Milli komandaların oyunları ilə bağlı çempionatda yaranmış fasilədən sonrakı ilk turda “Qəbələ” “Sabah”ın qonağı oldu. Matc.az xəbər verir ki, oyunöncəsi bölgə təmsilçisinin vəziyyəti daha ürəkaçan idi.
 
Çünki “Qəbələ” yığmaya oyunçu göndərməmişdi. Əvəzində “Sabah”ın 6 üzvü sıx qrafikdə əsas millinin düşərgəsində oldu.
 
Premyer Liqa
XXI tur
 
“Sabah” – “Qəbələ” – 1:0
Qol: Ramil Şeydayev, 45+1
Baş hakim: Rəhim Həsənov
“Bank Respublika Arena”, tamaşaçısız
 
“Sabah”: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 10. Aleksey İsayev, 13. Filip İvanoviç, 28. Kevin Kubemba (26. Fofana Tiemoko, 75), 30. Mario Marina (48. Dmitro Klots, 81), 9. Xulio Sezar Rodriges (23. Amadu Diallo, 67), 3. Zurab Oçiqava, 6. Şakir Seyidov
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 33. Camal Cəfərov, 77. Veysəl Rzayev
Baş məşqçi: Ramin Quliyev
 
“Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov (10. Rövlan Muradov, 63), 99. Ceyms Adeniyi (74. Yusif Nəbiyev, 87), 32. Nikolas Raysel (70. Ülvi İsgəndərov, 46), 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 6. Kamal Mirzəyev, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
 
Hücumameyilli heyət və yerdəyişmələr
 
Milliyə çox oyunçu göndərməsi “Sabah”ın çıxışına mənfi təsir göstərə bilərdi. Baş məşqçi funksiyasını icra edən Ramin Quliyev də heyəti qurarkən bunu nəzərə almışdı. Komandanın 2021-ci ildə buna qədər qələbə qazanmaması da nikbin düşüncə formalaşdırmırdı. Ancaq Quliyevin rəhbərliyi altında ötən turda “Qarabağ”a qarşı mübarizə bakılılarda ümid yaratmışdı. Baş məşqçinin start heyətindəki dəyişiklikləri də nəzərəçarpacaq dərəcədə idi. “Sabah”a dayaq yarımmüdafiəçisi kimi gələn, sonradan müdafiənin mərkəzinə çəkilən Filip İvanoviç bu dəfə sağ cinahda yer almışdı. Dördlü müdafiənin önündə Mario Marina ilə Şakir Seyidov qərar tutmuşdusa, pleymeyker Aleksey İsayev hücum “trio”sunu topla təmin etməli idi. Ramil Şeydayevin də hücumun solunda yer alması diqqətdən qaçmadı.
 
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin isə ixtiyarında geniş heyət olmadığından, standart düzülüşə və heyətə elə də çox müdaxilə etməmişdi. “Qırmızı-qaralar” da rəqib kimi 4-3-3 sisteminə üstülük vermişdi. 
 
Nəticəyə təsir etməyən 10 dəqiqəlik üstünlük
 
Oyuna “Qəbələ” daha fəal başladı. Komanda, xüsusən də, qazandığı standart vəziyyətlər zamanı cərimə meydanına asmalarla fərqlənməyə çalışırdı. Ancaq qonaqların oyunçuları bəzən müdafiədən çıxmaqda çətinlik çəkdiyindən, bakılılar üçün hücum qurmaq imkanı yaranırdı. “Qəbələ” nisbətən üstün oyununu 10-cu dəqiqədə qolla tamamlaya bilərdi. Lakin Nikolas Rayselin sevinməsinə Saşa Stamenkoviç imkan vermədi. “Sabah”da əsas problem kimi komandanın hücumameyilli heyətlə çıxış etməsinə baxmayaraq, irəlidə çoxala bilməməsi idi. Halbuki Kevin Kubembanın reydləri, Xulio Sezar Rodrigesin də topu özündə “gizləməsi” digər oyunçulara bunun üçün şərait yaradırdı. Bu baxımdan yalnız Təmkin Xəlilzadəni istisna etmək olar. Onun sol cinahdan müntəzəm irəli atılması Şeydayevin də mərkəzə meyillənməsinə kömək edirdi.
 
Ən fəal oyunçunun töhfəsi
 
Paytaxt təmsilçisində Şeydayev və Kubemba cinahlardan müdafiəyə lazımi dəstəyi vermədiyindən, bu öhdəliyi dayaq yarımmüdafiəçiləri üzərlərinə götürürdülər. “Qəbələ” futbolçularının topa sahib olan kimi 2-3 ötürmə ilə rəqibin qapısına yaxınlaşmaq cəhdləri isə bir fayda vermirdi. Xüsusən də, orta sahədə fəallığı və soyuqqanlı driblinqləri ilə seçilən Asif Məmmədov uzun ötürmələrlə hücumçuları topla təmin etməyə çalışırdı. Təxminən bərabər səviyyədə keçən mübarizədə temp kifayət qədər yüksək idi. Hər iki tərəf qol vurmaq üçün müxtəlif yollar axtarırdı. Lakin oyun keyfiyyəti aşağı olduğundan, komandalar sadə epizodlarda tez-tez top itkilərinə yol verirdilər ki, bu da hücumları yarımçıq kəsirdi. Birinci hissənin sonlarında topa daha çox hakim olan ev sahibləri əlavə olunmuş dəqiqədə bunun bəhrəsini gördü. Komandanın ən fəal oyunçusu olan Xəlilzadənin başlatdığı hücumu Şeydayev qolla tamamladı – 1:0.
 
Nəticəyə təsir etməyən uğurlu əvəzləmə
 
“Sabah”dan fərqli olaraq, “Qəbələ”nin sol cinahı ilk yarıda iflic vəziyyətdə görünürdü. Nikolas Raysel ya çox yorğun idi, ya da oynamağa həvəsi qalmamışdı. Fransalı oyunçunun hücumlar zamanı passiv görünməsinə, toplara “açılmamasına” Elmar Baxşıyev 45 dəqiqə dözə bildi. Vinger həm də hissənin sonlarında bir qədər narahat görünürdü. Bu üzdən ikinci hissəyə Rayselin əvəzinə Ülvi İsgəndərov çıxdı. Belədə Ceyms Adeniyi sola çəkildi, İsgəndərov isə hücumun mərkəzinə keçdi.
 
“Qəbələ” ikinci hissəyə də hücumlarla başladı. Ancaq komanda qol vurmaq üçün yenə tələsirdi. Birinci hissədə fərdi oynamaqla komandasının hücumlarının səmərəsiz nəticələnməsinin səbəbkarlarından olan Adeniyi öz mövqeyinə çəkildikdən sonra daha effektli görünməyə başladı. İsgəndərov isə 53-cü dəqiqədə xilaskar ola bilərdi. Ancaq o, çətin olanı edərək, yarım metrlik məsafədən topu boş qapıdan keçirməkdə aciz qaldı. Ülvi az sonra yaxın məsafədən bu dəfə tirə “ilişdi”. Bu bir daha Elmar Baxşıyevin uğurlu əvəzləməyə əl atdığını göstərdi. Çünki məhz onun əvəzləmədən oyuna qoşduğu futbolçu ilk 15 dəqiqədə iki real qol vəziyyətinə çıxdı. Ancaq bu uğurlu dəyişikliyin tabloda öz əksini tapa bilməməsi oyunçunun fərdi keyfiyyətlərindən qaynaqlanırdı.
 
Udanın da, uduzanın da hücum planları
 
Hücumların kəsərinin get-gedə artdığını görən Baxşıyev daha bir hücumameyilli oyunçunu - Rövlan Muradovu döyüşə atdı. Bu, meydandakı düzülüşə yenə təsirsiz ötüşmədi. Rövlan artıq soldan hücuma qoşulmalı idisə, Adeniyi pleymeyker funksiyasını üzərinə götürdü. Ramin Quliyev isə dərhal buna qarşılıq olaraq hücumda canlanma yaratmaq üçün Amadu Diallonu meydana buraxdı. Bu dəqiqəyə qədər həm hücumda, həm də tez-tez geri çəkilərək orta sahədə çox işləyən Xulio Sezar Rodrigesin yorulduğu üçün əvəzlənməsi başadüşülən idi. Bu dəyişiklikdən sonra Ramil Şeydayev hücumun mərkəzinə keçdi. Komandası ikinci hissədə o qədər yaxşı görünməsə də, Ramin Quliyev növbəti əvəzləmə ilə də müdafiəyə oturmağı deyil, hücumu düşündüyünü göstərdi.
 
4 aylıq həsrət bitdi, “Sabah” son pillədən qurtuldu
 
Oyuna nəzarətin itirildiyini görən bakılıların çalışdırıcısı dağıdıcı Mario Marinanın yerinə yaradıcı Dmitro Klotsu oyuna qoşmaqla hücumçuların zamanında topla təmin olunmasına çalışdı. Hesabın sürüşkən olmasına baxmayaraq, Ramin Quliyevin hücumdakı oyunçuların sayını azaltmamaqla cəsarətli addımını yalnız alqışlamaq olar. Bunun nəticəsində komanda əks-hücumlar zamanı rəqib müdafiəsinə kifayət qədər həyəcanlı anlar yarada bilirdi. Ümumilikdə son dəqiqələr “Qəbələ”nin üstünlüyü şəraitində keçsə də, “Sabah”ın ön xətt oyunçularının irəlidəki pressinqi sayəsində qonaqlar bütün komanda ilə hücuma atıla bilmədilər. Əlavə vaxtda künc zərbələri də bir nəticə verməyincə, “Sabah” 4 aylıq qələbə həsrətinə son qoyaraq, axırıncı pillədən qurtuldu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest