Bu gün "Neftçi"nin kapitanı Ruslan Abışovun 31 yaşı tamam olur. Matç.az xəbər verir ki, bununla bağlı müdafiəçi klubun rəsmi saytına müsahibə verib.

- Doğum gününüz mübarək!

- çox sağ olun! Sizdən bu təbriki eşitmək çox xoşdu!

- Zədəli olduğunuz üçün məşq proseslərindən kənarda qalsanız da, komandanın heç bir oyununu buraxmırsınız. "Neftçi"ni kənardan izləmək nə qədər çətindi?

- Açığı, komandaya kənardan baxmaq çox çətindi. Düzdü, nəticələrimiz əladı, turnir cədvəlinin lideriyik, amma meydana qayıdacağım günü səbirsizliklə gözləyirəm. Bunun üçün günləri sayıram. Digər tərəfdən də qətiyyən tələsmək olmaz. Zədədən sonra tam bərpa olunmalıyam.

- Bərpa prosesi necə keçir?

- Bu proses hər ötən gün intensivləşir. Həkimlərin nəzarəti altında məşq edirəm. Ayın sonunda Almaniyaya gedib, bərpa prosesi keçməliyəm.

- Sizcə, bu mövsüm Topaz Premyer Liqasındakı uğurlu nəticələrinizin sirri nədədi?

- Vahid komanda olmağımızda, klubda çalışan hər kəsin öz işini düzgün şəkildə görməsində, azarkeşlərimizin bizi tək buraxmamalarında... Bu uğurda hər kəsin zəhməti var. Hələ qarşıda üç dövrə var, rahatlaşmaq olmaz. Bu tempi saxlayıb, sonra da artırmalıyıq. 7 oyunda 3 qol buraxmışıq. Bu isə müdafiə xəttinin güclü olmasından xəbər verir.

- Rəqabətdən çəkinmirsiniz ki?

- Rəqabət hamımız üçün faydalıdı. Mənim üçün ən vacib məsələ zədəmi sağaltmaq və əsas heyətə qayıtmaqdı. Amma təbii ki, oynamasam da, komandamızın nəticələrinə sevinirəm.

- Sizcə, birinci dövrədəki oyunu ilə "Neftçi" çempionluq iddiasını ortaya qoya bildimi?

- Təbii ki, "Neftçi" çempionluğa oynayır. Amma çempionatın dörddə bir hissəsi arxada qalıb. Yəni əsas mübarizə hələ qarşıdadı. Amma çalışsaq, komanda ruhunu saxlasaq, istədiyimizə nail ola bilərik.

- Son "fanzona"ların birində azarkeşlərlə görüşdünüz. Təəssüratlarınız necə oldu?

- Əla oldu. ümumiyyətlə, azarkeşlərimizlə görüşlər mənə böyük zövq verir. Onlardan pozitiv enerji alıram. Mənim tez sağalmağımı və komandaya qoşulmağımı arzulayırlar. Hər birinə təşəkkür edirəm.

- Sabah milli komandamızın Millətlər Liqasında Farer adaları ilə səfər oyunu var...

- Millimizə uğurlar arzulayıram! çox istərdim ki, bu turnirdə millimizə kömək edim, amma təəssüf ki, alınmadı. Fikrimcə, sabahkı oyun millimiz üçün çox vacib və həlledici olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest