oyunçulara, Donetsk "Şaxtyor"undan icarəyə götürülən Murad Xaçayev ümidləri tam doğrultmadı, Amil Yunanovun gedişindən sonra qol yollarında yaranmış boşluğu isə Atilla Yıldırım doldurmadı. Dmitri Nağıyev gəldiyi kimi də geri döndü. Bütün bunların fonunda "Sumqayıt"ın qazancı Əli Babayevlə Aleksey İsayev oldu. Xüsusən də, ikinci gənc yaşda olmasına baxmayaraq, qısa müddətdə liderliyi üzərində götürdü. İstedadı ilə seçilən Alekseyi bu gedişlə milli komandamızda görsəniz, təəccüblənməyin. Əli Babayev isə orta sahədə döyüşkən oyunu ilə diqqət çəkdi.

Transferlərlə yanaşı, baş məşqçi postuna Nazim Süleymanovun gətirilməsi "Sumqayıt"ın autsayderlər zonasında qərarlaşacağına işarə idi. Hətta Süleymanovun mövsümün sonunu görməyəcəyi fikri də formalaşmışdı.

Mövsümə qeyri-stabil başlanğıc edən "Sumqayıt" VI turda "Zirə", VII turda isə "Qəbələ"ni eyni hesabla (1:0) məğlub etdikdən sonra enişə keçdi. Ondan sonrakı periodda 1 heç-heçə və 3 məğlubiyyət Nazim Süleymanovun sonunu gətirdi. XI turda "Keşlə"yə evdə böyük hesabla yenilgi isə (1:4) rəhbərliyi baş məşqçi dəyişikliyinə vadar etdi. Bu posta gətirilən Ayxan Abbasov sabiq klubu "Zirə"yə məğlubiyyətlə start götürsə də, qış fasiləsi öncəsi son iki turda komandasına 4 xal qazandırdı.

"Kimyaçılar"ı 4-cü pillədəki "Sabah"a yaxınlaşdıran Abbasovun əsas uğuru ölkə kubokunda oldu. "Sumqayıt" büdcə və heyət baxımdan qat-qat üstün olan "Neftçi"ni çempionatda büdrətməklə yanaşı, kubokdan da kənarlaşdırdı. İndi sumqayıtlılar yenidən avrokubok üçün həvəsləniblər. Komanda bu tempi ikinci yarıda davam etdirsə, Samir Abasovun son anda əlindən qaçırdığı Avropa Liqası xəyalını Ayxan Abbasov gerçəkləşdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest