"Legiya"nın yarımmüdafiəçisi Sebastian Şimanski yerli mətbuata müsahibəsində "Qarabağ"ın müdafiəçisi Yakub Jezniçakı örnək götürüb. Matç.az saytı xəbər verir ki, 19 yaşlı futbolçu Kuba barədə müsbət fikirlər səsləndirib.

Ancaq o, 32 yaşlı arxa xətt oyunçusu qədər "Legiya"da qalmaq fikrində deyil: "Polşada hər kəs "Legiya"nın əfsanələrindən Yakub Jezniçak və ya Miroslav Radoviç olmaq istəyir. Jezniçak uzun illər bu klubun kapitanı olub. Ancaq mənim də öz arzularım var. Mümkün qədər yüksək yerlərdə oynamaq istəyirəm. Əgər hər şey məndən asılı olsa, "Legiya"da daha iki il qalmaq istəyərəm. Amma heç nəyə söz vermirəm".

"Legiya"nın 18 yaşlı futbolçusu Yan Qolinski də "Qarabağ"ın üzvünün ünvanına tərif yağdırıb. 10 ildi "Legiya"da olan və hazırda U-18 komandasına kapitanlıq edən Qolinski həmyerlisinin izi ilə getmək istədiyini söyləyib: "Ən çox bəyəndiyim əcnəbi futbolçu Karles Puyol olub. Ancaq mənim kumirim hər zaman Yakub Jezniçak olub".

"Legiya"nın U-18 komandasının məşqçisi Tomaş Sokolovski isə  Qolinskini məhz Jezniçaka bənzədib. O, bir il "Legiya"da çiyin-çiyinə çıxış etdiyi "Qarabağ"ın müdafiəçisi barədə müsbət fikirlər səsləndirib: "Kuba futbol virtuozu deyildi, ancaq o, xarakteri ilə fərqlənirdi. Xüsusən də, liderlik mövqeyində əhəmiyyətli idi. Yanın bəzi fiziki üstünlüyü ola bilər. Amma onlar arasında bənzərlikləri görürəm. Qolinski də Jezniçak kimi, paltardəyişmə otağında hörmətlə qarşılanır və liderdi. Ancaq Kuba kimi tarixə düşmək üçün onun hələ çox uzun yolu var".

Qeyd edək ki, 2004-2017-ci illərdə "Legiya"da çıxış edən Yakub Jezniçak 376 oyunda meydana çıxıb və bu, klub tarixinin ən yaxşı 4-cü göstəricisidi. Kuba eyni zamanda "Legiya"nın ən titullu futbolçusudu. O, varşavalıların heyətində 5 dəfə Polşa çempionu olub, 6 dəfə ölkə kubokunu, 1 dəfə isə Superkubokunu qazanıb. Müdafiəçi ötən il "Qarabağ"a məhz "Legiya"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest