"Keşlə"nin yarımmüdafiəçisi Vaqif Cavadovun matç.az saytına müsahibəsi

- "Keşlə"dən hələ ayrılmamısınız?

- Xeyr. Hazırda "Keşlə"nin futbolçusuyam.

- Ancaq rəhbərlik sizi komandada görmək fikrində deyil. Bununla bağlı onlardan xəbərdalıq almısınızmı?

- Bəli, yeni klub tapmağım istənilib. Ancaq hələlik konkret bir şey yoxdu.

- Başqa təklif yoxdu?

- Mən hələ "Keşlə"dən cavab gözləyirəm. Həm maliyyə, həm də digər məsələlər var ki, onları həll etməliyəm. Yeni klubla bağlı problem yoxdu.

- Maliyyə deyəndə, yəqin ki, qalan 6 ayın təzminatını nəzərdə tutursunuz?

- Əlbəttə, bu, avtomatik olmalıdı. Ancaq əsas transfer vərəqəmi klubdan almaqdı.

- Dediniz ki, yeni klubla bağlı problem yoxdu. özünüzə komanda tapmısınız?

- Əlbəttə. Hər bir futbolçu belə hallara hazır olmalıdı.

- Karyeranızı ölkə daxilində davam etdirəcəksiniz?

- Hazırda müqavilə ilə "Keşlə"yə məxsus olduğum üçün ad çəkə bilmərəm. Bəlkə elə "Keşlə"də qaldım. O ki qaldı sualınıza, bəli, ölkə daxili ola bilər.

- ümumiyyətlə, "Keşlə"də oyununuzun alınmamasının səbəbini nədə görürsünüz?

- Yenə oyunum alınmayıb? ölkə kubokunu qazananda, ondan əvvəlki matçlarda niyə belə suallar vermədiniz?

- Fakt odu ki, bu mövsüm nə Mladen Milinkoviç, nə də Tərlan Əhmədov sizə güvəndi...

- Mənim necə oynadığımın sübutu kubokun finalına qədər keçirilən oyunlar və finaldı. Problem sırf baş məşqçidə və bəzi insanlardadı. Amma onların adını çəkə bilmərəm. Təbii ki, əsas cavabdeh baş məşqçidi.

- Milinkoviç və Əhmədov sizə o qədər də şans vermədi. Onlarla bu barədə söhbətiniz olubmu?

- Maksimov mənə güvəndi, nəticəsini də gördük. Onun rəhbərliyi altında kuboku qazandıq. Həmin vaxta qədər də hamı bizdən danışırdı. Mənim baş məşqçi ilə nə söhbətim olmalıdı ki? İstəsələr, oynadarlar. Hər kəsin fərqli yanaşma tərzi var. Maksimov da yeni gələndə oynatmırdı. Ancaq ikinci dövrənin bütün matçlarında çıxış etdim və kifayət qədər də uğurlu alındı. üstəlik, həmin görüşlərin heç birində məğlub olmadıq.

- Tərlan Əhmədov cəmi 2 aydı "Keşlə"yə rəhbərlik edir. Hansı durumda olduğunuzu görmək üçün elə çox vaxtı da olmayıb. Belə qısa müddətdə sizi niyə komandasında görmək istəmir?

- Bu sualı ona versəniz, daha yaxşı olar. Hansı durumda olduğumu necə bilmir? Məni tanımır ki? AZAL-a məni Tərlan müəllim dəvət etmişdi. Orda ona kömək etmişəm. İndi də kömək etməkdə bir problem yoxdu.

- Ancaq fakt sizi indi istəmir...

- Bu, onun fikridi. Mənə də çox maraqlıdı. Nə edə bilərəm? Həyat davam edir.

- Komandanızı dəyişsəniz, baş məşqçi ilə daha çox oynamaq barədə söhbətiniz olacaqmı?

- Xeyr, mən heç vaxt belə söhbət etməmişəm. Bu cür şərt qoyanlar ya qorxur, ya da nəsə güdürlər.

- Yəni özünüzə arxayınsınız və düşünürsünüz ki, yaxşı formadasınız?

- 3-4 ay futbol oynamadım, hamı mənim adımı çəkirdi. Vaqif gəldi, komandasına kömək elədi, kuboku qazandırdı. Qısa müddətdə vitse-kapitan oldum. Problem ondadı ki, son vaxtlar az oynayıram. Amma fiziki və ya başqa cəhətdən heç bir problem yoxdu. Bir neçə ay əvvəl komandama kuboku qazanmağa kömək etmişəm, "Neftçi"yə, "Qarabağ"a qarşı yaxşı oyunlar keçirmişəm. Qısa müddətdə fiziki və ya oyun praktikası baxımdan problem yarana bilməz axı.

- Belə çıxır ki, oynamamağınızda kənar təsirlər var?

- Bu, mənə də qaranlıq qalır. Açığı, mənə də belə gəlir. Düşünürəm, səbəbini axtarıram. Amma nəyisə sübut etmək çətindi.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest