Futbol üzrə Azərbaycan millisi bu gün Minskdə Belarusla yoldaşlıq görüşündə üz-üzə gələcək. Matc.az xəbər verir ki, artıq yığmamızın bu görüşə hansı heyətlə çıxacağı məlumdu. Komandamızın baş məşqçisi Canni de Byazi start heyətində 5 dəyişikliyə əl atıb.

Belə ki, Türkiyə ilə oyunla müqayisədə heyətdə yeni adlar var. Məsələn, italiyalı mütəxəssis qardaş ölkədə qapını Emil Balayevə həvalə etmişdisə, bu dəfə "çərçivə"ni Mehdi Cənnətov qoruyacaq.

Müdafiəçilərdən Maksim Medvedev, Bədavi Hüseynov və Anton Krivotsyuk yenə start heyətində olacaq. Türklərlə matçda ilk dəqiqələrdən oynayan Abbas Hüseynovla Elvin Cəfərquliyevi isə Minskdə Azər Salahlı ilə Höccət Haqverdi əvəz edəcək. Yeri gəlmişkən, yenicə milliləşdirilən və ilk dəfə Azərbaycan yığmasına dəvət alan "Sumqayıt"ın iranlı legioneri üçün Belarusla matç debüt xarakteri daşıyacaq.

Yarımmüdafiədə Qara Qarayevlə Emin Mahmudov yenə ilk dəqiqələrdən meydanda olacaq. ötən oyunun start heyətində yer alan İsmayıl İbrahimlini isə bu dəfə Toral Bayramov əvəz edəcək.

Hücumda isə Namiq Ələsgərov və Əli Qurbani yer alacaq. Halbuki, Türkiyəyə qarşı ilk dəqiqələrdən Namiqlə yanaşı, Ramil Şeydayev oynamışdı.

Qeyd edək ki, Minskdəki Milli Olimpiya Stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan millisinin Belarusla matç üçün start heyəti: Mehdi Cənnətov - Maksim Medvedev, Bədavi Hüseynov, Höccət Haqverdi, Anton Krivotsyuk, Azər Salahlı - Qara Qarayev, Emin Mahmudov, Toral Bayramov - Namiq Ələsgərov, Əli Qurbani.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest