Moldova ilə oyunun hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisi məşqlərini Bakı İdman Sarayında reallaşdırır.
 
Matc.az xəbər verir ki, bu gün səhər məşqindən sonra millinin əsas qol "silahı" Tyaqo Bolinya federasiyanın rəsmi saytına müsahibə verib.
 
- Dünən axşam və bu gün səhər məşqində iştirak etdin. Atmosfer necədir?
- Dünən Bakıya yeni gəlmişdim, uçuşla bağlı bir qədər yorğunluq var idi. Bu gün özümü daha yaxşı hiss edirəm. Hər şey qaydasındadır. Əlbəttə, hamımız oyun haqda düşünürük. Moldova millisi də hazırda yaxşı formadadır. Bizi çətin bir qarşılaşma gözləyir.
 
- Oyuna hazırıqmı?
- Hazırıq. Əvvəlki iki oyunda qələbə qazanmışıq. Artıq oyun təcrübəmiz də var. Düzdür, tam heyətlə məşq keçmək üçün vaxtımız çox az oldu. Ancaq ümumi vəziyyət xeyrimizədir. Uğurlu nəticə qazanacağımıza inanıram.
 
- Yunanıstanla oyundan sonra baş məşqçi yaradılan epizodları tam olaraq qola çevirə bilməməkdən şikayətlənirdi. Hücumçusan, nə mane olur?
- Razıyam, xüsusilə də Yunanıstana qarşı oyunda daha çox qol vurmalı idik. Epizodlarımız çox oldu. Sadəcə, istifadə edə bilmədik. Ola bilsin, uzun müddət idi bu cür oyunlar keçirmirdik, ondan qaynaqlanır. Ancaq meydana 3 xal qazanmaq üçün çıxırıq və arxada qalan 2 oyunda buna nail olduğumuza görə məmnunam. Lakin bu çatışmazlığı da yoluna qoymalıyıq.
 
- Moldovanın oyunlarını necə, izləmisən?
- İzləmişəm. Yaxşı rəqibdir, heyətlərində fərqlənən futzalçılar var. Onlara qarşı 3-4 matçda forma geyinmişəm və hər dəfə çətinliklə qələbə qazandığımızı vurğulamalıyam. Bu dəfə də görüş çətin keçəcək. Diqqətli olmalı, oyuna yaxşı köklənməli, vacib olan 3 xalı qazanmalıyıq.
 
- Şansları bərabər hesab etmək olar?
- Elə deməzdim. Biz dogma meydanda oynadığımıza görə, üstünlük tərəfimizdə olacaq. Favoritik, ancaq bunu meydanda göstərməliyik.
 
- Moldova ilə 2 oyunda qazanılacaq 6 xal millini qarşıya qoyduğu məqsədə çatdıracaqmı?
- Əlbəttə, 6 xal çox suala aydınlıq gətirəcək. Ancaq biz addım-addım məqsədə nail olmalıyıq. Hələ Moldova ilə 2 gün sonra keçirəcəyimiz oyuna köklənək. Bu görüşdə qələbə qazandıqdan sonra ikinci oyun haqda düşünməliyik. İndidən deyə bilmərik ki, 6 xal bizimdir.
 
- Azarkeşsiz oynamaq çətin deyil?
- çox çətindir. Nəzərə alsaq ki, millinin oyunları zamanı zala xeyli azarkeş gəlirdi, bunun ağırlığını başa düşmək çətin deyil. Ancaq dünyada baş verən proseslərin nəticəsi olaraq bu qərar qəbul olunub. ümid edirəm ki, final mərhələsinə qədər bu qadağalar aradan qaldırılar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest