İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanan Azərbaycan cüdoçusu Davud Məmmədsoyun  müsahibəsi

- 2013-cü ildə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənclər arasında Avropa çempionu olmusunuz. Böyüklər arasında ilk böyük titulunuzu qazandınız. Hansı hissləri keçirirsiniz?
- Hazırda özümü çox xoşbəxt hiss edirəm. Yarışdakı bütün görüşlər ağır keçdi. Amma sonda qələbə qazana bildim. Birinci görüşdə almaniyalı Morits Plafki, ikinci dueldə isə hindistanlı Vicay Yadavla qarşılaşmalar nisbətən çətin oldu.

- Yarışdan öncə qızıl medal qazanacağınıza inanırdınız?
- Elə də çox inanmırdım. Amma həmişə qalib olmağı hədəfləmişəm. Çox yaxşı hazırlaşmışdım. Hətta yarışdan bir neçə həftə əvvəl xəstələnmişdim. Amma özümdə güc toplaya bildim. Görüşlərdə qələbələr qazandıqca özümə inanım artdı.

- Xəstəliyiniz nə ilə bağlı idi?
- Soyuqlamışdım, temperaturum da var idi, qrip olmuşdum.

- Koronavirus testiniz mənfi oldu?
- Bəli. Koronavirusa yoluxmamışam

- Bu il 26 yaşınız olacaq. Böyüklər arasında ilk uğurunuzun bu qədər gecikməsinə səbəb nədir?
- Gənc yaşlarda uğurlarım çox olub. Sadəcə, ardıcıl 4 il müxtəlif səbəblərə görə əməliyyat olunmuşam. 2016 - 2020-ci illərdə zədələr başıma oyun açıb.

- Zədələr əsasən nə ilə ələqədar idi?
- Zədələr o qədər çox olub ki... Saymaqla bitməz. Əsas odur ki, indi yaxşıyam və formadayam.

- Böyüklər arasında kölgədə qalmağınıza səbəb Avropa çempionu Orxan Səfərovun (66 kq) son zamanlaradək sizin çəkinizdə mübarizə aparması ilə əlaqədar ola bilər?
- Qətiyyən. Mən belə düşünmürəm. O, nəticə verməyəndə belə, mən zədəli-zədəli gəzirdim. Orxan Səfərov və İlqar Müşkiyev mənim üçün həmişə yaxşı nümunə olublar.

- Qarşıdakı hədəfləriniz nədir: Gec də olsa, olimpiadaya lisenziya əldə etmək realdır?
- Zədələr olmasa, hər yarışda maksimum nəticə verməyi planlaşdırıram. Hazırda olimpiadaya düşmək üçün çalışıram. Demək olar ki, buna da az qalıb. Artıq xallar toplamışam və inanıram ki, toplamağa davam edəcəyəm. Olimpiadadan əvvəl isə Avropa və dünya çempionatı var. Bu yarışlarda da yaxşı nəticələr verə bilərəm.

- İdmançı karyeranız necə başlayıb?
- Şabran şəhərində doğulmuşam. 5-ci sinfədək orada, daha sonra paytaxtdakı Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Respublika Olimpiya İdman Liseyində idmanla məşğul olmuşam. 11-ci sinfədək liseydə çalışmışam. Ora mənim həyatımda, idmançı kimi yetişməyimdə öməmli rol oynayıb.

- 2016-cı ilədək Məmmədov soyadı ilə çıxış edirniz. Soyadınızı dəyişməyə əsas səbəb nə oldu?
- Bunun səbəbi millətimizə, tariximizə bağlılığımdır. Öz milli soyadımızın olmasını istədim və dəyişdirdim. report.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest