Luka Modriç Xorvatiya millisindəki taleyinə aydınlıq gətirib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, ulduz futbolçu yığmadan getməyə hazırlaşmır.

O, milli karyerasını başa vuran Mario Mandzukiç, Daniel Subaşiç və Vedran çorlukadan fərqli, hələ də uğur qazanacaqlarına inanır. 33 yaşlı yarımmüdafiəçi hələ uzun müddət yığmanın formasını geyinməyi arzulayır: "Hamımız fərdi və kollektiv titullar qazanmaq istəyirik. Ancaq mənim üçün komanda ilə qazanılan kubokun önəmi daha böyükdü. Yığma ilə bağlı da ürəyimlə qərar verdim. çoxları dünya çempionatından sonra təqaüdə çıxacağımı düşünürdü. Ancaq mən buna hazır deyiləm. Gələcəkdə əldə ediləcək istənilən nəticə Rusiyadakı mundialda qazanılan gümüş mükafata kölgə sala bilməz. Milli komandanın formasını bacardığım qədər çox geyinəcəm".

"Qızıl top" mükafatının qalibi Avropa çempionatında da final hədəflədiklərini vurğulayıb: "Dünya çempionluğu üçün bütün titullarımı qurban verərdim. Təəssüf ki, bu, reallaşmadı. Ancaq qayıdarkən Zaqrebdə insanların bayram etdiyini görəndə, üzüntümüz xoşbəxtliklə əvəzləndi. İndi qarşımızda Avropa çempionatı durur. İlk növbədə seçmə mərhələ səddini aşmalıyıq. Maraqlı qrupa düşmüşük və gərgin mübarizə olacağını düşünürəm. Bəli, favorit bizik və insanları təəccübləndirmək fikrimiz yoxdu. ümid edirəm ki, Avropa çempionatında ən azı mundialdakı uğuru təkrarlayarıq".

Qeyd edək ki, Xorvatiya AVRO-2020-nin seçmə qrup mərhələsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək. Görüş martın 21-də Zaqrebdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest