"Xəyalə Əzizli artıq sabiq qadın FİFA referi köməkçisidir. Fakt odur ki, Əzizli iki dəfə fitness-testdən keçə bilməyib. Birinci test zamanı zədə almışdı. İkinci imtahanda isə keçid üçün lazım olan limit balını toplaya bilmədi".

AFFA İcraiyyə Komitəsinin sentyabrda keçirilən iclasında Hakimlər və Hakim-İnspektorlar Komitəsinə avstriyalı Fritz Stuxlik təyin olundu. O vaxtdan bəri hakimlərlə bağlı maraqlı proseslərə şahidlik edirik.

Xüsusilə də iki məqam futbol ictimaiyyətində və idman mətbuatında xeyli suallar yaratdı. Bir müddət əvvəl hakimlikdən qalmaqalla uzaqlaşdırılmış Elçin Məmmədovla Anar Salmanov Hakimlər Komitəsinə üzv seçildi. Xanım hakim Xəyalə Əzizlinin adı isə FİFA-ya göndərilən siyahıdan çıxarıldı, onun titulu əlindən alındı. Məhz bu iki məsələ ilə bağlı Stuxlikin münasibətini öyrənmək ehtiyacı yarandığına görə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya müraciət etdik. Bizi maraqlandıran həm də o idi ki, Hakimlər Komitəsinin mətbuatla əlaqəsi bundan sonra necə tənzimlənəcək, ictimaiyyəti maraqlandıran sualların cavabını kimdən alacacağıq. Firuz bəyin də yardımı ilə avstriyalı sədrdən suallara cavab ala bildik.

- Rüşvət ittihamlarına və nəticəyə təsir edən səhvlərinə görə hakimlikdən uzaqlaşdırılan Elçin Məmmədovla Anar Salmanovun yeni komitəyə üzv seçilməsi hansı zərurətdən yarandı? Onların yeni komitədə təmsil olunması ümumi görüntüyə və hakimliyin obyektiv olacağına şübhələr yaradır. İctimaiyyət arasında belə bir fikir formalaşıb ki, rüşvət yenidən hakimliyə ayaq açır...

- Adını çəkdiyiniz hakimlərin heç birinin təqsiri məhkəmədə sübuta yetirilməyib, onlar məhkəmə qarşısına çıxarılmayıb. Belədə biz də onlara təqsirsizlik prezumyasına uyğun olaraq yanaşmalıyıq. Məhz bu səbəbdən onların Hakimlər Komitəsində fəaliyyət göstərməsində hansısa problem və ya uyğunsuzluq görmürük.

- Son günlər xanım referi Xəyalə Əzizli gündəmdədi. Mətbuata müsahibəsində ona qarşı haqsızlıq olduğunu bildirir, ciddi ittihamlar səsləndirir. Bir FİFA refrisinin yetişməsi illər tələb edir. Amma onu bir dəqiqənin içində itiririk. Əzizlinin ittihamları müzakirə olunubmu, hansısa araşdırma aparmısızmı?

- Xəyalə Əzizli artıq sabiq qadın FİFA referi köməkçisidir. Fakt odur ki, Əzizli iki dəfə fitness-testdən keçə bilməyib. Birinci test zamanı zədə almışdı. İkinci imtahanda isə keçid üçün lazım olan limit balını toplaya bilmədi. FİFA-nın qaydaları bizdən bunu tələb edir ki, qadın və ya kişi FİFA referiləri bu fitness-testdən uğurla keçməlidilər. Sizə bir məqamı da deyim ki, mən əvvəlcədən Xəyalə Əzizlini məlumatlandırmışdım ki, testdən uğurla keçmək üçün tam hazır olmalıdır. Əks halda onun adı FİFA-ya təqdim olunan siyahıdan çıxarılacaq.

- Hakimlər Komitəsi sədrinin mətbuatla əlaqələri gələcəkdə necə tənzimlənəcək, ictimaiyyəti maraqlandıran sualların cavabını kimdən ala biləcəyik?

- Biz bu məsələləri FİFA və UEFA-nın təlimatları, qaydaları çərçivəsində tənzimləyirik. Bir çox futbol qurumlarında da məhz belədir. Mətbuat nümayəndələri onları maraqlandıran sualları sorğu şəklində AFFA-nın mətbuat katibliyinə ünvanlamalıdılar, katiblik isə həmin sorğunu mənə yönlədirir. Sport7.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest